
Azərbaycana səfəri ərəfəsində Avropa İttifaqı Şurasının sədri Herman Van Rompeyin “Trend”ə müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
– Siz Azərbaycana qarşıdakı səfəriniz zamanı hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız? Azərbaycanla Aİ arasında çoxtərəfli əməkdaşlığın perspektivləri hansılardır?
Bu səfər münasibətlərimizin vəziyyətini qiymətləndirmək və əməkdaşlığımızı davam etdirmək baxımından mühüm hadisə olacaqdır. Azərbaycanda və Avropa İttifaqında baş verən irəliləyişlərin müzakirəsi, eləcə də Dağlıq Qarabağ münaqişəsi kimi regional təhlükəsizlik məsələləri gündəliyə daxil olacaqdır.
Münasibətlərimizin təməl daşlarından biri Şərq Tərəfdaşlığında və Azərbaycanın artıq imzaladığı Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində bərkidilmiş dəyərlər məcmusudur. İqtisadi islahatlar və ikitərəfli əməkdaşlığın davamlı olması baxımından, bu dəyərlər siyasi islahatlar, insan hüquqlarına və qanunun aliliyinə hörmətlə yanaşı getməlidir. Ciddi islahatları davam etdirmək, insan hüquqları və qanunun aliliyi sahəsində irəliləmək üçün Azərbaycanın götürdüyü öhdəliklər nə qədər qəti olarsa, Aİ bir o qədər sizlərlə əməkdaşlıq etməyə və sizləri dəstəkləməyə qadir olacaqdır.
– Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesini diqqətlə izləyir. Avropa Parlamentinin bu məsələ ilə bağlı apreldə qəbul etdiyi son qətnamə bu faktı təsdiqləyir. Aİ bu münaqişənin nizamlanmasında daha fəal iştirak etməyi planlaşdırırmı?
– Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ürəkdən dəstəkləyir. Bu münaqişə bir çox insanın həyatına son qoydu, tərəqqini ləngitdi, yüz minlərlə insanın öz yurdundan didərgin düşməsinə gətirib çıxardı.
Hərbi qüvvələr bu münaqişənin uzunmüddətli həllini təmin etməyəcək. Yalnız sülh və danışıqlar yolu ilə münaqişənin həlli bütün regionu status-kvodan təhlükəsiz və çiçəklənən gələcəyə apara bilər.
Yalnız sülh yeni iqtisadi imkanlar açaraq, Avropa ilə Asiya arasında körpü kimi Cənubi Qafqaz regionunun bütün potensialını açmağa kömək edə bilər. Bu, bizimlə tərəfdaş ölkələr olan Azərbaycan və Ermənistanın marağındadır və Aİ-nin da bu məsələyə marağı böyükdür.
– Aİ-nin mandatına uyğun olaraq, viza rejiminin sadələşdirilməsi və readmissiya məsələləri ətrafında Azərbaycanla danışıqlar aparılır. Danışıqların nə zaman başa çatacağı gözlənilir?
– Əlaqələrin qurulmasını və mobilliyi dəstəkləmək və təşviq etmək yolu ilə Aİ və Şərq tərəfdaşları insanlar arasında əməkdaşlığı genişləndirməyə hazırdırlar.
Məhz buna görə də, Aİ 2011-ci ildə Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ətrafında danışıqlara başlamaq üçün direktivlər qəbul edib. 2012-ci ilin mart ayında Bakıda danışıqların ilk raundu uğurla keçib. Azərbaycan sadiq və konstruktiv yanaşma nümayiş etdirib ki, mən bu yanaşmanı alqışlayıram. Bu danışıqlar güclü siyasi iradə, işə sadiqlik və gərgin iş tələb edir. Regionda digər ölkələrlə analoji danışıqlar uğurla həyata keçirilib və əminəm ki, Azərbaycan bu münasibətdə lazım olan hər bir işi görəcəkdir.


