Ankara Bakıdan niyə üz çevirdi?

Elxan Şahinoğlu: «Türkiyənin baş naziri əvvəlcə viza məsələsinin yoluna qoyulmasını istəyir ki, Azərbaycana səfərinin əhəmiyyəti olsun»

 

Bir müddətdir ki, rəsmi mətbuat Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyinə dair xəbərlər yer alırdı. Lakin iki gün əvvəl bu xəbərin həqiqətə uyğun olmadığı üzə çıxdı. Türkiyə baş naziri katibliyinin müdiri Kamal Öztürk Ərdoğanın yaxın aylarda Bakıya səfərinin gözlənilmədiyini deyib. Bəs Azərbaycan tərəfinin bu tip məlumatlar yaymaqda məqsədi nədir?
Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikirlərini öyrəndik. 
– Ərdoğanın səfəri ilə bağlı xəbərin yayılması nə məqsəd daşıyıb?
– Ərdoğanın yaxın 3 ayda Azərbaycana səfər edəcəyinə dair məlumatlar xeyli müddətdir yayılır. Əslində Ərdoğan Azərbaycana hələ ötən ilin oktyabrında gəlməli idi. Ancaq o zaman Azərbaycan parlament seçkisinə hazırlaşdığından səfər təxirə salındı. Daha sonra səfərin yanvarda, yəni bu ay gerçəkləşəcəyinə dair xəbərlər yayıldı. Indi isə “yaxın 3 ayda gələcək” ifadəsi işlənilir. Ancaq görünür, hələ bu tarix də dəqiq deyil. Əgər rəsmi Ankara Ərdoğanın Bakıya gəlişi ilə bağlı konkret tarixin müəyyənləşmədiyini söyləyirsə, demək ortada yenə problem var.

– Hansı problemi nəzərdə tutursunuz?
– Məncə, problem viza ilə bağlıdır. Xatırlayırsınızsa, dövlət başçısı Ilham Əliyev son dəfə – sentyabr ayında Istanbula səfəri zamanı türkiyəli jurnalistlərin “rəsmi Bakı Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracaq” sualına belə cavab vermişdi ki, bəzi texniki məsələlər var və onlar yaxınlarda həll olunacaq. Bu cavab başda Türkiyənin baş naziri olmaqla qardaş ölkənin siyasi və ictimai dairələrini məyus etmişdi. Çünki, Türkiyə 3 ildir rəsmi Bakıdan oxşar cavabı eşidir. Halbuki Türkiyə Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı 3 ildir ortadan qaldırıb. Bizim hər birimiz qardaş ölkəyə problemsiz daxil oluruq. Ona görə də düşünürəm ki, Ankara bu dəfə məsələyə nöqtə qoymaq istəyir. Məncə, Ərdoğan Azərbaycana edəcəyi səfərə qədər rəsmi Bakının viza məsələsini yoluna qoymasını istəyir.
Hələ bir il əvvəl Ərdoğan partiyasının toplantısında söyləmişdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankaraya viza ilə bağlı anlaşmaya imza atmağa gəlir. Məmmədyarov Ankaraya getdi, ancaq viza anlaşmasını imzalamadı. Bununla da rəsmi Bakı Ərdoğanı tərəfdarları, rəqibləri və ictimaiyyəti qarşısında çıxılmaz vəziyyətə sürüklədi. Görünür, Ərdoğan daha belə bir vəziyyətə düşməmək üçün işini möhkəm tutub. O, əvvəlcə viza məsələsinin yoluna qoyulmasını istəyir ki, Bakıya səfərinin əhəmiyyəti olsun. Yəni bu, bir növ Bakıya ünvanlanmış ultimatuma bənzəyir: Əvvəlcə viza anlaşmasını masanın üstünə qoyun ki, Ərdoğanın Bakıya səfəri reallaşsın.

Ərdoğanın Bakıda müzakirə edəcəyi daha hansı məsələlər ola bilər?
– Əslində Azərbaycanla Türkiyənin müzakirə edəcəyi mövzu yetərincədir. Ilham Əliyev sentyabrda Ərdoğanla iki ölkə arasında Strateji Səviyyəli Əməkdaşlıq Şurasının yaradılmasına dair saziş imzalamışdı. Bu şuranı hərəkətə gətirmək üçün siyasi, iqtisadi, hərbi əməkdaşlığı ehtiva edən birgə komitələr yaradılmalıdır. Ərdoğanla Əliyev Bakıdakı müzakirələrdə şuranın fəaliyyətinə konkret istiqamət verməlidirlər. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi dalana dirənib. Belə olan halda da rəsmi Bakı davamlı olaraq müharibənin başlana biləcəyinə eyham vurur. Müharibə və ya lokal toqquşmalar başlayacaqsa, Azərbaycanın güclü arxaya ehtiyacı olacaq. Azərbaycanın yeganə arxası var: Türkiyə. Rusiya Ermənistanı silahlandırır, Iran isə qonşusuna iqtisadi investisiyalar yatırır. Buna görə də rəsmi Bakı Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi yolları haqqında düşünməli və vaxt itirməməlidir. Müharibə başlayacağı təqdirdə Naxçıvanın təhlükəsizliyi aktuallaşacaq. Türkiyə isə Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Bir sözlə, indiki zamanda Türkiyə ilə hərbi-siyasi müttəfiqliyin artırılması Azərbaycana hər zamankından daha vacibdir. Ancaq bu viza məsələsinin həllinin yubanması imkan vermir ki, iki ölkə arasında strateji mövzular ön plana çıxsın. Azərbaycan hakimiyyəti içində hansısa qüvvələr sanki Türkiyəni uzaq məsafədə saxlamağa çalışırlar. Belələri dolayısıyla Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı olduqlarını nümayiş etdirmiş olurlar. Bu isə işğalçının maraqlarına uyğundur.

Fizzə