Araz Əzimov “ABŞ-a sərt cavab verəcəyik” dedi, Əli Həsənov isə onu təkzib etdi
ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbər yayılıb. Məlumata görə, bu addım Azərbaycanın həmin silahdan Ermənistana qarşı istifadə edəcəyi ilə əsaslandırılır. Məsələ Demokrat Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra gündəmə gəlib.
Artıq Azərbaycan tərəfi buna reaksiya verib. Lakin bu cavablar arasında da ziddiyyətlər var. Belə ki, xarici işlər nazirinin müavini Araz Əzimov ANS-ə bildirib ki, məlumat təsdiqlənərsə, Azərbaycanın buna cavabı sərt olacaq. Çünki Birləşmiş Ştatların bu qərarı iki ölkə arasında təhlükəsizlik sazişinə ziddir. Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, Azərbaycan heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb və bu ölkənin silah satışını dayandırması barədə xəbərlərin də heç bir əsası yoxdur. Əgər belədirsə, bu halda XIN müavininin bəyanatı nəyə əsaslanır və istənilən halda Azərbaycanın ABŞ-a qarşı sərt addımı nədən ibarət ola bilər?
Elxan Şahinoğlu: “Məsələ bir qədər şişirdilib, hətta xəbərin dezinformasiya olması da mümkündür”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, hər hansı ölkə ABŞ-dan silah almaq istəyəndə dərhal müqavilə imzalanmır. Bu məsələyə Departamentdə, Ağ evdə baxılmalı, müqavilə Konqresdə təsdiq olunmalıdır. Bir çox hallarda təsdiq olunmur. Məsələn, Türkiyəyə qarşı embarqo yoxdu, amma bu ölkə ABŞ-dan istədiyi silahı ala bilmir. Bu baxımdan məsələ bir qədər şişirdilib.
Ekspert burda erməni lobbisinin əlinin olduğunu da vurğuladı. Hətta xəbərin dezinformasiya olması da mümkündür.
Ekspert qeyri-rəsmi olaraq Amerika və Avropa Birliyi ölkələrinin Azərbaycana və Ermənistana silah satışı ilə bağlı embarqosunun olduğunu da xatırlatdı. Digər tərəfdən, Azərbaycanın silah aldığı ölkələr bəllidir.
Araz Əzimovun bəyanatına gəldikdə, ekspert Azərbaycanın ABŞ-la münasibətlərdə soyuqluq yarada biləcəyini deyir: “Azərbaycan bir neçə istiqamətdə, əsasən enerji və təhlükəsizlik sahəsində ABŞ-la əməkdaşlıq edir. Düşünmürəm ki, rəsmi Bakı bu sahələrdən imtina edə bilər. Imtina edəcək sahə varsa, bu da demokratiya, insan haqlarıdır. Ondan da Azərbaycan iqtidarı çoxdan imtina edib”.
Cəsur Sümərinli: “Erməni lobbisi bu prosesin güclənməsindən narahat olaraq onun qarşısını almağa çalışır”
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərənlinin sözlərinə görə, Azərbaycanla ABŞ arasında hərbi sahədə əməkdaşlıq əsasən Azərbaycan hərbi-dəniz qüvvələrinin modernləşdirilməsi istiqamətindədir. Son 6-7 il ərzində artıq bir sıra nailiyyətlər əldə olunub. Baş verən hadisələr isə onu deməyə əsas verir ki, artıq erməni lobbisi bu prosesin güclənməsindən narahat olaraq onun qarşısını almağa çalışır.
Fizzə


