“Q” hərfi ilə nə etməli?

Prezident Administrasiyasının (Azərbaycan reallığında onu “Şah Sarayı” adlandırmaq daha yerinə düşür) şöbə müdiri Əli Həsənovun QHT rəhbərləri ilə görüşməsini elə onun özünün bir cümləsi ilə izah etmək daha doğru olardı. Sitat: “Biz qeyri-hökumət təşkilatlarını özümüzə tərəfdaş kimi görürük”.
Bu cümləni xoşniyyətli saymaq çox çətindir, onun sətiraltı anlamı çox sadədir: “Biz QHT-ləri özümüzə tərəf döndərmək istəyirik”.
Həmin görüşə dəvət alan və təşrif buyuran QHT rəhbərləri arasında vicdanına, dürüstlüyünə inandığımız, şübhə etmədiyimiz, əsl vətəndaş mövqeyi olanlar da vardı. Mən onların QHT sektorundakı dimdik duruşunun davam edəcəyindən əsla quşqulu deyiləm. Amma məsələn, Leyla Yunus həmin görüşə dəvət edilməmişdi, çünki Əli Həsənov və onun başbilənləri Leyla xanımdan tamamilə əllərini üzüblər, başa düşüblər ki, bu cəsrətli, mübariz, prinsipial qadınla dil tapmaq, onu yola gətirmək imkanları tamamilə tükənib. Yerdə qalanlarla isə danışmağa, onları yola gətirmək üçün səy göstərməyə davam etmək olar, çünki insan çiy süd əmib, bilmək olmaz, bəlkə alındı.
Hakimiyyətin isə guya görüşə “vətəndaş cəmiyyəti  institutlarına canıyananlıqdan” ehtiyac duyduğunu söyləmək axmaqlıq olardı. Bu, çarəsizlikdən atılmış addımdır. Rejim onlarca əldəqayırma, geydirmə QHT-yə sahibdir, onları yağ içində böyrək kimi bəsləyir, di gəl, heç bir effekti yoxdur, bu qurumlar nə daxildə, nə xaricdə heç bir təsir gücünə, rəy formalaşdırmaq imkanına malik deyillər, belə deyək, saqqalları (müstəqillikləri) yoxdur deyə, sözləri də ötmür. Ara yerdə də ayrılan ətək-ətək pul batıb gedir. Azay Quliyevə ümidli olmağın axırı belə də olmalı idi.
Rejim başa düşür ki, artıq ölkənin içindəki gerçək QHT-lərlə işləmək məcburiyyətindədir, onları xor görməklə özünə ziyan vurur, onları “erməni dəyirmanına su tökməkdə” ittiham etməklə əlinə bir şey keçmir. Rejim görür ki, işlər həqiqətən fırıqdır, maskası düşüb və əsl sifətini bütün dünya görməyə başlayır, odur ki, yenidən maskalanmağa ehtiyac var, bunu da yalnız doğrudan da QHT tələblərinə cavab verən vətəndaş cəmiyyəti qurumlarının əli, köməyi ilə etmək olar. Odur ki, dünənəcən ən ağır ittihamlara, böhtanlara məruz qoyub faktiki mənəvi terror etdiyi təşkilatlarla, onların rəhbərləri ilə oturub danışmaq, barışmaq, anlaşmaq məcburiyyəti qarşısında qalıb.
Məqsəd konkretdir: bu ölkədə “Q” hərfinin taleyini birdəfəlik, kökündən həll etmək! Elə etmək ki, QHT yazılsın, amma işə, əmələ gələndə “Q” hərfi bir qırağa qoyulsun, daxildə və xaricdə rejimin əsl mahiyyəti haqqında fikir formalaşdırmaq gücündə olan mümkün qədər daha çox qeyri-hökumət təşkilatı hökumət təşkilatına çevrilsin. Özləri də bilirlər ki, əks halda demokratik dünyanın sanksiyalarla hədələməyə başladığı rejim üçün tezliklə indikindən daha çətin olacaq.
Bir dəfə Əli Həsənov, səhv etmirəmsə, “mediaforum” saytına müsahibə verib demişdi ki, xaricdə Azərbaycan iqtidarının xeyrinə də yazılar dərc edilir, amma bəzi qəzetlər yalnız hökumət əleyhinə məqalələri dərc etdiyindən belə təəssürat yaranır ki, bütün dünya hakimiyyətə qarşıdır. Əslində bu, etiraf idi. Etiraf idi ki, hakimiyyətin ildə milyonlarla manat ayırdığı qəzetlər heç nəyə yaramır, onlar ictimai rəy formalaşdıra bilmirlər. Çünki hakimiyyətin xeyrinə olan yazıları da rejimin qəzetləri çap edirlər, adama deməzlərmi, niyə onların çap etdikləri əsasında da dünyanın hakimiyyəti dəstəklədiyi fikri yaranmır?
Cavab aydındır: hakimiyyət yalan, korrupsiya, şər, oğurluq üzərində qurulduğundan onun istənilən layihəsi – KIV olsun, ya da QHT, fərq etməz, – iflasa məhkumdur, onlar nə ölkədə, nə dünyada hörmətə minə bilməzlər, mötəbər sayıla bilməzlər, söz sahibi ola bilməzlər. Həqiqətə sırtını dönməklə uğur qazanmaq, rəf formalaşdırmağa çalışmaq arzusu nağıldır, mifdir, filfilodur.
Bunu indi-indi anlayırlar, ona görə də dünənədək yerdən-yerə vurduqları “ermənipərəst”, “vətən xaini”, “xalq düşməni” adlandırdıqlarına minnətçi düşürlər, onlarla dil tapacaqlarına ümid edirlər.
Mənimsə bütün vicdanlı, dürüst, cəsur QHT rəhbərlərindən bircə ricam var: amandır, “Q” hərfi amanatı!