Qanuni oğru Əliyevin planını anlamışdı

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Nəzərdə tutulan “ikinci işgəncə” dalğası baş tutmadı. Azərbaycan həbsxanalarında möcüzə baş verdi: dustaqlar həbsə atılmış polisləri adi qaydada qəbul etdilər! O zaman həbsdə olan qanuni oğru Bəxtiyar Heydər Əliyevin bu planını başa düşmüş və icraçı olmaq istəməmişdi. O, ölkə həbsxanalarına belə bir “proqon” (fitva) buraxmışdı: “Onlar bizim qonaqlarımızdır və onlarla qonaqlarınızla davranacağınız kimi davranın!”
Bu, qanun idi. Və bu qanunun doğurduğu nətcələrlə bağlı sonrakı hissələrdə daha ətraflı bəhs edərik ki, sizlər, yəni avtoritar Azərbaycanın potensial məhkumlarının hamısı həbsxanalardakı qaydalarla daha yaxından tanış ola biləsiniz. Zira bizim ölkəmizin bütün vətəndaşları potensial dustaqlardır və ölkə vətəndaşlarına xidmət etmək normal qələm əhli kimi, mənim də müqəddəs vəzifələrimdən biridir.
2008-ci ilin mart ayında bir dəstə hərbçinin məhkəməsi gedirdi. Onlardan biri – Arzu adlı polkovnik (polkovnik-leytenant da ola bilərdi) bizim korpusda məndən bir neçə qapı o üzdə olurdu. Sağdamı, soldamı, – bunun sizə dəxli yoxdur və olmayacaq. Çünki siz heç zaman Bayıl türməsindəki 5-ci korpusda olmayacaqsınız. O türmə artıq yoxdur, bilirsiniz, onun yerində Bayraq Qülləsi tikilib. Bir zaman gəlsə və hətta bu qülləni tikənlər də həbs edilsələr, onlar həmin 5-ci korpusdan 10-15 kilometr uzaqlıqda tikilmiş Kürdəxanı türməsində qalacaqlar…
Bayraq Qülləsini tikənlər niyə tutulmalıdırlar? Əslində, niyə də tutulmamalıdırlar?! Bu uşaqlar Bayraq Meydanı adlandırdıqları ərazidə aparılan tikintinin 35 milyon manata başa gəldiyini sənədləşdiriblər. Tikintiyə də uzaqbaşı 15 milyon xərclənə bilərdi. Sizcə, 20 milyonluq korrupsiyaya görə adamı (və ya adamları) tutmalı deyillər? Indi tutmurlar, çünki onları tutacaq adamlar ortalıqda yoxdur. Bayraq Meydanını da rəsmi törən yerlərindən birinə çevirən prezident orada nə qədər korrupsiyanın olduğunu əlinin (daha doğrusu, cibinin) içi kimi bilir. Bu cür layihələr bizim ölkəmizdə addımbaşı icra edilir. Məsələn, Azneft meydanında birinci Musiqili fəvvarə hovuzu tikiləndə bu proyektin 350 min dollara başa gəldiyini yazdılar. O zamanlar axtardım, axtardım və Azərbaycandan çox uzaqda olan şəhərdə – Irkutskda lazer effekti ilə musiqili fəvvarələrin tikintisi üzrə ixtisaslaşmış bir tikinti-quraşdırma briqadası tapdım. Onlarla telefonla danışdım və Bakıda diametri 40 metr olan belə bir fəvvarə quraşdırmaq istədiyimi dedim. Adamlar mənim telefon nömrəmi aldılar, yarım saat sonra zəng etdilər və dedilər: “Sıfırdan başlasaq, 64 min dollar”. Mən 350 mindən 64 min dollar çıxdım və alınan fərqi “Azadlıq” qəzetindəki bir məqalədə qeyd etdim. Bu, 2006-cı il idi, səhv etmirəmsə. Aradan çox zaman keçdiyinə görə həmin fərqin nə qədər olduğu dəqiq yadımda deyil, amma hər halda korrupsiyanın miqdarı o qədər idi.
