Kəmaləddin Heydərovun adamları çökdürülür

“Fövqəlnazir”in kadrlarını icra başçısı etməklə müflis etmək niyyətindədirlər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın ətrafı çökdürülür. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, proses çox ehtiyatlı şəkildə aparılır və ilk baxışdan “fövqəlnazir”in kadrlarına qarşı atılan addımların onların xeyrinə olduğu görünür.
Məsələ burasındadır ki, Kəmaləddin Heydərovun yaxın ətrafının çökdürülməsi onların rayonlara icra başçısı təyin edilməsindən keçir. Bəli, Prezident Administrasiyasında hazırlanmış bu hiyləgər plan məhz “fövqəlnazir”in yaxın ətrafının çökdürülməsinə hesablanıb. Lakin plan nə qədər incə hazırlansa da, Kəmaləddin Heydərov əsl məqsəddən duyuq düşüb. “Fövqəlnazir” anlayır ki, adamlarının icra başçısı təyin edilməsi onların uzun müddət topladıqları sərvəti rayonların abadlıq işlərinə sərf etmək, daha sonra müflis olmuş vəziyyətdə vəzifədən uzaqlaşdırmaq məqsədi daşıyır. Bu baxımdan da “fövqəlnazir”  kadrlarını icra başçısı təyin etdirməyə can atmır.
Lakin proses Kəmaləddin Heydərovun iradəsindən kənar həyata keçirilir. Artıq onun kadrlarından biri bir müddət əvvəl Mingəçevirə icra başçısı təyin edilib. Söhbət Niyazi Bayramovdan gedir. Bu şəxs vaxtilə Gəncə Gömrük Idarəsinin rəisi vəzifəsində çalışıb. Kəmaləddin Heydərova yaxın çevrəsinə daxil olduğu bildirilir. Məlumatlara görə, yaxın vaxtlarda “fövqəlnazir”ə yaxın daha bir neçə şəxs icra başçısı təyin ediləcək. Həmin şəxslərin üzərinə icra başçısı təyin olunduqları rayonlarla iri layihələr həyata keçirmək öhdəliyi qoyulacaq. Bildirilir ki, Kəmaləddin Heydərovun yeni vəzifəni qəbul etmək istəmirlər. Lakin bunu açıq şəkildə dilə gətirməkdən də ehtiyat edirlər. “Fövqəlnazir” də hələ ki, bu məsələdə adamlarına kömək edə bilmir.

Hikmət