“Analoqsuz inkişaf” və gerçəklik
Almaniyada uşağın bir yaşından onun adına Ipoteka krediti sənədləşdirmək mümkündür
Hakimiyyət təmsilçiləri hökumətin əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını, bu istiqamətdə müxtəlif proqramlar həyata keçirdiyini bəyan edir. Eyni zamanda ölkəmizin bu sahədə də regionda lider olduğu barədə həvəslə söz açırlar. Lakin real mənzərə tamamilə fərqlidir. Bunu kiçik araşdırma nəticəsində də ortaya çıxarmaq olur.
Azərbaycanda büdcə təşkilatlarında çalışanların əmək haqları barədə dəfələrlə söz açılıb. Məlumdur ki, bu sahədə ölkəmiz nəinki inkişaf etmiş ölkələr, hətta MDB dövlətlərindən də geridə qalır. Əhalinin digər təbəqələrinə göstərilən “qayğı” da ürəkaçan səviyyədə deyil. Məsələn, rəsmilər uşaqlara və gənclərə qayğının ildən-ilə artdığını deyir. Bəs əslində vəziyyət necədir? Məlumat üçün deyək ki, ölkəmizdə işləyən ana analıq məzuniyyəti dövründə hər ay üçün 20 manat müavinət alır. Əgər ana uşağı 1 yaş yarıma çatanadək evdə oturarsa, eyni müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Işləməyən analar isə bundan da məhrumdur. Onlar yalnız birdəfəlik 75 manatlıq yardım alır. Bununla da dövlətin uşağa və onu dünyaya gətirən anaya qayğısı bitir. Başqa ölkələrə nəzər salanda vəziyyətin tamamilə fərqli olduğunu görmək olur. Əksər ölkələrdə analıq məzuniyyətinə çıxan qadınlar dövlətdən müavinət, uşaq doğulandan sonra isə birdəfəlik müavinətlə yanaşı övladı ən azı 18 yaşına çatana qədər də “uşaq pulu” alır. Avropa ölkələrində hamilə qadınlar analıq məzuniyyətində olduqları müddətdə əmək haqqını tam şəkildə alır. Uşaq dünyaya gələndən sonra isə birdəfəlik müavinət və ən azı 18 yaşına qədər müavinət verilir.
MDB-də ən pis vəziyyət Azərbaycandadır
Məsələn, Rusiyada ailədə doğulan birinci uşağa görə birdəfəlik müavinət 400 dollardan artıqdı. Uşaqların sayı artıqca, məbləğ də artır. Həmçinin hər bir uşaq 18 yaşına çatana qədər bu pulu alır. Ermənistanda isə birinci və ikinci uşaq üçün 135 dollar, üçüncü uşağa görə isə 1200 dollar müavinət verilir. Yaşayış minimumu 70 dollar olan düşmən ölkədə hər bir uşaq 18 yaşına qədər 95 dollar müavinət alır. 7 yaşına qədər bütün uşaqlara isə pulsuz tibbi xidmət göstərilir.
Ukraynada hamiləlik dövründə əmək haqqını tam şəkildə alan analar birinci uşaq doğulandan sonra 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət alır. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda da hamiləlik dövründə qadınlar əmək haqqını tam şəkildə ala bilir. Dünyaya gətirdiyi birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət alır. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Avropada uşağa diqqət dünyaya gəlməzdən əvvəl başlayır
Avropa ölkələrində hamiləlik dövründə analıq məzuniyyətində olan qadınlara əmək haqqı tam şəkildə verilməklə yanaşı, uşaq dünyaya gələndən sonra müavinət verilir. Məsələn, Latviyada bu məbləğ 560 avro təşkil edir. Avstriyada birinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.
Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Bu ölkədə uşaq 25 yaşına çatana qədər müavinət alır. Bu ölkədə uşaq bağçaları ödənişli olsa da, yoxsul hesab edilən ailələrin övladları ödənişdən azaddır. Belə ailələrə dövlət tərəfindən uşaq geyimi, araba, çarpayı, hətta tozsoran da verilir.
Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Üçüncü uşağı dünyaya gətirməyə hazırlaşan qadın hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. Ailənin hər üzvünə aylıq gəlir 5 min avrodan az olan ailələr hər övladının üç yaşına qədər əlavə 180 avro alır. Avropanın əksər ölkələrində vəziyyət oxşardır. Avstriya, Belçika, Danimarka, Ispaniya, Fransa, Finlyandiya və Isveçdə isə uşaq doğulandan atalara da bir neçə günlük ödənişli məzuniyyət verilir.
ABŞ-da da hamiləlik dövründə əmək haqqını tam şəkildə alan qadınlar hər uşağa görə aylıq 680 dollar müavinət alır. Bəzi ştatlarda bu göstərici daha yüksəkdir. Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt-sterlinqdən artıqdır.
Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.
Isveçrədə analar 18 yaşına qədər hər uşağına görə 345 dollar, Avstraliyada isə 540 dollar pul alır.
Ərəb uşaqları 20 min müavinət alır
Azərbaycandan fərqli olaraq təbii sərvətlərini xalqın rifahı üçün xərcləyən dövlətlərdə bu sahədə vəziyyət digərlərinə nümunə ola biləcək dərəcədə yaxşıdır. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar, Birləşmiş Ərəb Əmirliyi isə 20 min dollar müavinət ödəyir. Uşaqların sayı artıqca onlara verilən müavinətin həcmi də artır. Üstəlik, bu dövlətlərdə çoxuşaqlı ailələrə dövlət güzəştlər edir, hətta dövlətə olan borcları da bağışlanır.
Fizzə