Bütün bunların hərbçilərin işinə nə dəxli var? Var bir dəxli. Həmin polkovnik Arzu hərbi hissələrin birində yanacağın qanunsuz yollarla satılmasını təşkil etməkdə ittiham olunurdu. Yeri gəlmişkən, həmin 350 minlik fəvvarə quraşdırıldıqdan sonra Yevlax rayonunun icra başçısı elan etmişdi ki, Yevlaxda da belə bir musiqili fəvvarəli hovuz tikdirmək planlaşdırılıb və bu hovuz Bakıdakından bir az yekə olduğu üçün 500 min dollara başa gələcək… Arzu müəllim deyəsən, 30-35 min dolları mənimsəməkdə ittiham olunurdu. Korpusda gəzən söhbətlərə görə, Arzu müəllimin 50 min dollardan artıq xərci çıxıb və güman ki, onu dəhşətli dərəcədə böyük cəza gözləmir. Polkovnik 30-35 minlik korrupsiya faktına görə 50-60 min dollar rüşvət verib canını qurtarmaq barədə düşünürdü və həmin düşüncələrlə də Bayıl türməsindəki 130-cu kamerada otururdu, çoxlu kitablar və jurnallar oxuyurdu. Buna görə də düşünürəm ki, Bayraq Qülləsinə görə 20 milyon manatlıq korrupsiya düzəldənlər də 40-50 milyon rüşvət verib yaxalarını Kürdəxanı türməsindən niyə qurtarmamalıdırlar? Təbii, nə zamansa tutulsalar…
Bayraq da hərbi məsələdir, Arzu müəllim də hərbçi idi, mənim kameramda günün birində havadan düşmüş kimi peyda olan baş leytenant Elxan da hərbçi idi.
Həmin vaxt biz, bütün kamera üzvləri “gəzinti üçün ayrılan yer”dəydik. Bu dırnaq arasındakı yerə dustaqlar da, həbsxana işçiləri də “proqulka” deyirlər və belə daha rahatdır. “Proqulka” eni və uzunu 4 metr olan, üstü armaturlarla və tor məftillə örtülmüş daş hasarlı bir yerdir. Suvağı necə gəldi vurulmuş və hamarlanmamış divarlarında tüpürcək izləri və siqaret kötüklərinin yeri qalıb. Döşəməsi plitə daşdandır və daha təmizdir. Qapısı dəmirdir, çöldən bağlanır. Biz bu balaca yerdə var-gəl edir (buna türmədə “tasovka” deyirlər), siqaret çəkir, siqaret tüstüsü ilə birlikdə təmiz hava alır, dağdan-daşdan söhbət açır, mənasız zarafatlar edərdik. Belə ciddi məşğuliyyətlərin birində “proqulka”nın qapısı açıldı və içəriyə 26-27 yaşlarında arıq, amma arıqlığı qədər çəlimsiz olmayan, saçları ağarmış orta boylu bir gənc girdi. Içəri girib bütün tərbiyəli dustaqlar kimi, “Salam, Allah qapınızı açsın” – sözlərini dedi və ilkin tanışlıq üçün tələb olunan birinci məsuliyyət yükünü üzərindən atdı. Bizimkilər də eyni qayda ilə cavab verdilər. Tanışlığın sonrakı mərhələsi başladı. Bu mərhələyə, adətən, “kimsən”, “haradan peyda olmusan”, “niyə buradasan” kimi suallar daxildir və gənc bütün suallara yerli-yataqlı cavab verdi. O, özünü çox tox və ciddi aparırdı və görünür, həbsxana qaydalarını mükəmməl mənimsəmiş birisi idi. Cavablarından bəlli oldu ki, Gəncə türməsindən “etap” edilib və türmə qaydaları ilə də orada tanış olduğu aydınlaşdı. Amma bizim kamerada türmə qaydaları ən ümumi şəkildə mövcud idi; xüsusi olaraq burada qarşılıqlı münasibətlər daha şux idi. Adı Elxan olacaq bu adam hərbçi idi, ön cəbhədə baş leytenant rütbəsi ilə xidmət etmişdi. Günün birində bəlli olub ki, onun xidmət üslubunun xarakterində Azərbaycan ordusunun dəmir nizam-intizam qaydaları ilə uyuşmayan hərəkətlər var və buna görə də onu həbs ediblər. Elxanın ittiham aktında pul tələb etmə və döymə maddələri vardı. Bunlar Azərbaycan ordusunun mahiyyətinə tamamilə yad hərəkətlərdir. Əlbəttə, bəzi istisnalar var və bu istisnalar nəticəsində ordunun yüzlərlə, bəlkə də minlərlə hərbi qulluqçusu həbsxana divarları arasında xatirələrini danışmaqla məşğuldurlar.
Elxanın qanının arasına bir neçə mühüm detallar daxil olub və həmin detallar onun cinayət işində yüngülləşdirici hallar kimi nəzərə alınıb. Məlum olub ki, Elxan əsgərlərdən toplanan pulları mənimsəmək məqsədilə yığmayıb, “N” saylı hərbi hissədə əsgərlər üçün yeməkxana tikilməsinə, hamam quraşdırılmasına və yataqxananın – hərbi leksikonla desək, kazarmanın – təmirinə xərcləyib. Bu bəraət arqumentləri havadan asılı da qalmayıb…

Ardı var