AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin həbsxanadakı oğlu Vasif aclıq aksiyasına başlayıb. Xəbəri “Azadlıq”a T. Mirələmli verib: “Bu gün səhər Şüvalan türməsindən zəng edib dedilər ki, məlumatınız olsun: oğlunuz Vasif iki gündür aclıq edir”.
Aclığın səbəbi Şirvan Apelyasiya məhkəməsinin qərəzli qərarıdır. T. Mirələmlinin məlumatına görə apelyasiya məhkəməsinin heç bir araşdırma aparmaması, onların vəsatətlərini müzakirəsiz rədd etməsi və ağaığı instansiyanın hökmünü qüvvədə saxlaması bu aksiyaya səbəb olub: “Vasif elə məhkəmədə demişdi ki, işə ədalətli baxılmasa aclıq edəcək”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmovu 8 il azadlıqdan məhrum edib. 1996-cı il təvəllüdlü Vasif Mirələmov oxuduğu Cəlilabad rayon 7 saylı orta məktəbin X sinif şagirdi Cavanşir Həsənlini qətlə yetirməkdə günahkar bilinir. Hadisə ötən il aprelin 5-də baş verib. Həmin vaxt Vasifin atası Təzəxan Mirələmli müxalifətin 2 aprel aksiyasında ağır xəsarət alaraq xəstəxanada müalicə olunurdu. Cavanşir Həsənli Vasif Mirələmliyə atasının mitinqdə iştirakı, tutduğu siyasi mövqe ilə bağlı qıcıqlandırıcı sözlər deyib və bu zəmində onların arasında münaqişə yaranıb. Cavanşir Həsənli bıçaq yarası ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Natiq


