Elxan Şahinoğlu: “Son imzalanma Əliyevin öz siyasətindən əl çəkdiyini göstərir”
Istanbulda Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən “Trans-Anadolu” qaz kəməri (TANAP) ilə bağlı sazişin imzalanması Ilham Əliyevin vaxtilə Türkiyənin ünvanına səsləndirdiyi fikirləri bir daha yada saldı. Xatırladaq ki, “WikiLeaks” saytının açıqladığı sənədlərdən Ilham Əliyevin Türkiyə ilə bağlı xoşagəlməz fikirlər söylədiyi üzə çıxırdı.
Saytın məlumatına görə, amerikalı diplomatlarla söhbət zamanı Əliyev Rusiya ilə qaz sazişinə toxunub və bildirib ki, şimal qonşuya qaz satmaq niyyəti onların təklif etdiyi qiymətlə bağlı deyil. Sadəcə Azərbaycan hakimiyyəti Türkiyənin enerji mərkəzi olmasını istəmir. Lakin Əliyevin Istanbulda imzaladığı son saziş Türkiyəni enerji mərkəzinə çevirir. Belə olan halda Əliyevin fikrini dəyişməyə nə vadar etdi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, dövlət başçısı imzaladığı son sazişlə “WikiLeaks” sənədlərində əks olunan fikirlərin üstündən xətt çəkdi. Çünki dediklərinin açıqlanması Ilham Əliyevdə xeyli narahatlıq yaratmışdı. Təsadüfi deyil ki, ATƏT-in Qazaxıstanda keçirilən zirvə toplantısında o, Türkiyə prezidenti Abdulla Gülə yaxınlaşaraq ona belə fikirlər söyləmədiyini demişdi. Abdulla Gül də cavabında əslində “WikiLeaks”də yazılanlara inanmadığını söyləmişdi. Ancaq əslində Türkiyənin bununla bağlı müəyyən narahatlığı var idi.
Ekspertin fikrincə, son imzalanma Əliyevin öz siyasətindən əl çəkdiyini göstərir. Çünki 7 milyard dollarlıq “Trans-Anadolu” qaz kəməri layihəsi faktiki Türkiyəni enerji mərkəzinə çevirdi və bu anlaşmada Ilham Əliyevin də rolu oldu.
Fizzə


