Rusiyadan Bəşər Əsədə növbəti zərbə

Kreml “S-300” raketlərindən sonra Suriyaya silah satışını da dayandırdı

Suriyada gərginlik davam edir. Həftə sonu hökumət qüvvələri ilə üsyançılar arasında gedən şiddətli döyüşlərdə 100-dən artıq insan həlak olub. Bəşər Əsəd rejimi üsyançıların dirənişindən qəzəblənərək müxaliflərin kompakt yaşadığı əraziləri, xüsusən də Həma və Homs şəhərlərinin ağır artilerriyadan atəşə tutulması əmrini verib. Top və raketlərdən istifadə olunan hücum zamanı yaşayış binaları dağılıb, onlarala dinc sakin həlak olub.

Ölkədəki zorakılığın dayandırılması və tərəflər arasında atəşkəsin əldə olunmasına çalışan dünya birliyi növbəti həmləyə əl atıb. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan Dəməşqə gedərək Bəşər Əsədlə görüşüb. 2 saat davam edən görüşdən sonra açıqlama verən Kofi Annan danışıqların konstruktiv keçdiyini və tərəflərin ölkədəki zorakılığa son verilməli olduğuna dair həmrəy olduqlarını bildirib.

Kofi Annan həmçinin Bəşər Əsədlə müzakirə etdiyi məsələlərin silahlı müxalifətlə də müzakirə edilməsi üçün Suriyada xüsusi heyətinin qalacağını bildirib. Xatırladaq ki, ötən həftə Kofi Annan öz sülh planının uğursuzluğa düçar olduğunu və müvəffəqiyyətli olmadığını etiraf etmişdi. Annan Dəməşqdən İrana yollanıb. O, İranda da Suriyadakı hadisələri müzakirə edəcəyini açıqlayıb. Aəfərdən öncə jurnalistlərə açıqlama verən Annan Suriyadakı mürəkkəb vəziyyətin aradan qaldırılması istiqamətində İran mühüm rol oynaya bilər.

Rusiyada isə xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşüb. Hüquq müdafiəçisi Mişel Kilonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Sergey Lavrov Suriyada baş verən silahlı münaqişələrin iqtidar və müxalifət arasında dialoqa mane olduğunu bildirib. Suriyadakı zorakılığın bir an öncə dayandırılmalı olduğunu söyləyən Lavrov “Annan planı”nın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mişel Kilo isə Rusiyanın Suriyanın strateji tərəfdaşı olduğunu söyləyib. O, mövcud vəziyyətin normallaşmasının həm Suriya müxalifətinin, həm də Rusiyanın maraqlarına uyğun olduğunu bildirib. Mişel Kilo Bəşər Əsəd rejiminin xalqın maraqlarına tələb vermədiyini vurğulayıb.

Bir neçə gün öncə Parisdə keçirilən “Suriyanın dostları” qrupunun toplantısında Bəşər Əsəd rejiminə hərbi və siyasi dəstək verdiyinə görə sərt tənqid olunan Rusiya geri addım atıb. Rusiya hökuməti Suriyaya silah satışını dayandırdığını açıqlayıb. Bəyanatda Suriyada hökm sürən gərgin vəziyyət düzəlməyənə qədər Rusiyanın bu ölkəyə silah satmayacağı bildirilib. Əlavə edək ki, Rusiya bir müddət öncə Suriyaya “S-300” raket komplekslərinin satılmasını nəzərdə tutan müqaviləni dondurmuşdu.

Bəşər Əsəd rejiminə dəstəkdə ittiham olunan Rusiyanın gözlənilməz qərarını şərh edən ekspertlərin fikrincə, Kreml artıq Suriyada hakimiyyət dəyişikliyinin qaçılmaz olmasıyla razılaşıb. Sadəcə Bəşər Əsəddən sonra hakimiyyətə islamçıların gələcəyindən narahat olduğu üçün dirəniş göstərir. Ekspertlərin sözlərinə görə, Paris konfransında ABŞ dövlət katibi Hillari Klintonun Əsəd rejiminə dəstək verdiyi üçün Rusiya və Çinin cəzalandırılması təklifi Kremli qorxuya salıb. Rusiya birdən olmasa da, tədricən Bəşər Əsədə verdiyi dəstəyi dayandıracaq.