Dünyanın işinə bax: ITV direktoru Ismayıl Ömərov Fəzail Ağa malını yıxıb-sürüyüb. Bu nə görsənişdir belə? Doğrudanmı Fəzail Ağa malı götürüm düşüb? Doğrudanmı I.Ömərov onun üzərinə belə aqressivcəsinə ayaqlanmaq statusu qazanıb? Bilmirik. Bildiyimiz I.Ömərovun F.Ağamalının üzərinə az qala Ağa malı antiMilli Məclisdə “Quska”nın üstünə getdiyi sayaq getməsidir. “Quska” Ağa malının o gedişindən biryolluq gedən oldu. Indi Almaniyada oturub Heydər Əliyevlə qurduğu hakimiyyətin Ilham Əliyevlə yıxılacağı günü gözləyir.
I.Ömərov F.Ağa malını başlıca olaraq iki baxımdan “yıxıb-sürüyür” – dil, diktatura bilgisizliyi baxımından. Dil baxımından: “Fəzail Ağa malı bizim dilimizi hələ də öyrənmədiyindən, görünür, verilişlərin ruhunu yaxşı duya bilmir”. Bəri başdan: ITV-nin dili I.Ömərovun dilidir. I.Ömərovin dili isə çağdaş Azərbaycan türkcəsindən – dil uyqarlığından çox uzaq, ərəb-fars qarışıqlı bir dildir.
Mən ITV başda olmaqla AzTV-lərə, demək olar, baxmıram. (Türkiyə televiziyalarına az baxıram. Intellektual üstünlüyünə görə daha çox Rusiya kanallarına baxıram). Az TV-lərə hərdən-birdən, onda da daha çox dillə bağlı yazacağım yazıya material toplamaq üçün baxıram. Bu baxımdan ANS başda olmaqla AzTV-lər böyük fakt-material qaynağıdır. Əlimin altında I.Ömərovun – ITV-nin düşük, çağdaşlıq baxımından yararsız dili ilə bağlı çoxlu fakt-material var. Onlardan bircəciyini göstərirəm: çıxışçı, özü də Fövqəladə Pullar Nazirliyindən olan çıxışçı-yetkili deyil, I.Ömərovun aparıcısı “Carçı” proqramında deyir: “Əhali təxliyə edilmişdir”. “Təxliyə” ərəbcədir, bizim dildə köçürmə deməkdir. F.Ağa malı bir yana, bu sözü bizim ən bilikli dilçilərdən soruşsan, bilməzlər. Düzünə qalsa, onlar bunu bilməyə borclu da deyillər, ancaq “Ictimai Televiziya” adlanan qurum çoxluğun-elliyin (I.Ömərovun dili ilə desək, “ictimaiyyətin”) anlayacağı dildə danışmağa borcludur. Bu onun görəv-prinsip borcudur.
I.Ömərov özünün düşük dil biliyindən çıxış edərək F.Ağa malını dilimizi bilməməkdə suçlayır: “Milli Məclisin iclasında ”ictimai” sözünü tələffüz edə bilməməsi də onun dil probleminin konkret təsdiqi idi”. Dillə bağlı baxışı da, ortadakı cümləsi də I.Ömərovun dil probleminin konkret doğrulamasıdır. “Ictimai” ərəb sözüdür, bizim dildə ELLIK deməkdir. (Mən başlanğıcda “ictimai” yox, ELLIK televiziya adlandırmağa çağırmışdım, di gəl, mənim sözüm keçmədi, düşük dillilərin sözü keçdi). Sən ITV oaraq uyğun yerinə “müvafiq”, uğur yerinə “müvəffəqiyyət”, çoxluq yerinə “əksəriyyət”, törən yerinə “mərasim”, dincəlmək yerinə “istirahət”, ilişki yerinə “əlaqə” bağlılıq, qarışacağı yerinə “aidiyyət” (hamısı ərəbcədir), başqa yerinə “digər” (farsca) deyirsənsə, hansı dildən, dil bilgisindən danışırsan? Son olaraq: AzTV-də studiya direktoru olduğum bir illik dönəmdə I.Ömərova da, onun özünə bənzər dəstəsinə də çağdaş Azərbaycan türkcəsində veriliş yazmağı öyrədə bilmədim. I.Ömərov başda olmaqla antiictimai xarakteri, dünyagörüşü ilə tanınan belələri indi ITV-də yüksək yetki yiyələridir. Bütün ölkə üzrə əliyevçi rejimin başlıca dayağı belələridir: biliksiz, ancaq “bacarıqlı”!
I.Ömərov deyir: “Diktatura məsələsinə gəldikdə isə, az-çox savadı olan insanlara aydındır ki, bu sözün teleradio şirkətinə heç bir əlaqəsi, aidiyyəti ola bilməz”. Az-çox savadı olan istənilən kimsə bircə bu cümlədən I.Ömərovun istər siyasi biliklər baxımından, istərsə də jurnalistika bilikləri baxımından ITV kimi bir kanal üçün yararsız olduğunu açıqca görə bilər. ANTIMILLI, ANTIDEMOKRATIK rejim qulluqçusu olaraq “Xəyanət”, “Qəsd”, “Qara yara” verilişləri ilə Azərbaycan tarixinə özünün QARA damğasını vurmuş bu adam “keçənləri unudulmuş” sayaraq, səsinə güc verir. Keçənlər unudulmayıb, unudulmayacaq – uğurlu gələcəyimiz üçün!

İsmayıl Ömərov – yarınmaqdan yarımış
•