fezail-ismayil

Deputatla ITV rəhbəri bir-birini təhqir etdi

fezail-ismayilİsmayıl Ömərovu tənqid edən Fəzail Ağamalı sərt cavab aldı və daha ağır sözlərə keçdi

Milli Məclisin dünənki iclasında “Ictimai Televiziya və Radio Yayımı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
Dəyişikliyə əsasən bədii, sənədli və cizgi filmləri Azərbaycan dilinə çevriləcək, yaxud subtitrlə tamaşaçılara çatdırılacaq. Azərbaycan dilinə çevrilmədən bu dildə subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmini müvafiq dövlət orqanı müəyyən edəcək.
Deputat Jalə Əliyeva qeyd edib ki, əcnəbi teleserialların Azərbaycan dilinə tərcümə olunması vacibdir: “Lakin Türkiyə teleseriallarının Azərbaycan dilinə çevrilməsi qəribə səslənir. Ona görə də türk teleseriallarının subtitrlə verilməsi yaxşı olardı”.

“İsmayıl Ömərov İctimai Televiziyada diktatura yaradıb”

Deputat Fazil Ağamalı layihəni ITV-nin rəhbəri Ismayıl Ömərovun səlahiyyətlərinin artırılması kimi dəyərləndirilib: “Bu, doğru deyil. Ismayıl Ömərov Ictimai Televiziyada diktatura yaradıb. Yayım Şurasının səlahiyyətləri artırılmalı və baş direktorun orada diktatura rejimi quraraq istədiyini etməsinin qarşısı alınmalıdır. Baş direktor öz prinsiplərini həyata keçirməməlidir”.
Spiker Oqtay Əsədov isə Fəzail Ağamalının fikirlərini bölüşməyib. O bildirib ki, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərdə kiminsə müdafiə olunmur və Yayım Şurasının üzvlərinin səlahiyyətləri var.
Müzakirələrdən sonra layihə qəbul olunub.

“Fəzail Ağamalı bizi tərifləsəydi, insanların gözündən düşərdik”

Ictimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Ismayıl Ömərov da “modern.az”a açıqlamasında Milli Məclisin dünənki iclasında deputat Fəzail Ağamalının Ictimai Televiziyanın və bu qurumun rəhbəri kimi, şəxsən onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
“Fəzail Ağamalı bizim dilimizi hələ də öyrənmədiyindən görünür, verilişlərin ruhunu yaxşı duya bilmir. Elə Milli Məclisin iclasında ”ictimai” sözünü tələffüz edə bilməməsi də onun dil probleminin konkret təsdiqi idi.
Diktatura məsələsinə gəldikdə isə, az-çox savadı olan insanlara aydındır ki, bu sözün teleradio şirkəti ilə heç bir əlaqəsi, aidiyyəti ola bilməz. Ifadə tapa bilməyəndə bir az çətin olur. Eyni zamanda, burada psixoloji problem də var. Daim onun-bunun qanadı altında yaşayan, az qala, Günəşi belə görə bilməyən, kölgədə kimlərinsə himayəsi ilə baş girləyənlər bizim müstəqil addımlarımızı, demokratik, əsl vətəndaş institutu yaratmaq istəyimizi az qala, diktatura kimi görürlərsə, bu, onların özlərinin təsəvvürlərinin, psixologiyasının problemidir.
Fəzail Ağamalı bizi tərifləsəydi, onda cəmiyyətin, insanların gözündən düşərdik. Şükür ki, belə olmadı”, – deyə Ismayıl Ömərov bildirib.

“İsmayıl Ömərov birmənalı olaraq bu ölkədə şantajçı jurnalist imici qazanıb”

