Azərbaycan təhsili dağılır

Hər il minlərlə şagirdin attestatsız qalmasıheç kəsi narahat etmir

Əlövsət Osmanlı: “Şagirdlərin göstərdiyi nəticəyə görə məsuliyyət daşıyan Misir Mərdanov sorğu-suala tutulmalıdır”

Azərbaycanda təhsilin hansı səviyyədə olması buraxılış və ali məktəblərə qəbul imtahanlarından sonra daha çox nəzərə çarpır. Hər il minlərlə şagirdin attestatsız qalması, attestat alanların isə qəbul imtahanlarında biabırçınəticə göstərməsi ölkədə təhsilin nə vəziyyətə olduğunu ortaya çıxarır. Builki buraxılış imtahanlarının nəticələri də əvvəlkilərdən fərqlənmir. Məsələn, təkcə bir region üzrə imtahanların nəticələrinə əsasən 1402 nəfər attestatsız qaldı.
Ildən-ilə daha da acınacaqlı hal alan vəziyyət müvafiq qurumları narahat etmir. Ancaq Rusiyada buraxılış imtahanlarında əldə edilən nəticəyə reaksiya bu məsələnin nə dərəcədə ciddi olduğunu ortaya çıxarır. Belə ki, paytaxt Moskvada şəhər ümumtəhsil məktəbləri şagirdləri buraxılış imtahanları nəticəsində 142 nəfər attestat almaqdan məhrum olub. Bu da şəhər təhsil departamentinin ciddi narahat edib. Artıq növbəti dərs ilində belə problemin yaranmaması üçün fəaliyyətlərində dönüş yaradacaqlarını da bəyan ediblər. Əhalisi 12 mln nəfəri keçən Moskvada 142 nəfərin attestatsız qalması ciddi problem kimi qəbul edildiyi halda, 9 milyonluq Azərbaycanda hər il bir neçə min şagirdin eyni vəziyyətlə üzləşməsi niyə Təhsil Nazirliyini və digər dövlət qurumlarını narahat etmir?
Təhsil üzrə ekspert Əlövsət Osmanlı Azərbaycan təhsilində dağılmanın baş verdiyini deyir. Orta məktəbi bitirən uşaqların böyük hissəsi “zay məhsula” çevrilir və onların oxumasının heç bir nəticəsi olmur. Bu ilk növbədə dövlətə ciddi zərər vurur. Çünki ortalama bir şagirdə dövlət 10 ildə təxminən 9 min manat pul xərcləyir. Attestatsız qalan uşaqlara xərclənən pul batmış olur. Digər tərəfdən, cəmiyyətin üzvü olacaq bu şagird hər şeydən məhrum olur. Bu isə özlüyündə bir bəladır.
Ekspertin sözlərinə görə, hökumət Təhsil Nazirliyi ilə bağlı ciddi tədbir görməlidir. Çünki bu qədər məzunun attestatsız qalması Azərbaycanda təhsilin olmadığı anlamına gəlir. Hətta Tələbə Qəbulu Komissiyasının imtahanları asanlaşdırması, fənlərin sayını azaltması da nəticə vermədi. Nəticə yenə də biabırçıdır.
Ekspert imtahanlar zamanı təhsil nazirinin ölkədə olmamasını da normal hal saymır. Nazir imtahanları izləməyə borcludur. Lakin bu proses onun narahat etmir. Bütün bunlar isə cəzasızlıqdan irəli gəlir. Əslində dövlət Misir Mərdanovu sorğu-suala tutmalıdır. Çünki şagirdlərin göstərdiyi nəticəyə görə o məsuliyyət daşıyır.

Fizzə