İsaxan Aşurovun namərdlərə son “şilləsi”

Nəhayət, mənim üçün çox dəyərli olan insanların şəkillərini yaxın günlərdə böyüdüb, onlarla üz-üzə, baş-başa qalacağam:yeni aldığım evin otaqlarından birini mərdliyinə inandığım, ən çətin anlarda güvəndiyim kişilərin şəkilləri üçün ayırmışam. Yəqin ki, həmin otağı ziyarət edən dəyərli qadınların ruhu məndən inciməz. Əksinə, o otaqda olanda bütün qadınların elə mənim qədər rahatlıq tapacaqlarından əminəm. Çünki ölkədə mərd kişilər qıtlığı var. Və qadınların mərd kişilərə böyük ehtiyacı hiss olunur. Bir mərd kişinin çiyni Vətən torpağının bir parçasıdır: təəssüf ki, itirilən Vətən torpaqları kimi, çətin anlarda başımızı qoymaq istədiyimiz qeyrətli çiyinlər də azalır.
Ataların yaxşı bir sözü var: “Namərd dostdansa, mərd düşmən yaxşıdır”. Dost etibarsızlığı, xəyanəti görən Aşıq Qərib isə deyirdi: “Bir mərd ilə ağı yesən-şirindi, yüz namərdlə şəkər yesən – dad olmaz”. Böyütmək istədiyim mərd kişi şəkilləri çoxdur. Onlar haqqında yazmaq nəinki bir köşəyə, bir romana da sığmaz. Hər dəfə şəkillər qovluğunu açanda, ilk olaraq dəyərli şair-publisist, əziz dostum Hüseyn Əfəndinin şəklini görəndə gözlərim dolur, göz yaşlarımı saxlaya bilmirəm. Yadımdadır, Hüseyn Əfəndinin qəfil ölüm xəbərini eşidəndə anam, bacılarım başlarına, dizlərinə döyüb yasa girdilər. Hüseyn bəyin anasından, bacılarından, xanımından, qızlarından xəbərsiz, tanımadıqları yad qadınlar onların əzizləri üçün göz yaşı axıdırdı. Bu, hər ölən kişiyə qismət olmur. Hüseyn Əfəndi ölümü ilə təkcə onu tanıyan qadınları deyil, həm də mərd kişiyə ehtiyacı olan bütün qadınları yandırb-tökdü. Zatən, mərd kişilər ancaq ölümləri ilə qadınlara əzab verirlər…
Qovluqda, vaxtsız dünyadan köçən və ölümü ilə ətrafımdakı bütün qadınları yasa qərq edən mərd Anarımın da şəkli var. Haqsız yerə həbs olunan hüquq müdafiəçisi Vidadi Isgəndərlinin şəkli isə əsl müsbət enerji mənbəyidir: üz-gözündə tər damlaları görünən, tərli köynəkdə yumruğunu yuxarı qaldırıb təbəssümlə baxan Vidadi bəy vicdan məhbusu yox, Vicdan heykəlidir. Şəklini böyütmək istədiyim ən balaca mərd kişi isə Aslan Elmar oğludur. Namərdlərin sifarişi ilə qətlə yetirilən cəsur jurnalist Elmar Hüseynovun oğlu Aslan haqqında anası Ruşaniyyə xanım müsahibələrinin birində demişdi ki, oğlum tez-tez məndən nə vaxt Vətənə qayıdacağımızı soruşur. Mən Aslanı Elmarın oğlu kimi çox istəyirdim. Onun atasının qara lentli şəklini öpən yerdə çəkilən şəkli əbədi olaraq ürəyimdən asılıb. Amma balaca Aslanın başıbəlalı Vətənə qayıtmaq arzuları ilə yaşaması onu mənim nəzərimdə nəhəng bir kişiyə çevirdi. Vətənin azadlığı naminə canını fəda edən bir kişinin oğlu da özünə bənzəyər: balaca Aslan atasını ondan ayıran, doğmalarına acılar yaşadan məmləkətə qayıtmaq istəyir, amma ölkənin yeraltı-yerüsütü nemətlərindən gen-bol yararlanmış, saç-saqqalı ağarmış əmilər ölkədən qaçmaq üçün çamadanlarını hazırlayırlar. Gedəndən sonra ayıblarına kor, kar, lal olmaqdansa, ölkədə qalanlara yuxarıdan aşağı, zavallı kimi baxırlar. Özləri zavallı olan o nankorlar qeyrətdən elə qıtdırlar ki, adi bir kişi kimi də davranmağı bacarmırlar: axı kişi, üstündə böyüdüyü torpağa, yemək yediyi qaba tüpürməz.
Qovluğa qoyduğum ən son şəkil isə tanınmış vəkil Isaxan Aşurovundur. Iyunun 22-si dünyasını dəyişən Isaxan bəyin necə əvəzsiz bir vəkil, dəyərli insan, mərd dost olmağından, demək olar, ölkənin bütün tanınmış yazarları xatirələrini yazdılar. Həmin məqalələrin ən zəifini də oxuyanda belə göz yaşlarımı saxlaya bilmirdim. Dünyada ən dəyərli kişi odur ki, ölümü ilə tanımadığı, üzünü görmədiyi, adını bilmədiyi qadınları ağlada bilir. Ən ürək parçalayan məqaləni isə Isaxan Aşurov özü “yazdı”: məzarı üstə Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini oxumağı vəsiyyət etməsi ilə. Əlbəttə, Isaxan bəyin haqqı var idi ki, məzarı üstə Azərbaycan himnini və ya Vətənə, qəhrəmanlığa aid bir əsər səsləndirməyi vəsiyyət etsin. Amma o, vəsiyyəti ilə də qeyrətsiz, şərəfsiz kişilərin üzünə şillə vurmağı bacardı: mitinqlərdə qadınları döyən, çayxanalarda arvadının qeybətini edən, incitdiyi qadını susdurmaq üçün ona şər-böhtan atan namərdlərə Isaxan bəy “Qara paltarlı qadın”la son “şilləsini” vurdu. Qadına dəyər verməyi bacarmayan kişi ən müqəddəslərə də – Allaha, Vətənə, bayrağa, torpağa da dəyər verə bilməz. Yeri gəlmişkən, Isaxan bəyin məzarı üstə qara paltarlı qadınlar ağlayan günlərdə, mərhum vəkilin sayəsində azadlığa çıxan məhbus xaricdə yarıçılpaq qadınlarla rəqs edirdi. Neyləsin, bilir ki, öləndə məzarı üstə nəinki ağlayan, heç gələn də olmayacaq.
P.S. Mərd bir kişinin ölümü Günəşdən qırılan, dəfn olunan şüadır: mərd kişilərsiz qırmızı geyimli ölkə də, qara paltarlı görünür…