“Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi”

«Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi adından müxalif saytlarla bağlı məhkəmə iddiası qaldırılması çoxdan baş verən məsələləri qanuniləşdirmək cəhdidir».

Bu sözləri Azadlıq Radiosuna Azadlıq qəzetinin baş redaktoru, Azərbaycanın hüdudlarından kənardan peyk və internet vasitəsilə yayımlanan «Azərbaycan saatı» televerilişinin, Turan telekanalının rəhbəri Qənimət Zahid deyib.

«Bundan başqa, bu, saytların bağlanmasının arxasında məhz hökumətin durduğunu təsdiq edir. Baxmayaraq ki, indiyədək onlar bundan boyun qaçırırdılar», – Q.Zahid bildirib.

Q.Zahid deyib ki, məhkəmədən ədalətli qərar gözləmir. «Çünki söhbət siyasi sifarişdən gedir», – o vurğulayıb.