“Xalqı hazırkı rejimə layiq bilmək onu təhqir etməkdir”

“Amerika Azərbaycanlıları”nın rəhbəri: “Azərbaycanda nəinki diktatura var, hətta o “normal diktatura” da deyil”

Elmar Şahtaxtinski: “Amerika ilə Azərbaycanın uzunmüddətli əlaqələrinin yeganə yolu ümumi dəyərlərdən keçir”

Amerika Azərbaycanlıları Demokratiya Uğrunda – AZAD təşkilatının rəhbəri Elmar Şahtaxtinski “Turan” agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik.

– Amerika azərbaycanlısı olmaq nə deməkdir?
– Amerika bu gün yaşadığımız cəmiyyətdirsə, Azərbaycan kökümüzdür, vətənimizdir. İmmiqrant xalq olsa da, amerikalıları birləşdirən dəyərlər, ideyalar var. Amerika mədəniyyəti o qədər sadədir ki, onu anlamaq, cəmiyyətə uyğunlaşmaq asandır.
Bəlkə də bu mədəniyyətdən irəli gələrək insanlar bir-birlərini o qədər də ayırmırlar: heç də ətrafımızdakı hər kəs bizə kökümüz, gəldiyimiz ölkə barədə suallar vermir, ancaq bilənlər bilir ki, biz azərbaycanlıyıq.

– Sadə amerikalılar Azərbaycanı necə xarakterizə edirlər: neft ölkəsi, qeyri-demokratik, yoxsa?
– Sadə amerikalılar arasında “Azərbaycan” adı o qədər də məşhur deyil, ancaq tanıyanlar hansı ölkədən gəldiyimizi bilirlər. Problemlər də məlumdur, neft də…
Əlbəttə, biz Azərbaycanı təkcə indiki günü ilə təqdim etmirik, tarixini və gələcəyini də təlqin edirik.

– Tarixdən bəhs etdikdə yəqin soyadınız da köməyinizə gələr… Şahtaxtinskilər arasından hətta bir əsr əvvəl cümhuriyyət dövrünün fədailəri çıxıb.
– Soyad, nəsil kimi amillərə o qədər də əhəmiyyət vermirəm. Əlbəttə, uşaq olanda ətrafımda ulu babalarımın, məsələn, Azərbaycan Xalq Cümhuriyyətində rolu barədə danışıblar. Ancaq bunun mənim indiki şəxsi fəaliyyətimdə elə də rolu yoxdur.

– Amma deyəsən, ötən il Naxçıvandan – “qohumlarınızdan” hədə məktubu almışdınız…
– O məktubu alanda güldüm və düşündüm ki, bu işi təşkil edən hakimiyyət rəsmiləri hətta Amerikaya məktub göndərəndə də öz klan təfəkkürlərini unutmurlar, elə bilirlər ki, burada da düşüncə tərzi eynidir.
Əslində, söhbət nəsildən getmir, diktator rejimləri qarşılarına çıxan hər kəsi bir yolla hədələyirlər. Unudurlar ki, bunun nəslə, tayfaya və ümumiyyətlə fərdlərə heç bir aidiyyəti yoxdur. Azadlığı istəyən hər bir azərbaycanlı demokratik dəyərlərin təmsilçisi, cümhuriyyətin və onun qurucularının varisidir.

