Tərif mübtəlaları

Yapçı deputat Eldar Ibrahimov “modern.az” saytına qızıl kimi qiymətli sözlər deyib: “Vaxtilə YAP-ı saymayan, YAP-a qulluq etməyən adamlar indi partiyanın gücünü görüb yaltaqlıq edir, məddahlıqla məşğul olursa, qoy olsun, bunun bizə heç bir zərəri yoxdur”. Professor Rafiq Əliyevin sözlərinə görə, yaltaqlıq da rüşvətdir. Bəli, rüşvətin onlara heç bir zərəri yoxdur. Bunu uşaq da bilir.
Burada daha bir maraqlı bir məqam var. Deputatın “vaxtilə saymayan”lar kəlməsindən belə çıxır ki, YAP-ın hakimiyyəti qəsb elədiyi 19 ilin hətta son illərinə və ya aylarına qədər özünü sındırmayan cəsarətli adamlar varmış. Ancaq onlara dəyib-dolaşan da yoxmuş. Çünki YAP onda güclü deyilmiş. Qəfildən güclənib və bu adamcıqlar artıq qılınc altından keçməyin vaxtı çatdığını anlayıblar. Lakin inandırıcı deyil. Yaltaq elə binadan yaltaq olub. Məsələn, bu gün 15 yaşlı sütül məddahları görəndə əmin olursan ki, bu hakimiyyətin xislətini anlayanlar hələ anasının qarnında bu peşəylə məşğul olurmuşlar. Ona görə də mənə elə gəlir ki, söhbət özünün müxalif düşərgəsini, əqidəsini, ideyalarını qara pula satıb, cib müxalifətinə çevrilən zavallılardan gedir.
Nə isə. Indi keçək yaltaqlığın, məddahlığın gərəkliliyinə. “Məddah adamlar da lazımdır ki, bizi tərifləsinlər, mədh etsinlər. Onsuz da partiya, hakimiyyət də bilir ki…”. Sual doğur: yaxşısansa, yaxşısan, pissənsə də pissən. Hamı da hər şeyi görür. Elə isə məddahı neynirsiz? Məncə, bu ya xəstəlik əlamətidi, yarımçıqlıq kompleksidi, ya da elə pis olduğunu bilməkdən doğur. Ataların bu sözü də havaya deyilməyib: “Dana göz eləməsə, öküz…”.
Baxın, bu dövlət bu ağılla, bu dərrakə ilə idarə edilir. “Məddahlar da lazımdır” nə deməkdi? Ağlınıza gətirə bilirsinizmi bu sözün alt qatında yatanları və bununla da toplumda hansı mənəvi mövcudluq şəkillərinin formalaşdığını? Əlbəttə, insan xarakterləri cürbəcür olur. Kimisə partiyaya üzv seçərkən onun məddah olmadığını təsbit eləmək asan deyil və heç gərəkmir də. Ancaq hamının açıq bildiyi şeyi, yəni bu partiyaya ancaq məddah, yaltaq xislətli adamların gərək olduğunu bir də səmimi şəkildə bir millət vəkili səviyyəsində söyləmək artıq mənəvi ölçülərin tam əhəmiyyətsiz bir şeyə çevrildiyinin, bir çürük qoz qədər dəyəri qalmadığının sübutudur. Açıq-aşkar bilinən şeyin bir də açıq-açığına söylənməsinin, mesaj verilməsinin artıq çörəyin yalnız yaltaqlıqdan çıxmasını qəbul eləmiş bu xəstə toplumu bundan sonra hansı günə salacağını düşünən varmı görəsən o “partiya və hökumət”də?..
Deputat, yaltaqların da lazım olduğunu və bundan heç bir zərər gəlməyəcəyini deyir. Gerçəkdənmi yaltaqlıq, məddahlıq olmadan yaşaya bilmirmiş bunlar? Bəs bu ölkənin psixiatrlarına nə gəlib? Yəni bu qədərmi çarəsiz xəstəliklə üz-üzəyik?
Quba üsyanı bir rayon əhalisinin təhqiri ilə başlanmışdı. Indi Ibrahimovun bu sözləri bütün xalqı, onun ləyaqətini, mənəviyyatını təhqir eləyir. Hətta deputat bir mənada bu sözlərlə toplumun üzünə sərt şillə çəkir və “siz busunuz” demək istəyir. Mənə elə gəldi ki, Ibrahimov “Onsuz da partiya, hakimiyyət də bilir ki, kim məddahdır, kim də ürəkdən, sadiqliklə ona bağlıdır” deməklə, özünün ikincilərdən olduğunu vurğulamağa çalışır. Bunu vurğulamağın nə demək olduğunusa hamı yaxşı bilir. Tutaq ki, Fəzail Ağamalını dindirsən, o da eyni cür deyəcək. Yəni ki, onun tərifləri səmimidi, qalanlarınkı yaltaqlıq. ITV-nin sədri I.Ömərovsa deyir: “Qeyd edim ki, Fəzail Ağamalı bizi tərifləsəydi, onda cəmiyyətin, insanların gözündən düşərdik. Şükür, belə olmadı”. Təsəvvür elədik. Və anladıq ki, bu hakimiyyət niyə xalqın gözündən bu qədər düşübmüş…