ABŞ prezidenti Barak Obamanın Ohayo ştatında Akron şəhərində “Anns Place” restoranında səhər yeməyi yeməsi restoran sahibəsi üçün düşərli olmayıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, prezident seçkiləri kampaniyası ilə bağlı Akron şəhərində olan Barak Obama restoranın sahibəsi Cozefin Harrislə şəxsən görüşüb.
ABŞ prezidenti sifariş etdiyi səhər yeməyini yedikdən sonra Cozefin Harrisə təşəkkür edib. Barak Obama restoranı tərk etdikdən yarım saat sonra Cozefin Harris sinəsində ağrıdan şikayətlənib. O, xəstəxanaya aparılıb, reanimasiya şöbəsində yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Cozefin Harris ürəktutmasından həyatını itirib. Ağ Evin mətbuat katibi Cey Karni deyib ki, Barak Obama Cozefin Harrisin qızına zəng açıb və başsağlığı verib.
Şahidlər bildiriblər ki Cozefin Harris Barak Obama ilə görüşən zaman çox həyəcanlı olub.