ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan edilməsinin 236-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. ANS PRESS-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq ölkəsinin müstəqillik tarixindən danışıb. O, qeyd edib ki, 4 iyul 1776-cı il ABŞ-ın müstəqilliyə nail olduğu tarix deyil, “Müstəqillik Bəyannaməsi”nin yazıldığı gündür.
A.Sterlinq vurğulayıb ki, mühüm tarixi fərqlərə baxmayaraq, Azərbaycan da öz müstəqilliyini dərhal əldə etməyib: ““ABŞ diplomatiyasının Azərbaycanda 20 illik fəaliyyətinin əsasını ölkənizin müstəqilliyini gücləndirmək təşkil edir”.
Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanla ABŞ arasındakı əlaqələr 2012-ci ildə iqtisadi sahədə inkişaf etdirilib.
“Cari ildə iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. ABŞ-Azərbaycan əlaqələri gündən-günə genişlənir. Azərbaycan ABŞ ilə münasibətlərini daim diqqət mərkəzində saxlayır və bu əlaqələr strateji əhəmiyyət daşıyır”, – o deyib.







