qebele-semedqurbanov

“Qəbələ” İlham Əliyevin kürəkəninə verildi

qebele-semedqurbanovHeydərovun futbol klubu bundan sonra Səməd Qurbanovun nəzarətində olacaq

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iqtisadi güc kimi siradan çıxarılması və biznes sturukturlarının hakim ailə tərəfindən ələ keçirilməsi prosesi davam edir. Məlumat üçün deyək ki, hazırda hakimiyyət daxilində biznes strukturlarının və gəlir mənbələrinin vahid mərkəzdə birləşdirilməsi prosesi sürətləndirilib.
Yayılan xəbərlərə görə, hakimiyyətin əsas gücü olmağı qarşısına məqsəd qoymuş Paşayevlər klanı (bu, həm də hakim ailə kimi başa düşülməlidir-red.) rəqib klanların biznes imperiyalarını ələ keçirməyə başlayıb. Təbii ki, bu prosesdə diqqətlər daha çox ölkənin ikinci ən güclü şəxsi kimi qələmə verilən Kəmaləddin Heydərovla Paşayevlər arasında gedən iqtisadi savaşa yönəlib.
Xarici və yerli mətbuatda Ilham Əliyevdən sonra ikinci ən güclü və nüfuzlu şəxsin Kəmaləddin Heydərov olması barədə rəylər “fövqəlnazir”in digər rəqiblərindən fərqli olaraq tez-tez hakim ailənin hədəfinə çevrilməsini şərtləndirən amillərdən biridir. “Fövqəlnazir”ə məxsus bir neçə şirkətin əsas səhmdarı olmaq haqqının hakim ailənin üzvlərinə verilməsi də bu qəbildəndir. “Azadlıq”a daxil olan növbəti məlumatda deyilir ki, Heydərovun milyonlarla dollar sərf edərək qurduğu və oğlu Tale Heydərovun idarəçiliyinə verdiyi “Qəbələ” futbol klubu ondan alınaraq hakim ailənin nəzarətinə verilib.
Mənbə əlavə edib ki, futbol klubunun prezidenti postunu tutan Tale Heydərov da vəzifəsindən uzaqlaşdırılıb. “Qəbələ”yə rəhbərlik və nəzarət Ilham Əliyevin ikinci kürəkəni Səməd Qurbanova tapşırılıb. Hazırda klub Səməd Qurbanova yaxın şəxslər tərəfindən idarə olunur. Komandada ciddi kadr islahatları aparılmasa da, artıq Heydərovun adamları tamamilə tərksilah olunub. “Qəbələ” klubu ilə bağlı qərarlar birbaşa olaraq hakim ailə tərəfindən verilir.

İnformasiya şöbəsi