Turistlərə “gəlmə” deyən hotel qiymətləri

Azərbaycanda 500-dən çox hotel var. Bu mehmanxanalar yalnız ulduz təsnifatına görə deyil, həm də təqdim etdiyi xidmətlərə və keyfiyyət səviyyəsinə görə fərqlənir.
Bölgələrdə olan hotelləri paytaxt sakinlərinə daha yaxından tanış etmək üçün Turizm.fins.az həmin qonaq evlərindən silsilə materiallar təqdim edəcək. Bu dəfə “Gəncə Ramada Plaza” haqqında məlumat verəcəyik.
Mehmanxana Gəncə şəhəri Nizami Gəncəvi prospekti 519-də yerləşir. Hotel Gəncə hava limanının yaxınlığındadır, bu da şəhərə təyyarə ilə gələnlərə hotelə çatmağa yardımçı olur.
“Gəncə Ramada Plaza” 10 mərtəbəli binadan, kottec və villalardan ibarətdir. Hoteldə 181 nömrə var. 2 mərtəbəli kotteclərin sayı isə 6-dır. Kotteclər 2 otaqlıdır.

Qiymətlər

Hoteldə standart, comfort, junior suits, corner suits, executive villas, Cavadxan suit və Nizami suit nömrələri turistlərin xidmətindədir.
Qonaqlama qiymətlərinə gəlincə, standart nömrədə bir nəfərin qonaqlaması 120 manat, iki nəfərin qonaq olması isə 140 manatdır. Comfort nömrələrdə isə bir nəfər 140, iki nəfər isə 160 manata gecələyə bilər. Corner suits otaqlarda qonaqlamaq istəyənlər isə 310 manatından keçməli olacaq.
Daha dəbdəbəli nömrələrə üstünlük verənlər villalarda qala bilər. Onların 1 günlük qiyməti 330 manatdır.
Bundan başqa 5 ulduzlu hoteldə gəncəli tarixi şəxsiyyətlərin adına nömrələr də var. Bunlar Cavadxan və Nizami suitlərdir.

Cavadxan suit

Nömrənin 125 kv metr sahəsi var. Otaq hotelin 8-ci mərtəbəsində yerləşir. Nömrədə bir yataq otağı bir qonaq və bir soyunma otağı var. Dəbdəbəli üslubda hazırlanmış nömrədə 1 king ölçülü çarpayı, fərdi idarə edilən hava kondisioneri, LCD televizor və 32 kanallı peyk antenası, elektron idarəetmə paneli və zəngli saat, ödənişsiz yüksək sürətli WI–FI, ilk gecələmədə pulsuz ütüləmə xidməti, otaq elektron seyfi, beynəlxalq zənglərin birbaşa otaqdan edilməsi, iş masası, jurnal masası, 24 saat nömrələrə xidmət, atrium mənzərəli eyvan, iki nəfərlik cakuzi və bide, ərzaqla tam təhciz olunmuş soyuducu, çay və qəhvə, tələb üzrə ütü və ütü masası ,hamam ləvazimatları ilə tam təhciz olunmuş vanna otağı və fen daxildir. Bu nömrədə qonaqlamaq üçün isə qonaq 1000 manat ödəməli olacaq.

Nizami suit

Nömrənin ümumi sahəsi 185 kv metrdir. Nizami suit də hotelin 8-ci mərtəbəsində yerləşir. İki yataq otağı var. Bu otaqlardan birinin sahəsi 39 kv metr, digərininki isə 16 kv metrdir. Nahar üçün qonaq otağının sahəsi 47.5 kv metrdir. Nömrənin hər yataq otağında 1 king ölçülü çarpayı var.
Məlumat üçün bildirək ki, Cavadxan otağında olan bütün ləvazimatlar Nizami suitdə də yer alıb. Adıçəkilən nömrədə qonaqlamaq isə 1500 manatdır.
Qeyd edək ki, sadalanan qiymətlərə səhər yeməkləri və spa xidmətlər də daxildir. Lakin mehmanxanada qalmadan buranın spa xidmətlərindən yararlanmaq da mümkündür. Belə ki, spa xidmətlərdən gündəlik limitsiz istifadənin ödənişi 15 manatdır. Bu qiymətə sauna, fitness zaldan istifadə, qapalı və açıq hovuzlar daxildir.
Bundan başqa hoteldə fəaliyyət göstərən Fərhad Sağlamlıq klubunda daimi endirim kampaniyaları keçirilir. Belə ki, hal-hazırda aktiv kampaniyalardan biri də 50 giriş kartlarıdır ki, 300 manat məbləğində olaraq minumum 5 nəfərdən ibarət qruplarla təqdim olunur.