Fəzail Ağamalı isə İTV rəhbərinin cavabına daha sərt ifadələrlə qarşılıq verib. O, “Azadlıq”a açıqlamasında deyib ki, parlamentdəki məluma çıxışında İsmayıl Ömərovu eləcə “diktator” adlandırmayıb, kifayət qədər əsaslandırıb, İTV-nin çatışmazlıqları üzərində dayanıb. İ.Ömərov isə tənqidlərdən nəticə çıxarmaq əvəzinə, onu olduğu kimi göstərən güzünü bulayıb. “Milli Məclis bu gün Azərbaycan cəmiyyətinin güzgüsüdür. Orada uğurlarla bərabər, cəmiyyətin müxtəlif sahələrindəki çatışmayan məqamlardan da danışılır, tənqidi fikirlər səslənir. Bu tənqidlərdən ağıllı insanlar özü üçün nəticə çıxardır, isterika keçirmir və qarşı tərəfə təhqirlər yağdırmır. İsmayıl Ömərov yəqin ki, stenoqramı əldə edə bilərdi. Yaxud onun parlamentdəki jurnalisti, həqiqətən peşəkardırsa, çıxışları tam yazıb, təqdim edə bilərdi. Bəlkə də bütün bunların hamısını İsmayıl Ömərov oxuyub və mənim demək istədiklərim ona bəllidir. Lakin bütün bunların hamısını bir kənara qoyub və onu olduğu kimi göstərən güzgünün üzərinə, ifadəyə görə üzr istəyirəm, qusub. Bu isə mədəniyyətdən uzaqdır. İsmayıl Ömərov birmənalı olaraq bu ölkədə şantajçı jurnalist imici qazanıb”, – deyə Ağamalı bildirib.

“Getsin Oqtay Əsədova minnətdar olsu”

Deputat İsmayıl Ömərovun onu “onun-bunun qanadı altında yaşayan, kölgədə kimlərinsə himayəsi ilə baş girləyən” kimi təqdim etməsinə də qarşılıqlı ittihamla cavab verib. “Fəzail Ağamalı Azərbaycanın azadlığı uğrunda mübarizə aparanda, İsmayıl Ömərovun adı heç yerdə yox idi. O, montaj stolu arxasında oturaraq Azərbaycanın Heydər Əliyev zamanında bir sıra xidmətlərini sənədləşdirib film kimi təqdim etməklə hakimiyyətin diqqətini özünə cəlb edə bildi və beləliklə, bu səviyyəyə gəlib çatdı”, – deyə o qeyd edib.
F.Ağamalı parlamentdə İTV-nin fəaliyyətini onunla yanaşı başqa deputatların da tənqid etdiyini bildirib və əlavə edib ki, İ.Ömərov daha kəskin tənqidlərdən qoruna bildiyi üçün parlamentin spikerinə minnətdar olmalıdır: “Milli Məclisdə bu məsələ müzakirə olunanda hətta loyallığı ilə seçilən Jalə xanım da İctimai Televiziyanın ünvanına tənqidi fikirlər söylədi. Orada 10 nəfərdən çox deputat çıxışa yazılmışdı, hesab edirəm ki, onların mütləq əksəriyyəti İctimai Televiziyanı tənqid etmək üçün yazılmışdılar. Hər halda mən onların replikalarını eşidirdim. İsmayıl Ömərov getsin Oqtay Əsədova minnətdar olsun ki, onu hücumlardan xilas edə bildi. Lakin mənim təkidli xahişimdən sonra Oqtay Əsədov mənə söz verdi”.

“Bu təhqirlər adını ziyalı qoyan insana yaraşmır”

Deputat İTV rəhbərinə qarşı tənqidlərini belə davam etdirib: “İctimai Televiziya Azərbaycan cəmiyyətinin bütün tərəflərini əks etdirməlidir. Baxaq görək, Azərbaycanın siyasi mühiti hansı şəkildə, spektrdə ekrana çıxarılır? Orada təkcə Anarın bir verilişi var, ora da kimlərin dəvət olunmasına İsmayıl Ömərov qərar verir. Hətta hansı müğənnin çıxış etməli olduğuna da İsmayıl Ömərov qərar verir. Orada vətəndaş cəmiyyəti təmsilçiləri, QHT-lər, cəmiyyətin aparıcı şəxsləri ilə nə zaman dəyirmi masalar, müzakirələr təşkil ediblər?
Bu adam çıxışımdan sonra mənə qarşı kampaniyaya başlayıb. Özünə məxsus təhqirlərə yol verib. Bu təhqirlər adını ziyalı qoyan insana yaraşmır. Bu, zəifliyin göstəricisidir”.