Avropada yaşayan azərbaycanlı mühacirin yaratdığı Beynəlxalq Haqq və Ədalət Assosiasiyası iyunun 30-da İsveçrənin paytaxtı Berndə Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirib. Aksiyanın məqsədi Azərbaycanda insan haqqlarının pozulmasına və korrupsiyanın miqyasına diqqət cəlb etmək olub.
Aksiyada bir neçə nəfər azərbaycanlı mühacir fəal iştirak edib. Onlar əllərində Azərbaycan bayraqları və müxtəlif şüarlar tutublar.
Aksiyanın qətnaməsində deyilir ki, Azərbaycanda yaranmış mövcud sosial – iqtisadi və ictimai – siyasi vəziyyət böhran həddinə çatıb. Strateji baxımdan təbii sərvətlə zəngin olan ölkədə əhalinin böyük bir hissəsi yoxsulluq həddindəndən aşağı səviyyədə yaşayır. Işsizlik həddinin yüksək olması səbəbindən bu gün azərbaycan insanı adi formada normal qidalanmaq imkanına malik deyil. Məhz işsizlik səbəbindən minlərlə Azərbaycan gənci ölkəni tərk etmək məcburiyyətində qalıb. Xarici ölkələrdə çörək qazanmaq üçün min bir əziyyət, təhqir və təzyiqlərlə üzləşən Azərbaycan insanı çıxıılmaz vəziyyətə düşüb. Bunun nəticəsidir ki, bu gün ölkənin şəhər, rayon və kəndləri sürətlə boşalır.
“Hakimiyyət isə, ölkənin günü–gündən inkişaf etməsi və yeni iş yerlərinin açılması kimi yalançı hesabatlar verməklə məşğuldur. Park və yeraltı keçidlərin açılışı yeni iş yerləri və sosial–iqtisadi inkişaf göstəricisi deyil. Yaranmış vəziyyətin əsas səbəblərindən biri hakimiyyətin korrupsiyalaşması və rüşvətin görünməmiş dərəcədə inkişafıdır. Məhz korrupsiya və rüşvətin inkişaf tempinə görə Azərbaycan bu gün dünyada analoqu olmayan ölkələr sırasındadır”, – deyə qətnamədə qeyd olunur.
Sənəddə daha sonra Azərbaycanda insan haqlarının ağır vəziyyətdə olmasından bəhs edilir: “Sosial statusundan və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hər addımda hüquqlarının tapdalanması ilə üzləşir. Hər dəfə prezident, parlament və bələdiyyə seçkiləri total saxtakarlıqla keçirilir. Ölkədə elementar vətəndaş hüquq və azadlıqlarına əməl edilmir. Buna etiraz edən insanlar isə polis zorakılığına məruz qalır. Vəziyyət o həddə çatıb ki, ölkə vətəndaşı polis tərəfindən şərlənərək həbs edilməməsi üçün müxtəlif yollar axtarır.
Hər bir ölkədə siyasi partiyaların, azad mətbuat və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti həmin ölkədə demokratiyanın səviyyəsinin göstəricisidir. Bu gün azərbaycanda müxalif partiya nümayəndələri məhz siyasi mövqeyinə görə həbs edilir, müxtəlif formada təzyiq və təqiblərə məruz qalır. Mətbuatın böyük bir hissəsi hakimiyyətin monopoliyasındadır. Az sayda olan müstəqil mətbuat isə tez-tez iri məbləğdə maliyyə cərimələri ilə üzləşir. Müstəqil jurnalistlər ya həbs edilir, ya da müxtəlif formada hakimiyyət orqanları tərəfindən şantajlarla üzləşirlər”.
Qətnamənin sonunda təşkilatın irəli sürdüyü tələblər sadalanıb.
azadliq.info


