Ədliyyə Nazirliyi və Baş Prokurorluq siyasi məhbus Mehman Qələndərovun Kürdəxanı istintaq təcridxanasında ölümü ilə bağlı birgə məlumat yayıb.
Məlumatda əvvəlcə Qələndərovun 7 fevral 2017-ci il tarixində saxlanıldığı və ona qarşı 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürüldüyü, sonradan ittihamın 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinə tövsif edildiyi bildirilir.
Daha sonra qeyd edilir ki, Qələndərov aprelin 28-də Bakı Vahid İstintaq Təcridxanasının 2 saylı korpusun saxlandığı 57 saylı kamerasında döşək üzünü pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asıb.
Məlumatda deyilir ki, faktla bağlı Penitensiar Xidmət araşdırma aparıb və prokurorluğa məlumat verib. Sabunçu rayon Prokurorluğunun əməkdaşları Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, maddi sübutlar götürüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Press-relizə əsasən, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə meyit Mərkəzi Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
Məlumatda deyilir ki, ilkin araşdırma zamanı istintaq təcridxanasının əməkdaşları tərəfindən Qələndərova təzyiq göstərilməsi, işgəncə və ya digər qanunsuz əməllərə yol verilməsi müəyyən edilməyib. Bununla belə, xidməti araşdırma zamanı vəzifələrini layiqincə yerinə yetirməyən təcridxana nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub.
Bildirilir ki, iş Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib. Qələndərovun özünü öldürmə həddinə çatdırılmasının halları araşdırılacaq və qanuna uyğun qərarların qəbul edilməsi təmin ediləcək.