– Amma bəzən belə təsəvvür yaradılır ki, azərbaycanlılar dəyişiklik, demokratiya istəmirlər, hazırkı hakimiyyət isə xalqın güzgüsüdür. Bu mənzərə kənardan necə görünür?
– Deyəndə ki, Azərbaycanda cəmiyyət demokratiyaya hazırdırmı, onu anlayırmı – gərək bu anlayışın hansı səviyyəsindən söhbət getdiyini dəqiqləşdirəsən. Azərbaycanlıların demokratiyanı İsveçrədəki kimi qavradığını demək gülməli olardı. Ancaq Azərbaycan xalqını hazırkı rejimə layiq bilmək, ondan yaxşı alternativ yoxdur demək də gülməlidir, xalqı təhqir etməkdir. Çünki burada söhbət insan düşüncəsinin hələ əsrlər əvvəl qavradığı dəyərlərdən gedir. Məsələn, oğurluq pisdir: bunu başa düşmək üçün min illər əvvələ, hər bir cəmiyyətdə qəbul olunmuş dəyərlərə, dini kitablara, qayda qanunlara baxmaq kifayətdir. Seçkiləri saxtalaşdırmaq olmaz:  20 illik müstəqillik tarixi olan bir ölkədə insanların bunu anlamadığını iddia etmək sadəcə gülməlidir.
Bəzən amerikalılar da sual edirlər ki, Azərbaycan xalqı saxtalaşdırılmamış seçkiyə, oğurluq etməyən məmurlara hazırdır? Bəli, hazırdır. Buna hər bir xalq hazırdır. 21-ci əsrdə buna hazır olmamaq xalqın ümumən özünün milli dövlətinə sahib olmağa qadir olmaması deməkdir.
Bəzən isə sualı belə qoyurlar ki, Azərbaycana Amerika kimi demokratiyanı aşılamaq üçün neçə il lazımdır? Bu suala cavab veririk ki, bizim problemimiz Azərbaycanı Amerika etmək deyil, minimal dövlətçilik prinsipləri qurmaqdır.

– Amerikalılar azadlığı necə başa düşürlər və onların nəzərində azərbaycanlılara azad olmaq üçün nə lazımdır?
– Cəmiyyətdə hamı ilə bərabər hüquqa malik olmaq, özünü həm iqtisadi, həm də siyasi baxımdan ifadə etmək hüququ – əsas azadlıq budur. Səni heç kəs və heç nə məcbur edə bilməz ki, istəmədiyin, inanmadığın şeyi danışasan… Əlbəttə, qanunlar da vacibdir, ancaq o, başqalarının azadlıqlarını tapdamamaq üçündür. Azərbaycanda insanları hakimiyyətə yaltaqlanmağa məcbur edirlər, buna necə azadlıq adı vermək olar?

– Bəs Azərbaycanı azad etmək üçün Amerika azərbaycanlılarının rolu nə ola bilər?  Nədən, haradan başlamaq lazımdır?
– İşin ağır hissəsi, əlbəttə ki, Azərbaycanda olan mübarizlərin üzərinə düşür və biz onların qarşısında baş əyirik mübarizələrinə görə. Bizim əsas işimiz isə içəridə azadlıq uğrunda mübarizə aparan qüvvələrə, fərdlərə dəstək olmaqdır. Söhbət burada səsimizi ucaltmaqdan, administrasiyaların, mətbuatın dəstəyini Azərbaycana cəlb etməkdən gedir.
Məncə, xaricdə yaşayan azərbaycanlılar özlərinin fərqli fikirlərini içəridəki azad düşüncəli insanlara çatdırmaqla da dəstək verə bilərlər, hər halda bəzən hadisələr kənardan tamam başqa cür görünür.

– AZAD-ı yaratmaq ideyanız da yəqin bu niyyətdən irəli gəlib. Ümumiyyətlə, sizin kimi düşünən azərbaycanlılar xaricdə nə qədərdir?
– Şəxsən mən əvvəllər Azərbaycandakı proseslərlə yaxından məşğul deyildim, daha çox müşahidəçi kimi baxırdım. Əlbəttə, narahatlıqlarım var idi, ancaq vəziyyət son illər artıq o dərəcəyə çatdı ki, orada gedən proseslərə – rejimə, diktaturaya, bütün insaniyyət qanunlarına zidd olan mühitə etiraz səsini qaldırmamaq  mümkün deyil.
Bir sözlə, ölkədə vəziyyət pisləşdikcə, onu gizlətmək də artıq mümkün deyil. Nə qədər pərdələməyə çalışsalar da, mümkün deyil. Xüsusilə də indiki internet dövründə. Və nə qədər çox reallıqlar açıq şəkildə çılpaqlığı ilə ortaya çıxmağa başlayır, bir o qədər azərbaycanlılar – fərqi yoxdur xaricdə, yoxsa içəridə – səslərini qaldırmağa qərar verirlər. Çünki başqa seçim yoxdur. Bu proses davam edir və edəcək.

