Keçmiş deputat hakimiyyəti necə ifşa etdi?

Prezident Administrasiyası deputat siyahılarını səhv salıb

 

Parlamentin keçmiş deputatı Cəmil Həsənli mətbuata verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib. C.Həsənli parlamentə düşəcək deputatların siyahısının əvvəlcədən bəlli olduğunu deyib. Əlbəttə ki, bu yeni xəbər deyil və bununla heç kimi təəccübləndirmək olmaz. Lakin diqqətçəkən məqam başqadır. Keçmiş deputat diqqəti Prezident Administrasiyasında yol verilən bir səhvin üzərinə yönəldib.
Belə ki, 2010-cu ilin sentyabr ayının 2-də, parlament seçkisinə hələ iki ay qalmış Dövlət Bayrağı meydanının təntənəli açılış mərasiminə dəvət ediləcək deputatların siyahısı səhv düşüb. Nəticədə tədbirə fəaliyyətdə olan deputatlar deyil, 2010-cu ilin noyabrın 7-də keçiriləcək parlament seçkisində “seçiləcək” deputatlar, Prezident Administrasiyasında artıq hazır olan siyahıdakı şəxslər dəvət edilib. Təxminən 40-a yaxın fəaliyyətdə olan deputat isə tədbirə dəvət edilməyib. Seçkidən sonra isə bəlli olub ki, bunlar seçilməyən deputatlardır.
Keçmiş deputatın səsləndirdiyi bu fikirlər maraqla qarşılansa da, təəccüb doğurmur.
Deputatlığa keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlu seçiləcək deputatların siyahısının nəinki Prezident Administrasiyasında, hətta icra hakimiyyətlərində olduğunu deyir. S.Cəlaloğlu bununla bağlı seçkidən on gün əvvəl hətta dövlət başçısına müracəit etdiyini də bildirdi: “Iki ay əvvəldən bilirdik ki, hansı dairədən hökumət kimi seçdirəcək. Təsadüfi deyil ki, seçkilərdən on gün qabaq prezidentə məktub yazdım və Aytən Mustafayevanın saxta yollarla seçilməsi üçün Nəsimi Rayon Icra Hakimiyyətində hazırlıq işlərinin getdiyini bildirdim. Prezident Administrasiyasından heç bir reaksiya olmadı. Bu da onu göstərdi ki, doğrudan da deyilən faktlar doğrudur”.

Fizzə