“Stolıpin”in Stalinə nə dəxli var?

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Hər ayın 4-ü, 14-ü və 24-ü Bayıl türməsinə Gəncədən “yatab” gələrdi.
“Yatab” da maraqlı kriminal termindir. Ümumiyyətlə, bu terminologiyanın maraqlı və işgəncəli tarixi var. Dustaq dediyin işgəncə predmetidir. Hətta azadlıqların məhdudlaşdırılması belə, işgəncədir. Üstəlik, azadlıqların məhdudlaşdırılması və ya azadlıqdan məhrum edilmə qanuni əsası olan işgəncədir. Həbsxana isə qanuni əsası olmayan işgəncələrin oylağıdır (Guya, hansısa işgəncə növünün qanuni əsası varmış).
“Yatab” da bu işgəncə növlərindən biridir. Adi halında, bu, dustağın bir həbsxanadan o birinə aparılması kimi sadə nəqliyyat deməkdir; rus dilində sənədləşdirmələrdə “etapirovaniye” kimi qeyd edilir, Azərbaycan dilində isə “yatab” şəklində. Amma bu yerdəyişmə o qədər aşağılayıcı, o qədər qeyri-humanist metodlarla aparılır ki, onun qəsdən düşünülmüş işgəncə olmadığını kimsə iddia edə bilməz. Nəinki Gəncədən Bakıya və ya uzaq rayonlardan mərkəzi türmələrə, hətta Bakının içində də türmədən məhkəmələrə aparılma – “etap” ən yaramaz texniki vasitələrlə həyata keçirilir. Bu yaramaz texniki vasitə “Voronok” adlanan avtomobildir. Avtodükan tipli bir yük maşını…
Amma Gəncədən Bakıya gətirilən dustaqlar dəmiryolu ilə gətirilir. Sərnişin qatarına xüsusi bir vaqon qoşulur. Bu xüsusi vaqon “Stolıpin” adlanır. Savadsız dustaq mühiti belə hesab edir ki, “Stolıpin” sözü “Stalin” sözünün təhrif edilmiş formasıdır. Buna görə də uyğunlaşdıraraq belə rəvayət danışırlar: “Stalin deyib ki, dustağa əziyyət vermək istəyirsinizsə, onu davamlı olaraq ”yatab”larda hərləyin”. Mənim Stalinə zərrə qədər də simpatiyam yoxdur. Onun belə bir söz deyə biləcəyini də ağlımdan keçirmirəm. Stalin, zatən, “əziyyət”, “əzab”, “işgəncə” və bu qəbildən olaraq get-gedə qatılaşan sözlərin sinonimi kimi də işlənə bilər. Amma “Stolıpin” sözünün Stalinə heç bir aidiyyəti olmamalıdır. Hətta tarixi nə zamansa oxuyan, müəyyən mənsəb-filan qazandıqdan sonra qazamata düşmüş adamlardan da bu identifikasiyanı eşidəndə dilxor olurdum. Buna görə də ilk növbədə məni əhatə edən cinayətkar aləmə başa salırdım ki, Stalinin üzərində olan yaramazlıqlar kifayətdir və ona əlavə böhtan atmağa ehtiyac yoxdur.
“Stolıpin” sözü Rusiyanın tarixi ilə bağlı bir sözdür. Sonuncu rus çarı Nikolayın bir baş naziri vardı, Stolıpin, onun bir aqrar islahat proqramı olub. Bu aqrar islahat Rusiyanın ucqarlarında kənd təsərrüfatının inkişaf etdirilməsi üçün fövqəladə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Fövqəladə tədbirlərə Mərkəzi Rusiyadan avara rus mujiklərini ailələri ilə birlikdə ucqarlara köçürmək də daxil idi; bu rus mujikləri Mərkəzi Rusiyada, onsuz da “samoqondan”-zaddan içib ölürdülər. Köçürmə yerlərində isə onlara həyətyanı sahə, fərdi təsərrüfat üçün natural kredit – inək, qoyun, donuz verilirdi, ailəlilərin ev tikməsi üçün yardımlar ayrılırdı. Rus mujikləri Mərkəzi Rusiyada isti saydıqları ocaqlarını qoyub ucqarlara köçmək istəmirdilər. Bu halda baş nazirin direktivlərinə əsasən, onları taxta vaqonlara doldurub nəzərdə tutulan yerlərə zorla köçürürdülər. Həmin vaqonların adı da rus mujik tarixinə “Stolıpin” kimi düşdü. Rusiyanın ucsuz-bucaqsız ucqarlarında yeni tikilən həbsxanalara da dustaqlar bu qatarlarla daşınırdı və buna görə də “Stolıpin” sözü Rusiya mujikləri ilə rus cinayətkarlarının ortaq termininə çevrildi. Bu sözün Stalinə heç bir dəxli yoxdur. Gəncədə Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmiş (əslində, bir dustaq olaraq dövlət sirləri mənim vecimə də olmamalıdır; bu “N” saylı, filan kimi ifadələri də xüsusi olaraq həmin məqsədlə işlətmirəm; sadəcə, Gəncədəki həmin hərbi hissənin nömrəsini dəqiqləşdirmək nə mənə lazımdır, nə də bu kitabı oxuya biləcək real və potensial dustaqlara), amma orada xidmətini yarıda qırmağa məcbur olmuş leytenant Yaşara da “Stolıpin”in o dərəcədə dəxli vardı ki, onu həmin vaqonla Bakıya gətirib Bayıl türməsinə yerləşdirmişdilər.
