Hakimiyyətdən Seçki Məcəlləsini dəyişmək tələb olundu

Herkelin hesabatı əsasında qəbul olunan qətnamədə daha nələr əksini tapır?

İyunun 29-da yay sessiyasının sonuncu günündə AŞPA “Monitorinq prosedurlarına dair işlərin vəziyyəti haqqında” qətnamə qəbul edib. Sənəd AŞPA Monitorinq Komitəsinin rəhbəri, estoniyalı deputat Andres Herkelin hesabatı əsasında hazırlanıb.

A.Herkel “Turan”ın müxbiri ilə söhbətində bildirib ki, bu cür sənədlər vaxtaşırı qəbul edilir və monitorinq altında olan ölkələrdə məruzəçilərin vəziyyəti müşahidə etməsi üzrə işi ümumiləşdirir.  

Qətnamədə konkret tövsiyələr yoxdur, sənəddə monitorinq altında olan ölkələrdə ən çox problemli məsələlər əksini tapıb.

Bundan əlavə, H.Herkelin sözlərinə görə, ötən il Monitorinq Komitəsi Ukraynada siyasətçilərin cinayət təqiblərinə, Bosniya və Herseqovinada vəziyyətə, Rusiyada müxalifətə təzyiqlərə, Amnesty International-ın Azərbaycanda vicdan məhbusları haqda hesabatına dair dinləmələr keçirib.

Herkel bildirib ki, Azərbaycana dair növbəti hesabat 2013-cü ildə AŞPA-nın yanvar və ya aprel sessiyasına təqdim olunacaq.

Herkel Azərbaycan üzrə məruzəçilər Pedro Aqramunt və Cozef Qrexin dəyişdirilməsi ilə bağlı vətəndaş cəmiyyətinin çağırışlarını şərh etməyib.

“Mən belə müraciətlər almışam, lakin şərh etmək istəmirəm”, –  o qeyd edib. Məruzəçilərin təyinatı Monitorinq Komitəsi rəhbərinin yox, onun bütün üzvlərinin səlahiyyətinə daxildir. “Öz istəkləri olmadan məruzəçilərin dəyişdirilməsi proseduru və ya mexanizmi varmı?” sualına Herkel “praktik olaraq yoxdur” cavabını verib. Bununla yanaşı o qeyd edib ki, Avropa ölkələrində hüquq müdafiəçilərinin vəziyyətinə dair məsələnin müzakirəsi zamanı o, məruzəçilərlə vətəndaş cəmiyyəti fəallarının əməkdaşlığının vacibliyini qeyd edib.

Herkelin hesabatının əsasında qəbul olunmuş qətnamədə demokratiya, əsas insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə olunur. Əsasən siyasi fəaliyyətin məhdudlaşdırılması, hüquq-mühafizə  orqanları tərəfindən işgəncələr və amansız davranış, ifadə, fikir, toplaşma, assosiasiya, dini etiqad azadlıqlarının pozulması, həmçinin Bakıda evlərin qanunsuz sökülməsi və əhalinin zorla köçürülməsi faktları qeyd olunur.

Siyasi partiyaların maliyyələşdirilməsi, parlamentdənkənar müxalifətin təqib olunması problemləri də əksini tapır ki, bu da ədalətli seçkilər üçün zəruri olan plüralizm və demokratik atmosferin yaradılmasına mane olur.

Azərbaycan hakimiyyəti Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində AŞPA-nın əvvəlki tövsiyələrinin əsasında Seçki Məcəlləsinə düzəlişləri hazırlamağa çağırılıb. Düzəlişlərin 2013-cü ilin ortalarına kimi qəbul edilməsi tövsiyə olunur ki, həmin ilin oktyabrında  keçiriləcək prezident seçkilərində istifadə olunsun. Həmçinin qeyd olunur ki, seçki komissiyalarının tərkibi, namizədlərin hüquqları, şikayətlərə baxılması proseduru, əsas insan hüquq və azadlıqlarının təminatı ilə bağlı Venesiya Komissiyasının və ATƏT DTİHB-nin əvvəllər irəli sürdükləri tövsiyələr qəbul olunmayıb