123-cü kameranın yeni sakini…

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Beləcə, Bayıl türməsində 123-cü kameranın qapısı ağzındakı pıçıltı içəridəkilərdə yaxşı duyğular yaratmamalı idi. Üstəlik, biz bu pıçıltı tərəflərilə bağlı məlumatlı deyildik. Bayıl kimi qapalı həbsxananın dəhlizində, bizim (yaxud hər hansı başqa) kameranın qapısının o üzündə, hətta iki naməlum dustağın da pıçıldaşması ürəyəyatan əlamət sayıla bilməzdi. Belə yerlərdə dustağın nəzarətçilərsiz dəhlizlərdə hərlənməsinin bir yığın xoşa gələn və gəlməyən səbəbləri ola bilər.
Amma az sonra bu pıçıltılar anlaşılan səslərlə əvəz olundu. Anlaşılan bu oldu ki, kameraya yeni adam gətirirlər. Bu adamın kimliyi adamın kamerada zühuruna qədər ciddi suallar yaratmamalı idi. Hər kimsə, dustaqdı. Kamerada cəmi bir boş yer vardı. Bu yer qapı ilə üzbəüz “reşka”nın altındakı çarpayının ikinci mərtəbəsi idi. Gələn adam burada yerləşməli idi. Təbii, əgər gələn adamın pıçıltıları pıçıldaşdığı adamla anlaşılan bir şəkildə başa çatsaydı, bu çarpayı öz sahibinə yerlik edə biləcəkdi. Daha bir neçə dəqiqə sonra açarlar cingildədi. Daha çox açar cingildəməli idi. Çünki saat altını keçmişdi və altıdan sonra kameraların qapısı bütün siyirmələr və rəzələr üzrə bağlanırdı.
Bütün açarlar hərlənib başa çatandan və bütün kilidlər açılıb qurtarandan sonra qapı açıldı, kameraya hündürboylu, idmançı cüssəli, cantaraq, dalğın, qara və enli sifətinin ön tərəfində qartal burnu hərləyən yaraşıqlı bir gənc daxil oldu. O, əlindəki selofan paketi kameranın ortasındakı stolun üzərinə qoydu. Tərəddüdlə ətrafına baxdı. Dərhal da özünə gəlib, “Allah qapınızı açsın” parolunu söylədi. Elxan qabağa çıxdı. (Siz onun haqqında hələ heç nə bilmirsiz, baxmayaraq ki, o, xeyli vaxtdır, buradadır. Amma biləcəksiz). Kameradakı boş yeri yeni gələn gəncə təqdim etdi: “Bu ”şkonka” boşdur”, – dedi.
Yeni gələn, stolun böyründəki ümumi kətilə çökdü: “Adım Rafiqdir, – dedi. – Iki gündü tutulmuşam. Yasamal polisindən gətirildim”. Sonra başını çiyninin üstündə zorla tuturmuş kimi, sifətində əzablı ifadələr hərlədi. Bu ifadə, çiyninin üstünə ağır bir yük qoyulmuş adamın sifət cizgiləri ilə eyni idi. Məsələn, un kisəsi. Bizim kəndimizdə Əlicavad adlı bir kişi vardı. Axşamlar dükanın qabağında durub alver edənlərin yükünü çəkərdi. Kimsə bir kisə un aldımı, Əlicavad dərhal onun başının üstünü alardı. Kisənin cəhəngindən yapışıb çiyninə atardı. Amma Əlicavad Herkules-zad deyildi. Kisəni çiyninə almaq üçün ən azı, kisə boyda olana qədər qatlanardı, sonra kisə ilə bərabər ayağa qalxardı. Hərçənd, Əlicavadın boyu un kisəsindən bir-iki qarış artıq olardı, amma hər halda, qatlanmaq lazım gələrdi. Un alanın işarəsini-filanını gözləmədən onun evinə tərəf yol alardı. Yol boyu un kisəsinin yuxarıdan təzyiqi və Yer kürəsinin aşağıdan cazibəsi arasında qalan Əlicavadın sifətindəki həmin ifadə heç zaman xəyalımı tərk eləməyib; indi Bayıl türməsindəki bu kamerada oturub Yer kürəsinin cazibəsindən qopmaq istəyən bu iri taxtalı gəncin sifətindəki ifadənin Əlicavadla eyni ağrını daşıdığını gördüm. Əlicavad un kisəsi daşımaqdan başqa heç bir işin öhdəsindən gələ bilmirdi. Kənd yerində min cür iş olur – yer belləməkdən tutmuş, naxıra getməyə qədər. Bu qədər işin heç birini bacarmayan Əlicavad un kisəsindən yapışmışdı. Başqa kisələr də ola bilərdi. Məsələn, qənd və sair ərzaq malları. Amma kənddə adətən unu kisə ilə alırlar. Qənd və ya başqa (deyəsən, kisə ilə alınan başqa bir şey yoxdur axı) ərzaq mallarını ya toy, ya da yas mərasimlərindən bir gün əvvəl alarlar, onu da daşımaq üçün maşın-traktor gətirərlər və burada Əlicavadlıq bir iş olmaz.
