“Qaçqınkom” kimə lazımdır?

Təbii ki, Əli Həsənovdan başqa…

 

Azərbaycanda hər hansı dövlət qurumuna cavabdeh olan məmurların həmin sahəni çapıb-talayıb, sərvət toplaması adi haldı. Bu ənənə, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq soydaşımızın problemlərilə “məşğul olan”, qısa adı xalq arasında “Qaçqınkom” olan qurumdan da yan keçməyib.
Qaçqınlara edilən yardımlar, işğal olunmuş rayonların icra strukturları bilavasitə bu qurumun nəzarətindədir. Edilən bütün beynəlxalq və dövlət yardımları, tikilən qəsəbələr, qaçqınlara verilən torpaq sahələri və s. addımlar birbaşa bu qurum vasitəsilə həyata keçirilir. 15 illik fəaliyyətinə nəzər saldıqda, bu qurumun əslində, qaçqınların boğazlarına şərik olduğu daha qabarıq nəzərə çarpır.

“Qaçqınkom”un payı”

1994-cü ildən beynəlxalq humanitar təşkilatlar hər ay qaçqınlara ailə başına ərzaq yardımları verməyə başladı. Şəkər tozu, bitki yağı, quru süd, düyü, un, pal-paltar, bir sözlə, yaşamaq üçün zəruri olan tələbat malları verilirdi. Təbii ki, bu işləri yeni yaradılan “Qaçqınkom” həyata keçirirdi, yəni nəzarət edirdi. Dünənə qədər hər cür şəraiti olan, bir anın içərisində hər şeydən məhrum olan binəvalar sıxıla-sıxıla bu yardımı almağa gedirdilər. Yardımı, ağına-bozuna baxmadan, səs-küysüz alıb, mümkün qədər oradan tez uzaqlaşmaq istəyi, bu yardımı paylayan məmurların işinə yarayırdı.
Hər şey də bundan başladı. Təxminən ikinci aydan başlayaraq, verilən yardımların həcmi kağızda yazılanlarla uyğun gəlməməyə başladı. Fərasətli məmurlar ilk növbədə xalq arasında razılığın, həmrəyliyin atributlarından olan şəkər tozundan başladılar. Hər paydan 300 qram!.. Sonra digər ərzaq növləri də bu aqibəti “yaşadı” Qaçqınlar arasında buna “Qaçqınkomun payı” deyirdilər. Nəzərə alsaq ki, bu yardım bir milyona yaxın insana verilirdi, bu “pay”ın maliyyə ekvivalenti milyonlarla ölçülürdü. Beləliklə, qaçqınların bir balaca kəmərlərini “sıxması”, (islanmışın yağışdan nə qorxusu…) bu sahənin məmurlarını bəxtəvər etdi – şəraitlərini yaxşılaşdırdılar, sifətləri enləndi, boyunlarının arxasında qırışlar əmələ gəldi və s.

Siyasi sabitlik (?)

Bu sahədə vəziyyət ölkədəki kimidir. “Qaçqınkom”un sədri bilavasitə işğal olunmuş rayonların hakimiyyət strukturlarına nəzarət edir. Konkret olaraq, Cəbrayıl rayonunu götürək. Icra Hakimiyyətinin başçısı, polis rəisi, Milli Məclisin Cəbrayıldan olan deputatı sədr Əli Həsənovun həmkəndliləridir. 70-dən çox kəndi özündə birləşdirən rayonun rəhbər kadrları əsasən, həmin Mərcanlı kəndindən olanlardı və əksəriyyəti də qohum-əqrəbadır. “Qaçqınkom”da da onlar böyük əksəriyyət təşkil edirlər.
Ölkədə bu qədər ifrat dərəcədə qohumluq və yerlibazlıq prinsiplərilə idarə olunan ikinci bir rayon tapmaq çox çətindir. Bu metod bir növ idarəetməni “asanlaşdırır”. Belə ki, başqa kənd sakinlərinin rayon rəhbərliyində təmsilçiləri olmadığı üçün onlara hər hansı məsələdə verilən rədd cavabı, müzakirə olunmur – “əşşi, onlarla bacarmaq olmaz, arxalarında görmürsünüz kim durub?” deməklə keçinirlər.
Rayonda fəaliyyət göstərən müxalifət partiya üzvləri və azad fikirli insanların hamısı daim təqibdədir. Onların yaxınları belə, bir parça çörək qazanmaq üçün min bir məşəqqətlərə dözməli olurlar. Və ən qəribəsi də odur ki, bəhanə də gətirmirlər. Səbəb olaraq, həmin şəxsin qohumunun cəbhəçi, yaxud da müsavatçı olmasını vurğulayırlar. Son seçkidə həyat yoldaşı səhvən müstəqil namizədin görüşünə getdiyinə görə, hətta adi bağbanın da işinə son verdilər(!).
Icra hakimiyyəti və ya komitədən şikayət etmək, yaxud sadəcə, narazılıq bildirmək odla oynamaq kimi bir şeydir.
“Qaçqınkom” məmurlarının və icra nümayəndələrinin isə obyektlərinin sayı durmadan artır – yeni ticarət mərkəzləri, özəl klinikalar və s. Halbuki, 15 il əvvəl onların heç Bakıda bir mənzilləri belə yox idi. Binəva qaçqınlar üçün hər yeni layihə bu məmurların varlanmasına gətirib çıxarır. Qəsəbə salınır, evləri az qala dəyərinə satırlar, hələ tikintisində yeyilən pullar bir yana qalsın…
Bu da azmış kimi, Biləsuvar rayonunda qaçqınlara ayrılmış yüz hektarlarla əkin sahəsi müəmmalı şəkildə, “Azərsun holdinq”ə verilir. Onlara kənd təsərrüfatı ilə məşğul olmağa şərait yaratmaq əvəzinə, keçilməz bürokratik sədd quran bu qurum torpaqların özəl şirkətə verilməsinə nail olur. Bu, yanlış siyasi addımdır. Bu “işğal” nəticəsində torpaqlarına ikinci dəfə “əlvida” deyən qaçqınların bu azmış kimi, Biləsuvar rayonunun mərkəzinə 6 kilometrlik yolu da 22 kilometr oldu. Çünki qısa yol artıq şirkət torpaqlarıdır.

