Fəzail Ağamalı İsmayıl Ömərovu “diktator” adlandırdı

“Baş direktorun orada diktatura rejimi quraraq istədiyini etməsinin qarşısı alınmalıdır”

İyunun 29-da Milli Məclisdə «İctimai Televiziya və Radio Yayımı haqqında» qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanuna dəyişiklik layihəsi barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
Dəyişikliyə əsasən bədii, sənədli və cizgi filmləri Azərbaycan dilinə çevriləcək, yaxud subtitrlə tamaşaçılara çatdırılacaq. Azərbaycan dilinə çevrilmədən bu dildə subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmini müvafiq dövlət orqanı müəyyən edəcək.
Millət vəkili Jalə Əliyeva qeyd edib ki, əcnəbi teleserialların Azərbaycan dilinə tərcümə olunması vacibdir. Lakin Türkiyə teleseriallarının Azərbaycan dilinə çevrilməsi qəribə səslənir. Ona görə də türk teleseriallarının subtitrlə verilməsi yaxşı olardı.

Deputat Fazil Ağamalı isə bildirib ki, həmin dəyişikliklərdə İctimai Televiziya və Yayım Şurasının sədrinin bəzi səlahiyyətlərinin İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərova verilməsi nəzərdə tutulur: «Bu, düzgün deyil. İsmayıl Ömərov orada diktatura yaradıb. Yayım Şurasının səlahiyyətləri artırılmalı və baş direktorun orada diktatura rejimi quraraq istədiyini etməsinin qarşısı alınmalıdır. Baş direktor öz prinsiplərini həyata keçirməməlidir».
Spiker Oqtay Əsədov isə deyib ki, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərdə kimsə müdafiə olunmur və Yayım Şurasının üzvlərinin səlahiyyətləri var.
İsmayıl Ömərov “Azadlıq” radiosuna bildirib ki, Fəzail Ağamalının onunla bağlı dediklərinə həmin süjetə baxandan sonra münasibət bildirəcək.