Eldar Əzizov:”Küçəyə baxan obyektlərin müəyyən standartlara uyğun formaya salınmasını tələb edə bilərik”
Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə görülən abadlıq işlərindən danışıb. Onun sözlərinə görə, şəhərdəki müəssisələr fəaliyyətini bərpa edir, yeniləri tikilir, yeni iş yerləri yaradılır və əhalinin sayı artır:”Bu, bir tərəfdən bizi sevindirir, digər tərəfdən gündəmə yeni problemlər çıxarır”.
Icra başçısı qeyd edib ki, şəhərdə aparılan abadlaşdırma işlərində sahibkarların şəxsi vəsaitlərindən istifadə edilmir: “Əgər həmin obyekt özəldirsə və rekonstruksiya olunursa, əlbəttə ki, vətəndaş bu işin xərcini özü çəkməlidir. Onların daxili işinə qarışmağa bizim ixtiyarımız yoxdur(APA). Amma o obyektlər küçəyə baxırsa, bu bizə aid məsələdir. Biz tələb edə bilərik ki, sahibkar obyektini müəyyən standartlara uyğun formaya salsın”.
E.Əzizov bildirib ki, kommersiya obyektlərinin dizaynında Icra Hakimiyyətinin tələbi ilə aparılan dəyişikliklər (məsələn, obyektlərin üzlənməsi və s.) də şəhər meriyasının deyil, obyekt sahiblərinin vəsaiti hesabına aparılmalıdır: “Bu işlər Baş Plana və qanunvericiyə uyğun aparılır”.