Yaşar ucaboylu, gənc adam idi. Fiziki baxımdan qüvvətli idi. Onun gəlib çıxdığı zamana qədər bizim kameranın ən qüvvətli adamı olan Nəbinin gözü onu yemirdi. Hətta bir dəfə “proqul”da bel-belə girişdilər və məlum oldu ki, Yaşar Nəbini yıxar. Sadəcə, bu daş döşəməli darısqal yer qurşaq tutulası meydan deyildi. Yaşar qoluzorlu olduğu qədər də sakit, təvazölü bir adam idi. Hərdən zarafatla: “Sənə baxanda bütün polislərə rəğbətim artır”, – deyirdim. O da bu cür komplimentləri nəzakətlə qəbul edirdi.
Yaşar qatı cinayətkar-filan deyildi. Adi hərbçi idi. Onun qulluq etdiyi hərbi hissədə, rəhbərlik etdiyi tağımın böyründə bir ölüm işi olmuşdu. Buna görə də onu tutmuşdular. “Ölüm işi”, – yəni intihar. Özünün dediyinə və ittiham aktında rəsmən yazılana görə, hadisə baş verən zaman intihar edən əsgər Yaşarın tağımında olmayıb, öz istəyi ilə başqa tağıma köçürülüb. Oraya köçürüləndən bir neçə gün sonra əsgər intihar edib. Sabiq tağım komandiri olaraq onu da cənazəni aparan qrupa daxil ediblər. Açığı, mən heç cür başa düşmədim ki, bu cinayət işinin Yaşara nə qədər dəxli vardı. “Stolıpin”in Stalinə dəxli olduğu qədər bir şeydi. Ittiham aktı və sair sənədlər kamerada, Yaşarın çarpayısının altındakı çantada idi. Mən həmin sənədlərə dəfələrlə baxdım; təbii ki, Yaşarın özünün təkidilə. Yoxsa, başqasının ittiham sənədlərinə icazəsiz baxmaq ağır qəbahətlərdən sayılır. Götürdüm, oxudum, bir də oxudum, əlimdə ağır-yüngül etdim, o üzünə-bu üzünə baxdım,.. ağlım bir şey kəsmədi: “Adam, 27 ildir ki, bu dünyada yaşayırsan. Necə ola bilər ki, bu 27 ildə sənin qonşularından kimsə hansısa bir cinayət törətməyib?”
Yaşar yaddaşını qurdalamağa başladı. O, Şəmkirin Alabaşlı kəndindən idi. Yaddaşını da oraya qədər qurdalayırdı ki, qonşularından kiminsə cinayətkar olub-olmadığını dəqiqləşdirə bilsin. Amma yarıda kəsdi:
– Müəllim, bunun mətləbə nə dəxli var?
– O dəxli var ki, bu zamana qədər səni tutmayıblarsa, deməli, qonşularının heç birinin cinayəti olmayıb. Axırda qonşu tağımda baş verən cinayət hadisəsinə görə səni tutub içəri atıblar. Buna görə də çabalamağın mənası yoxdur. Sənə bir neçə il iş verib zona göndərəcəklər. Yaxşısı budur, indidən maraqlan, səni 9-cu zona göndərsinlər. Ora polislər üçün olandır. Adi zonda səni yola verməzlər. Yekəliyinə də qürrələnmə. Zatən də qürrələnmək fikrində olana oxşamırsan.
Gəncədə bir ay həbsxanada saxlanılan, sonra Bakıya – Bayıla gətirilən, buradan məhkəməyə çıxarılıb 4 il yarım iş alan leytenant Yaşar axıra qədər elə bilirdi ki, burada hansısa anlaşılmazlıq olub. Doğrudur, o qədər də küt deyildi və başa düşürdü ki, bu anlaşılmazlığı yoluna qoymaq üçün ondan rüşvət-filan da istəyə bilərlər. Hətta arada oturub hansı qohumdan nə qədər borc ala biləcəyini, qayınatasının təmənnasız olaraq nə qədər pul tapa biləcəyini də hesablayırdı. Nə qədər saysa da, 10 min manatı keçmirdi. Mən isə ona təsəlli verirdim:
– 10 min bəsdir. Bu qədər tapsan, 4-cə il işin var, 2 il oturub çıxarsan. Sonra da elə-belə bir işin qulpundan tutub borclarını qaytararsan, həyatını yenidən ütüləyərsən. Sənin nə yaşın var ki?! Qorxma, hər şey yoluna düşəcək, sən nə birincisən, nə də sonuncu…

Ardı var