Çörəkpulu rəzaləti

Nəhayət, ona da əl qoydular. Söhbət adambaşına hər ay dövlət tərəfindən verilən 10 manat həcmində puldan gedir. Və yeganə vəsait idi ki, “Qaçqınkom” buradan “öz payını” birbaşa götürə bilmirdi. Yəni, məcburi köçkünlər 10 manatı tam olaraq(!) alırdılar. Və bu vəsaitin ödənişi xüsusi kartla, bank vasitəsilə həyata keçirilirdi. “Qaçqınkom”u da qıcıqlandıran elə bu idi. Dərhal “tədbirlər planı” hazırlandı. Qaçqınlara verilən vəsiqələr ləğv olundu. Bu vəsiqə bir çox yerlərdə lazımsız arayışları əvəz edirdi. Bürokratik arayış tələbetmə mexanizmi işə düşdü. Komitə yetkililəri hər xırda şeyə görə arayış tələb etməyə başladılar. Təsəvvür edin ki, bir yaşlı köçkün təkcə pensiyaya görə ildə 2 dəfə yaşadığı yerdən arayış almalıdır ki, filan yerdə məskunlaşmışam və hələ sağam, ölməmişəm(!). Bu tip arayışların sayı bir ildə sadə qaçqın üçün 20-yə qədər olur. Arayışların da qiyməti bir manatdan başlayır. “Qaçqınkom” işi elə qurub ki, bütün arayışlar bu qurum vasitəsilə verilir və demək olar ki, əksəriyyəti elə özlərinə təqdim edilmək üçün… Gülməlidir, deyilmi?!
Arayışı alandan sonra isə əlavə olaraq, məskunlaşdığın ərazi üzrə icra nümayəndəsinə də möhür vurdurmalısan. Minimum bir manat da ora gedir. Xalq arasında artıq çörəkpuluna “arayışpulu” deyirlər. Təxmini hesablamalara görə, ildə “arayış biznesindən” ən azı, 10-20 milyon manatdan çox “gəlir” götürülür. Bunun 40 illik “şanlı” rüşvət tariximizə ilginc gerçəklərdən biri kimi daxil olacağı şübhəsizdir.
Indi həmin bu başıbəlalı çörəkpulu ləğv olunur. Guya daha çox ehtiyacı olanlara verəcəklərmiş… Təxminən ünvanlı sosial yardım hoqqasına bənzəyən bir şey olacaq. Yəqin, “Qaçqınkom” işçiləri də qapı-qapı gəzib altı ayın “şapka”sını qabaqcadan istəyəcəklər və biçarə qaçqınlar bir az kəmərlərini sıxacaqlar. Başqa yol yoxdur, gözlərini buna dikən ailələr çoxdur. Əvəzində məmur soydaşlarımız “kəm-kəsirlərini” bir az da düzəldəcəklər.

Məmurlara meydan oxuyan 65 yaşlı qaçqın qadın

Iki ay öncə mənə Novxanıda yaşayan dostum “Qaçqınkom”un rəhbərliyində təmsil olunanlardan birinin oradakı villasını göstərdi. Bir neçə hektar ərazini əhatə edən, dəyəri milyonlarla ölçülən bu zəhmli imarət nəinki  yoxsulluğa, hətta Novxanıya belə, meydan oxuyacaq qədər möhtəşəm idi.
Iki gün əvvəl isə, “Xəzər” televiziyasında Şuşadan didərgin düşmüş 65 yaşlı məcburi köçkün qadının qışın bu soyuğunda, kartondan düzəltdiyi çadırda yaşadığını göstərən kadrlar nümayiş etdirildi. Xanım-xatınlığı hələ çöhrəsini tərk etməmişdi bu qadının. Həmin kadrlara baxıb, göz yaşlarını saxlamaq mümkün deyildi. Qadın isə əksinə, qürurluydu, sanki hamımıza meydan oxuyurdu….

Xaqani Əliyev