– Amma bir sıra hallarda hakimiyyətin təbliğat maşını onların nəzarətində olmayan diaspor nümayəndələrini, məsələn, “nədən Qarabağ əvəzinə demokratiya məsələsini qaldırırsınız” deyə sorğuya tutur, sanki gözdən salmağa çalışırlar…
– Bu, olduqca gülünc arqumentdir və açığını desək, hökumətin oyunudur, tələdir. Deyirlər ki, bütün azərbaycanlıların ilk problemi Qarabağ məsələsidir, digər problemlər isə kənara qoyulmalıdır. Bu təsəvvür sadəcə nağıldır.
Əlbəttə, diaspor xarici ölkələrdə bu kimi məsələlərin qaldırılmasında və həllində mühüm rol oynaya bilər. Həqiqətən də Qarabağda Azərbaycana qarşı böyük cinayət, haqsızlıq törədilib. Ancaq bu işin həlli üçün əvvəlcə Azərbaycanda xalqın həqiqi iradəsini ifadə edən sivil dövlət qurulmalıdır və yalnız ondan sonra diasporun səyləri effektiv olar. Düzgün xarici siyasət, ordu və dövlətçilik mexanizmlərinin qurulması, oturuşması Qarabağ probleminin həllinə aparan ən uğurlu yoldur. Əks halda bu, nəticəsiz qalacaq.

– Sadə amerikalıya Azərbaycanın ABŞ üçün əhəmiyyətindən və prioritetlərdən bəhs etdikdə yəqin ki, onu ilk növbədə neftin qiyməti, təhlükəsizlik sualları maraqlandırır, nəinki demokratiya. Bəs görüşdüyünüz siyasətçilərə sonuncunun əhəmiyyətini necə izah edirsiniz?
– Biz deyirik: əgər siz bütün maraqlarınızı bir diktatordan, onun qərarlarından asılı edirsinizsə, bunu olduqca mənasız investisiyaya bənzətmək olar.
Digər bir məqam isə odur ki, dünyada yalnız nadir demokratik dövlət tapmaq olar ki, onun Amerika və Qərblə münasibətləri pis olsun. Fransa İraq məsələsində ABŞ-ın planlarında iştirak etməsə də, diktatorun yanında durmadı. Bu onu göstərir ki, demokratik ölkələr bir-birilərini daha yaxşı anlayırlar, çünki dəyərləri eynidir.
Beləliklə, aydın olur ki, Amerika ilə Azərbaycanın uzunmüddətli əlaqələrinin yeganə yolu ümumi dəyərlərdən keçir. Hər iki ölkədə minimal azadlıqlar və sivil dövlətlərin olması bu dəyərlərdəndir.
Azərbaycanda isə nəinki diktatura var, hətta o “normal diktatura” da deyil – ifşa olunmuş, hakimiyyətdə ola-ola oğurluq etməyi sevən bir rejimdir. Bu isə hətta “normal diktatorlardan” da təhlükəlidir və onlarla uzunmüddətli əlaqə qurmaq təhlükəlidir. Amerikalılar bunu 1979-cu ildə İranda da gördülər.
Amma bir şeyi anlamalıyıq ki, bu, Amerikanın seçimi deyil. Heç bir xarici dövlət gəlib Azərbaycan xalqının öz məsuliyyətini yerinə yetirməyəcək.
Qərbə gəldikdə, son illərin təcrübəsi də göstərir ki, o, alternativ görəndə rejimlərin tərəfində olmur. Əgər içəridə demokratlar təşkilatlanıb dəyişikliyə zəmin hazırlasalar, dəstək görəcəklər. “Ərəb baharı” ölkələrində olduğu kimi.