Göyçayda şəkər xəstələrinə divan tuturlar

Növbələrdə tez-tez dava-dalaş olur

Göyçayda şəkər xəstələrinə dərman preparatlarının verilməsində yaranan problemlərin aradan qaldırılması və aidiyyəti qurumlara müraciət edilməsi üçün Göyçay rayon Işçi Qrupunun üzvləri imza toplanılmasına başlamaq barədə qərar veriblər. Bu barədə gozetci.az saytı məlumat yayıb.
Məlumata görə, iyunun 19-da Göyçay rayon Işçi Qrupunun üzvləri rayonda şəkər xəstələri üçün dərman preparatlarının paylanılmasının vəziyyətini müzakirə ediblər. Göyçayda aparılan müşahidələrdən məlum olub ki, hər ayın 2 və 4-də şəkər dərman preparatlarına ehtiyacı olan vətəndaşlar rayondakı xəstəxanadan dərman almaq üçün çox böyük əziyyətə qatlaşırlar, saatlarla növbələrdə dayanırlar. Rayon sakinlərinin dediyinə görə, hətta xəstələrlə həkimlər arasında mübahisələrin yaranması, bir-birlərinə fiziki güc tətbiq etməsi və qapı sındırma halları da müşahidə edilib. Iyunun 2-də bu məsələ ilə bağlı aprılan müşahidələr və araşdırmalardan sonra Göyçay rayon Işçi Qrupu belə qərar qəbul edib ki, ən azı kənd tibb məntəqləri kəndlərdə yaşayan şəkər xəstələrini dərmanla yerində təmin edə bilər.

Problemin həlli üçün iyunun 20-də Işçi Qrupunun üzvləri rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla görüşüblər. Görüş zamanı Işçi Qrupunun üzvlərinin şəkər xəstələri üçün dərman preparatlarının bir hissəsini kənd tibb məntəqələri vasitəsi ilə paylanması təklifinə Famil Zeynalov “belə olmaz” cavabı verib və fikrini kənd tibb məntəqələrində şəkər xəstəliyi üzrə mütəxəssislərinin olmadığı ilə əsaslandırıb.
Göyçay rayon Işçi Qrupunun üzvləri bildirirlər ki, onların şəkər xəstələri üçün ayrıca bir ixtisaslaşmış tibb müəssisəsinin, aptekin yaradılması, eyni zamanda onlara verilən dərman preparatlarına görə ayrılan pulların şəkər xəstəliyi olan vətəndaşların pul kartlarına köçürülməsi təklifini baş həkim təqdir edib. Görüş zamanı baş həkim belə vəziyyətin yaranmasına səbəbi kimi Maliyyə Nazirliyinin şəkər xəstələrinin sayına və xəstəliyinin dərəcəsinə görə onların istədiyi maliyyəni ayırmaması göstərib. “Baş həkim dedi ki, lazımi maliyyə vəsaiti ayrılmadığı üçün bütün şəkər xəstələrini dərmanla təmin etmək olmur və çatmayacaq deyə xəstələr arasında belə narahatçılıqlar yaşanır”.

Baş həkim məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə dəfə məlumat verdiyini də deyib.
Iyunun 23-də isə Göyçay rayon Işçi Qrupunun üzvləri iclas keçirərək Göyçay rayonunda şəkər xəstələrinə dərman preparatlarının rahat və səmərəli paylanması üçün ixtisaslaşmış aptekin yaradılması və dərmanların pulunun xəstələrin kartlarına köçürülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı imza toplanılmasına başlamaq barədə qərar verib.
Rayondan aldığımız məlumata görə, xəstələr preparatları almaq üçün dəridən-qabıqdan çıxırlar. Bu barədə “Azadlıq”a danışan rayon sakini deyir ki, bir dərmanı almaq üçün o dünyanı görüb-qayıdırlar: “O qədər basabas yaradırlar ki, bilmirik nə edək. Artıq dərman alanda savaşa çıxırıq. Yayın istisində növbəyə durmaq çox çətindir. Niyə bir ünvanda dərmanları paylayırlar? Olmazmı kəndlərdə tibb məntəqələrinə preparatlar paylanılsın? Belə olsa, daha əziyyətə qatlaşmarıq”.

Ramin DEKO