Nabatəli Qulamoğlu: “Nə qədər ki, məktəblər seçki məntəqələri və Əliyevlərə aid kitabları satmaq üçün mağaza rolunu oynayacaq, müsbət nəticə gözləməyə dəyməz”
Qızmar yay günlərində həm gəncləri, həm də onların valideynlərini maraqlandıran əsas məsələ imtahanlardır. Artıq orta məktəblərin buraxılış imtahanları geridə qalıb. Məlum olduğu kimi, bu ildən etibarən orta məktəblərin buraxılış imtahanlarını keçirmək səlahiyyəti Təhsil Nazirliyindən alınıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu ilə söhbətimizə də məhz bu məqamdan başladıq:
– Buraxılış imtahanları bitdi. Nəticələrin müzakirəsi isə hələ çox çəkəcək. Sizin qənaətiniz necədir?
– Ciddi bir yenilik görmürəm. Hesab edirəm ki, bu imtahanlar əvvəlkilərin fəlsəfi təkrarıdır.
– Belə çıxır ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarla Təhsil Nazirliyinin keçirdiyi imtahanlar arsında fərq görmürsünüz?
– Xeyr, fərq böyükdür, lakin biz tamamilə müxtəlif aspektlərdən yanaşırıq. Mən demək istəyirəm ki, istər əvvəlki, istərsə də builki imtahanlar Azərbaycanda funksional savadsızlığa doğru trend başlandığını və bunun inkişaf etdiyini göstərdi. Məleykə xanım bildirir ki, buraxılış imtahanlarında hər rayondan adını düzgün yaza bilməyən 5-6 nəfər var. 2006-cı ildən başlayaraq məzunların 80 faizi ali məktəblərə imtahan vermək gücündə deyil. Builki buraxılış imtahanları bu həqiqəti bir daha sübut etdi. Belə ki, 9-cu sinfi bitirənlərin 80 faizindən çoxu, 11-ci sinfi bitirənlərin isə 60 faizi buraxılış imtahanlarında “2″ və ”3″ qiymət alıblar. Testlərin bəsitliyini və qiymət kriteriyalarının güzəştli olmasını nəzərə alsaq, elə “3″ alanlar da ”2″ alan deməkdir. Yəni, əvvəlki statistika daha pis şəkildə davam edir. Siz isə məsələnin digər aspektini – imtahanlarda kütləvi korrupsiya hallarının olub-olmadığını nəzərdə tutursunuz. Əlbəttə, bu nöqteyi-nəzərdən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlar müsbət yenilikdir. Artıq məktəb direktorları buraxılış imtahanlarına görə pul yığa bilmədilər. Amma istisnalar olmadığını iddia edə bilmərəm.
– Axı niyə bu işin öhdəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələ bilir, Təhsil Nazirliyi isə yox?
– Səbəblər çoxdur. Bəziləri bilərəkdən məsələni əsl mahiyyətindən sapdırırlar. Bəzən isə media qərəzli ekspertlərin hay-küyünə uyur. Nəticə olaraq, kimi bilərəkdən, kimi də səhvən siyasi hakimiyyətin məqsədlərinə xidmət edir. Məhz hakimiyyət şərait yaradır ki, bərbad təhsilin günahı bütövlükdə Təhsil Nazirliyinin üzərinə düşsün. Amma fakt odur ki, bu, hakimiyyətin məsuliyyətidir. Nə qədər ki, təhsil müəssisələri seçki məntəqələri və Əliyevlərə həsr edilmiş kitabları satmaq üçün mağaza rolunu oynayacaq, onun rəhbərliyinə Məleykə Abbaszadə də gətirilsə, pozitiv nəticə gözləməyə dəyməz. Diqqət yetirin, bu ilə qədər buraxılış imtahanlarına salınmış testlər təhsil standartlarına uyğun idi. Bunun öhdəsindən isə gəlmək, demək olar ki, mümkün deyildi. Deməli, bilərəkdən korrupsiya üçün şərait yaradılırdı. Bu il isə testlər xeyli asanlaşdırıldı və fənlərin sayı ikiyə endirildi. Demək olar ki, vurma cədvəlini bilənlər riyaziyyatdan müvəffəq qiymət aldılar. Məgər bunu əvvəl etmək olmazdı? Əgər şagird sərbəst şəkildə imtahan verə bilsə, o heç kimə rüşvət verməz. Ona görə də əvvəlki imtahanlarla builkilərin müvəffəqiyyət fərqi azdır. Sadəcə, əvvəl çətin testlərdən pul verməklə keçirdilər, indi isə asan testlərdən pulsuz keçdilər. Indi bunun təhsilin gələcək inkişafına nə dəxli oldu?