Rafiqin kimin kisəsi ilə uğraşdığı bəlli deyil. Amma peşəkar dustaq olan Seyid dərhal mənə göz vurdu. Yəni, “bu adam ”narkuşa?”dır eyhamı ilə. Rafiq sifətindəki ağrıları bir təhər büküb: “Mən uzanmaq istəyirəm, məni bağışlayın”, – dedi və ona göstərilən yerə dırmaşdı. Yerini rahatlaya-rahatlaya, “iki gündür yata bilmirəm, gözümə yuxu getmir, başım partlayır”, – deyə mızıldandı. Onun bu son açıqlamaları həm də bir növ şikayət janrında idi. Amma burada şikayəti qəbul edəcək adam yox idi. Rafiq isə bu detallara fikir vermədən yerində rahatlandı, qurcuxması kəsildi və yatmış adam kimi nəfəs almağa başladı. Seyid pıçıltı rütbəsinə qədər endirilmiş səslə “onun yuxuya gedə bilməsi möcüzədir”, – dedi.
Amma bu möcüzə uzun sürmədi. Bir neçə dəqiqədən sonradan Rafiq yenidən yerində hərlənməyə başladı. Onun çarpayı ilə süpürləşməsi səhərə qədər davam etdi.
Səhəri gün onunla daha yaxından tanış ola bildik. Adam bir əcnəbi neft şirkətinin Bakıdakı nümayəndəliyində mühafizəçi işləyirmiş. Əlinə bir az pul gəlirmiş, babat maaşı varmış, amma maaşın məxaric hissəsini planlaşdırmaqda problemlər yaşayırmış. Həm də “pis uşaqlara” qoşulubmuş, yəni “xarici siyasət”ini də uğurla tərtib edə bilməyib. Büdcənin pis xərclənməsi və uğursuz xarici siyasət onu heroin satanların ünvanlarına qədər aparıb çıxarıb. Günün birində Rafiq başa düşüb ki, o, narkomandır və adamın başının üstündə Allah var, çalışıb ki, bu statusu dəyişsin. Cəhdləri çox olub, amma hamısı uğursuzluqla nəticələnib. Ən özəl söhbətlərindən anlaşılan bu oldu ki, narkomanlıq onun, hətta atası ilə münasibətlərində də ciddi fəsadlar yaradıb. Indi onunla yalnız həyat yoldaşı maraqlanırdı və bu qadın onun depressiyadan çıxmasının tək stimulu idi.
Rafiq mütaliəni xoşlayırdı. Söhbətləri də mütaliəli adam təəssüratı yaradırdı. Üstəlik, bu təəssürat həm də onunla zənginləşirdi ki, Rafiq hər cür zir-zibili də oxumağa ərinməyib. Amma nə eybi var? Adam kitablarla ünsiyyət yapmağı bacarıb; o qədər axmaq-axmaq kitablar oxuyub ki, axırda hətta narkoman da olub. Indi kameraya onun üçün kitab daşıyırlar. Daha doğrusu, həyat yoldaşı gətirir. Rafiq Iqor Kolıtsev adlı bir rus yaramazın kitablarını oxumağa dəm verib. Bu kitablar rus skinhedlərinin bədii obrazını yaradır, onları müasir Rusiya cəmiyyətinin əsas qəhrəmanları, xilasediciləri kimi təqdim edir. Bu kitablarda azərbaycanlılar və başqa millətlər çox aşağılanır və Rafiqin bu aşağılanmaq hobbisinin niyə bu qədər dərin olduğunu heç başa düşmürəm. Onunla danışıb mütaliə istiqamətlərini dəyişdirməyə cəhd edirəm. Bir neçə seansdan sonra başa düşürəm ki, narkomanlıqdansa, Kolıtsevlə maraqlanmaq daha yaxşıdır və adamdan əl çəkirəm.
Rafiqin bir neçə özünəməxsus davranış etiketləri vardı. Bu etiketlər onun həbsxana üçün doğulmadığını dəqiqləşdirməyə bəs edirdi. Məsələn, Rafiq məişətlə bağlı söhbətlərə meylli adam idi və bu meyl onda lazımsız dərəcədə artıq olan səmimiyyət yaradırdı. Hərdən ona elə gəlirdi ki, bu kamerada olan dustaqlar onun əbədi seçimi olan insanlardır və onlarla ən kövrək duyğuları bölüşmək olar. Bu “əbədi seçim”in önəmli kəsimində belə təəssürat yarana bilərdi ki, o, özünü isti münasibətlərə sırımaq üçün bu qədər səmimi görünmək istəyir.

Ardı var