“Məmur var, bir dəfə cəbhəyə gedib-gəlib veteran kitabçası gəzdirir”

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Qarabağ müharibəsi veteranlarına verilən təqaüdün artırılmamasının səbəblərini açıqlayıb. Deputat “Media forum” saytına deyib ki, hazırda Qarabağ müharibəsi veteranlarının sayı 92 min nəfərdən artıqdır: “Bu, çox fantastik bir rəqəmdir. Müxtəlif insanlar hansısa yollarla veteran kitabçası alıblar. Bizi narahat edən odur ki, əlinə silah alıb döyüşənlər də veteran kitabçası gəzdirir, xidməti işi ilə bağlı bir dəfə cəbhə bölgəsinə gedib qayıtmış məmurlar, jurnalistlər də özlərini müharibə veteranı sayırlar, vəsiqə gəzdirirlər. Mənim kimi məmur, sənin kimi jurnalist var ki, iki həftə cəbhə bölgəsində olub, indi cibində veteran kitabçası gəzdirir. Həqiqi veteranlarla, saxta veteranları bir-birindən ayırmalıyıq”.

Komitə sədri bildirib ki, vaxtilə prezident bununla bağlı göstəriş verib və veteranlara dair vəziyyətin aydınlaşdırılmasını tapşırıb: “Amma bunu ayırd etməkdə böyük çətinliklər var. Veteranlara verilən təqaüdün artmamasının bir səbəbi də budur”.

Hadı Rəcəblinin sözlərinə görə, hazırda Qarabağ müharibəsi veteranları 33 manat aylıq təqaüd alırlar.