– Bəzi ekspertlər Sizi Təhsil Nazirliyinin müdafiəçisi qismində görürlər…
– Nəinki bəzi ekspertlər, hətta bəzi hörmətli dostlarım da belə hesab edirlər ki, mən naziri və nazirliyi günahsız sayıram. Əslində, onları çox sərt tənqid edirəm. Təhsil Nazirliyi icraçıdır. Icraçı ilə sifarişçinin günahlarını bərabərləşdirmək olmaz. Onu da deyim, neçə illərdir ki, məhz həmin adamların göstərişi ilə mənə yarım stavkadan artıq dərs verilmir. Yəni, “proletariatın zəncirdən başqa itirəcəyi br şey yoxdur”.
– Səhv etmirəmsə, Siz müsahibələrinizin birində təhsildə müsbət tendensiyalardan söz açmışdınız. Doğrudanmı təhsildə yaxşı olan nəsə var?
– Əlbəttə, var. Ən yaxşı cavabı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatları ilə vermək olar. Hər halda, bu qurumun məlumatları şübhə doğurmaz. Daha hazırlıqlı məzunlar ildən-ilə daha yaxşı göstərici nümayiş etdirir və bunun nəticəsində yüksək müsabiqə vəziyyəti yaranır. 2010-cu ildə belə məzunların sayı 8,58 faiz, keçən il isə 9 faizdən bir az artıq olmuşdu. Əvvəlki illəri araşdırdıqda faiz nisbətlərini azalan xətlə göstərmək olar. Hər halda, bu reallıqdır və bunu deməmək olmur. Amma bütövlükdə təhsilin bərbad vəziyyətdə olduğu da göz qabağındadır.
Həmişə demişəm, bizdə təhsilə ayrılan maliyyə onu inkişaf etdirmək üçün deyil, görüntü məqsədilə xərclənir. Ya iri məktəb tikintisinə yönəlir, çünki korrupsiya üçün meydan var, ya da kimisə mükafatlandırırlar, burada da subyektiv yanaşma korrupsiya şəraiti yaradır. Əgər təhsilin inkişafında maraqlıdırlarsa, birinci növbədə müəllimi dilənçi məvacibdən xilas etsinlər. Amma hər şey nağıldakı kimidir: atın qabağına – sümük, itin qabağına- ot.
– Buraxılış imtahanlarından daha hansı nəticələr çıxarmaq olar?
– Daha bir vacib məqamı qeyd etmək mümkündür. “5″ qiymət alan məzunlar müxtəlif bölgələr üzrə 4,6-10 faiz civarındadır. Məzunların ümumi sayının hər il təqribən 110 min olduğunu nəzərə alsaq, təqribi demək olar ki, 5000 məktəbə 7000 əlaçı düşür. Bu fakt da yalnız o zaman öz təsdiqini tapa bilər ki, əlaçılar həm Azərbaycan dilindən, həm də riyaziyyatdan ”5″ almış olsunlar. Deməli, Azərbaycanda ən yaxşı halda hər məktəbə bir əlaçı düşür.
Aytən


