Dekabrın sonu və yanvarın əvvəli siyasət baxımından həmişə kasadlıq olur. Amma indi bunu iddia etmək bir qədər çətindir, çünki çoxlu sayda hadisələr var ki, onların hər biri bir yazının predmeti olmağa layiqdir. Bəli, belə nəticə alınır ki, necə deyərlər, mülayim havalar bizə həm düşür, həm də düşmür.
Bu, sizlərə ziddiyyətli görünməsin. Havalar mülayim olanda ölkədə bir həyat olur. Amma mülayim havalar bizim sərt insanlara təsir etmir, onlar əvvəllər necə idarə edirdilərsə, indi də elə idarə edirlər. Hə, bir rus filmində deyilir ki, təbiətdə pis hava olmur. Bu məntiqi davam etdirərək demək olar ki, bizim məmurlar, siyasətçilər üçün əlverişsiz hava olmur, çünki onların ixtiyarında çox etibarlı bir cəmiyyət və ölkə var. Bu günlərdə mənə iki hadisə çox təsir etdi. Biri almaz üzük tapmış amerikalının onu qaytarması, o biri isə benzin ajiotajı idi. Əgər biri toxluqdan, sabitlikdən xəbər verirdisə, o birisi əksinə, qorxunun, təminatsızlığın və qeyri-sabitliyin təzahürü idi. Birinci hadisə aydındır, Amerikada çox şey baş verə bilər və bir çox hallarda bizlər bunları anlamaqda çətinlik çəkirik, çünki bizi okean ayırır, elə bütün mənalarda. O biri hadisə isə mənim marağıma səbəb oldu, özü də bir neçə səbəbdən. Indi bunları birinci sinif şagirdi kimi bircə-bircə sadalamaq fikrində deyiləm. Iki məqamı qeyd etmək istərdim. Birincisi, bizim insanların davranışı mənə o qədər də aydın olmadı. Insanlar niyə yanacaq məntəqələrinə cumdular? Lap tutaq ki, bir neçə günlük benzin ehtiyatı gördülər. Bu nəyi dəyişəcəkdi? Bir neçə günlük ehtiyat qurtarmayacaqdımı? Bəlkə onu satıb bir-iki manat “irəli düşəcəkdilər?”. Hər halda aydın deyil. Ikincisi, biz inkişafdan və sabit iqtisadi durumdan danışırıq, amma insanlarımız sanki iynə üstündə oturub, hər an qiymət artımı, böhran gözləyirlər. Inkişafımızın Azərbaycan modeli budurmu? Adi bir şayiə aləmi biri-birinə qatırsa, bunun harası dayanıqlı iqtisadiyyatdır? Qərəz, giley-güzar, irad çoxdur. Dayanıqlıq nəzəriyyəsini bilməsəydim bəlkə də məndə bu qədər sual yaranmazdı, amma onu bilirəm və elə ona görə də deyirəm ki, dayanıqlı sistemlər belə olmur. Çox qəribədir və həm də anlaşılmazdır, indi fəlsəfə və iqtisadiyyat heç vaxt olmadığı kimi dəqiq elmlərin anlayışları ilə doludur. Bəs görəsən, bunu bizim filosoflarımız və iqtisadçılarımız niyə nəzərdən qaçırırlar? Yoxsa elə P.Laplas demişkən, onların belə hipotezlərə ehtiyacı yoxdur? Aydın olsun deyə, qısa bir tarixi arayış verim. N.Bonapart P.Laplasın “Səma mexanikası”nı vərəqləyəndən sonra alimə deyir ki, sizin əsərinizdə Yaradanın adı çəkilmir. P.Laplas da öz növbəsində qayıdır ki, mənim belə bir hipotezə ehtiyacım olmayıb və cavab imperatoru susmağa məcbur edir.
Böyük siyasətdə nə baş verir?
Böyük siyasətin elə sükutu da böyükdür. Prezident seçkisi ilə bağlı mövcud olan iki dəfəlik məhdudiyyətin götürülməsi böyük siyasi çəkişmələrin, hətta savaşların qarşısını aldı. Indi hakimiyyət dəhlizlərində heç vaxt olmadığı tək sükut var, çünki üçüncü müddət üçün problem yoxdur. Sizi inandırıram ki, əgər bu məhdudiyyət aradan qaldırılmasaydı indi biz çox maraqlı, mürəkkəb siyasi gedişlərin şahidi olacaqdıq. Bu, sanki şahmata bənzəyir, hamı birinci gedişi böyük səbrsizliklə gözləyir və birinci gediş ediləndən sonra bir qədər sakitlik yaranır. Bir vaxtlar, lap çoxdan, elə müxalifət düşərgəsində “təşkilat bəlli, lider bəlli, hədəf bəlli!” şüarı vardı. YAP-ın indiki durumu elə bu şüarı xatırladır, hər şey bəllidir. Düzdür, indilər saray gizlinlərinə baş vurmaq və orada baş verənləri analiz etmək olar, çünki əsl siyasi proseslər məhz elə bu çevrədə cərəyan edir. Amma bunun üçün nə informasiya, nə də mənbə var.
Kiçik sözardı
Bütün məntiqlərə görə 2011-ci il maraqlı olmalıdır. Amma siyasətin məntiqi bir ayrı şeydir, formal məntiqdən fərqlənir. Nəsə haqqında bir fikir yürütmək üçün ssenarilər olmalıdır. Indilər belə ssenarilər yoxdur, daha dəqiq desək, bütün ssenarilərin müəllifi elə hakimiyyətdir. Buna məntiq nə etsin?