Fuad Qəhramanlı: “Artıq bu qurum Azərbaycan hakimiyyəti qarşısında demokratikləşmə ilə bağlı daha ciddi tələblər qoymaqdadır”
AŞ PA-nın yay sessiyasının son günündə qəbul edilən qətnamədə monitorinq altında olan ölkələrdə, o cümlədən Azərbaycanda ən çox problemli məsələlər əksini tapıb. Estoniyalı deputat Herkelin hesabatı əsasında qəbul olunmuş qətnamədə demokratiya, əsas insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə olunur.
Xüsusən də siyasi partiyaların maliyyələşdirilməsi, parlamentdənkənar müxalifətin təqib olunması problemləri də əksini tapır ki, bu da ədalətli seçkilər üçün zəruri olan plüralizm və demokratik atmosferin yaradılmasına mane olur. Qeyd edək ki, Herkel Azərbaycana dair növbəti hesabatın 2013-cü ildə AŞ PA-nın yanvar və ya aprel sessiyasına təqdim olunacağını da deyib.
Xatırladaq ki, son dövrlərdə beynəlxalq qurumlar, o cümlədən Avropa Birliyi Azərbaycan hakimiyyətinə qarşı daha sərt mövqe ortaya qoyur. Rəsmi Bakı tənqidləri qəbul etməsə də, bəzi hallarda güzəştə getməyə məcbur olur. AŞ PA-nın sessiyası ərəfəsində vicdan məhbuslarının bir qisminin azad olunması bunu deməyə əsas verir. Belə olan halda hər zaman loyallığı ilə seçilən Avropa Şurasının daha qətiyyətli mövqe ortaya qoyması nə vəd edir?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu vaxta qədər Azərbaycan cəmiyyətində haqlı olaraq Avropa Şurasına qarşı etimadsızlıq ovqatı formalaşdığını deyir. Bu münasibət vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən siyasi partiyaların, Ictimai Palatanın Avropa Şurasına həmməruzəçilərin dəyişdirilməsi ilə bağlı müraciətində də açıq şəkildə ifadə olundu. Qəbul edilən son qətnamədə Azərbaycanla bağlı əks olunan məsələlər Avropa Şurası rəhbərliyində müəyyən narahatlıqların yaratdığını göstərir. Çünki bu vaxta qədər Avropa Şurasının mövqeyi başqa beynəlxalq qurumların mövqeyindən zəif görünürdü. Görünür, bu qurumda da məsələlərə obyektiv münasibətin göstərilməsi zərurətini qəbul edirlər. Siyasi məhbuslar üzrə məruzəçi Ştrasserin açıq şəkildə Azərbaycan hakimiyyətinin korrupsiya vasitəsilə Avropa Şurasında müəyyən münasibətlərə təsir göstərdiyini dilə gətirməsi onu deməyə əsas verir ki, Avropa Şurası Azərbaycanla bağlı məsələlərə yaxın perspektivdə daha diqqətli və prinsipial yanaşacaq. Hər halda bunun üçün artıq real əsaslar yaranıb. F.Qəhrəmanlının fikrincə, Avropa Şurasında belə münasibətin yaranması Azərbaycan ətrafındakı beynəlxalq təzyiq halqasının daraldığını göstərir. Artıq bu qurum Azərbaycan hakimiyyəti qarşısında demokratikləşmə ilə bağlı daha ciddi tələblər qoymaqdadır.
Fizzə