“Serious Fraud Office” (dələduzluqla əlaqəli ciddi işlərin istintaqını həyata keçirən idarə.E.H) BP şirkətində rüşvətxorluqla bağlı istintaq hərəkətlərinə başlayıb. Bu barədə “The Daily Telegraph” xəbər yayıb. Mühəndislik layihələri ilə əlaqədar rüşvət iddiaları podratçı ilə bağlıdır. Adı çəkilməyən podratçı ötən il bu məsələ gündəmə gələndən sonra özü istintaqa müraciət edib. Ortada rüşvətlə bağlı konkret təklif olmasa da, podratçının günahı varsa, BP də məsuliyyət daşımalı olacaq.
Əgər hadisə ötən ilin 1 iyunundan sonra olubsa, həm BP,həm də podratçı rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qəzet yazır ki,bu istintaq araşdırması BP üçün son dərəcə həssas bir məqamda həyata keçirilir. Şirkət Azərbaycanın Şah Dəniz yatağından çıxardığı qazı Avropaya ötürməyə hazırlaşır. 25 milyard dollarlıq əməliyyat ərəfəsində belə bir hadisənin baş verməsi şirkət üçün arzu olunmazdır. Bu layihə ilə həm də Avropanın Rusiya qazından asılılığı aradan qalxacaq.
Adının çəkilməsini istəməyən BP nümayəndəsi deyib ki, istintaq BP-nin bu rüşvət iddiasında əli olduğunu və ya ondan faydalandığını iddia etmir. O, bu hadisənin “bir müddət əvvəl” baş verdiyini deyib və digər təfərrüatları açıqlamaqdan imtina edib.
Adı hələlik çəkilməyən podratçı şirkət rüşvətlə bağlı məlumatı ötən il özü SFO-a təqdim edib. Rüşvətin BP işçiləri tərəfindən verildiyinə dair heç bir iddia olmasa da, Telegraph qəzeti güman edir ki, podratçı müqəssir bilinirsə, BP də cavabdeh kimi məsuliyyətə cəlb oluna bilir.
“Əgər rüşvət halı ötən il iyulun 1-dən sonra baş veribsə, həm BP, həm də podratçı Rüşvət Aktı ilə istintaqa cəlb oluna bilər. Bu akta görə, istənilən şirkət öz işçiləri, agentləri və podratçıları tərəfindən edilən cinayətlərə görə, məsuliyyət daşıyır”.
BP nümayəndəsi rüşvət iddialarının Şah Dəniz layihəsilə bağlı olmadığını desə də, hansı layihə haqqında olduğunu söyləməkdən imtina edib. (BBC Azeri)


