Bu, allahın “dili” idi…
Ictimai Televiziyanın direktoru Ismayıl Ömərovun Milli Məclisin deputatı Fəzail Ağamalı haqda dediyi – “Fəzail Ağamalı bizi tərifləsəydi, onda cəmiyyətin, insanların gözündən düşərdik. Şükür belə olmadı” frazası gündəmə bomba kimi düşdü. Iqtidarın önəmli ideoloji postlarından(?) birini tutan I.Ömərovun bu sözlərini ictimaiyyətin deputatlara verdiyi qiymətin təsdiqi saymaq olar, çünki heç kimə sirr deyil ki, Milli Məclis iqtidarın siyahısı ilə formalaşıb və onlardan xalqa ən yaxın olanı… bəlkə də elə tənqid olunan Fəzail Ağamalıdır…
El arasında Milli Məclisə “Oktay Əsədovun çayxanası” da deyirlər. Ölkənin bütün sərvətinə qonmuş 4-5 məmur-oliqarxın maraqları uğrunda gedən “savaş” istisna olmaqla, demək olar, bütün iclaslar əvvəlkilərin təkrarıdır. Son 17 ildə daimi seçilən deputatları bir-biri ilə bağlayan təkcə onların eyni təmkinə, eyni dünyagörüşlü olmaları deyil. Diqqətlə baxsaq görərik ki, onlar hətta xarici görünüşcə də bir-birilərinə bənzəməyə(!) başlayıblar. Eyni rasionda qida, təxminən eyni miqdarda mal-mülkə sahib olmaları, nəhayət, qanunları qəbul edərkən oxşar yanaşma və nitqlər onların antropologiyalarında da oxşarlıqları formalaşdırır. Mürgüləyən zaman başları aşağı enəndə, ümumiyyətlə, onları ayırd etmək mümkün olmur…
Bu, çox cəhətdən dini bir, imanı bir, yeməyi bir, içməyi bir olan bu 125 “qardaş-bacı”dan biri, uğurla o birisini tamamlayır. Milli Məclisin “müxalifət” hesab olunan deputatlarına gəldikdə isə, qənaətim budur ki, “əsas qvardiya” daha “səmimi”dir, çünki onlar heç vaxt siyasi reveranslarla məşğul olmurlar. Psevdomüxalifət deputatlarının sonda nazla qəbul etdiklərini onlar tərəddüdsüz qəbul edirlər, nə özlərini yorurlar nə bizi…
Milli Məclis çox təhlükəlidir
Yuxarıdan gələn istənilən qanunu imzalamağa hazır olan MM, hətta millətin maraqlarına zidd olan qanunları da gözüyumulu səsə qoyur və qəbul edir. Son günlər qəbul olunan belə qanunlardan biri haqda danışmaq istəyirəm. Hesab edirəm ki, mənimlə razılaşacaqsınız…
Bu günlərdə Milli Məclisin Bakı metropolitendə bəzi cəzaların tətbiq edilməsi ilə bağlı qanunun qəbul edilməsini göstərən kadrları seyr etdim. Yuxarıda söylədiklərimə bir daha əmin oldum, etiraf edim ki, qorxdum…
Mən uşaq vaxtı hind filmlərində bu ölkənin əyalətindən Bombeyə, Kəlküttəyə gələn qatarlardakı basabaslardan dəhşətə gəlirdim. Vaqonlar ət-ətə dayanmış insanlardan ibarət olurdu. Etiraf edim ki, bu səhnələr məni hind filmlərindən soyutdu, sonda ədalətin zəfərinə şübhə ilə yanaşmağa başladım, həddən artıq yoxsulların və hər şeyi pulla almağa qadir olan varlıların cəmiyyətindəki ədalətə inanmamağa başladım…
Üstündən 30 il keçdi və… qorxduğum başıma gəldi, Bakı metropoliteni mənə Hindistanı unutdurdu. Təxminən gündə iki dəfə 4-5 saat ərzində, “pik saatı” deyilən vaxtda, insanların qatara minmək üçün ölüm-dirim savaşı başlayır, vaqonlarda iynə atsan yerə düşmür. Qocaların sağlamlıq, qadınların mentalitet baxımından bu saatlarda metroya minmələri təhlükəlidir. Çünki qadınlar kiminlə ət-ətə (!), özü də hansı pozada duracaqlarını özləri “müəyyən” edə bilmirlər, bu insan burulğanında arzuolunmaz “qisməti” təsadüf (!) müəyyən edir. Və bütün bunlar azmış kimi, diktor xanım zavallıları “nəzakətə” dəvət edir: “Hörmətli sərnişinlər diqqətli olun, qocalara və uşaqlı qadınlara yer verin”. Bəli, sadə insanları ələ salmaq da yaddan çıxmır…
Iki gün əvvəl isə Milli Məclis metro qapılarının bağlanmasına mane olanları cərimə edəcək qanun qəbul etdi. Yəni “pik” saatı zamanı qabağa düşmək fürsətini fövtə vermək istəmirlər. Iqtidarın bilavasitə özünün yaratdığı “basabas”ından da qazanmaq hərisliyi təəccüblü deyil, amma onu qanuniləşdirən parlament, razılaşın ki, çox təhlükəlidir.