Onun kimi bir dostu itirmək çox çətindir
Bizə İsaxanın yarımçıq qalmış ləyaqət və azadlıq işlərini davam etdirmək qalır
İsa Sadıqov
2012-ci il iyunun 22-də mən sınaqlardan çıxmış, qətiyyətli, prinsipial, öz xalqını sevən dostumu itirdim. O, ömrünün sonuna qədər işıqlı gələcək uğrunda mübarizə aparırdı. O, çətinliklərlə üzləşən insanların dostu idi, onların yanında idi. O, “İsa, dost bizə çətin gündə lazımdır” sözlərini tez-tez təkrarlamağı sevirdi. Onun həyatda özünəməxsus prinsipləri vardı. Və həmin prinsiplər əsasən onun xarakterindən qaynaqlanırdı. Qısa zaman öncə keçmiş OMON-çulardan biriylə söhbətimiz oldu. Isaxan həmin şəxsin vəkili idi. OMON-çu mənə “Isaxan hər dəfə mənimlə türməyə görüşə gələndə özüylə siqaret, ərzaq və pul gətirirdi. Mənə bunları valideynlərimin göndərdiyini deyirdi. Ancaq bilirdim ki, valideynlərimin bunları göndərməyə maddi imkanı yoxdu. Hamısını özü edirdi”- dedi. Isaxan Aşurov belə insan idi. Onu məhkəmə proseslərində iştirak edən hər kəs belə tanıyırdı.
Qızğın döyüşlərin iştirakçısı
Onunla işləyənlər, onu tanıyanlar onun barəsində ancaq xoş sözlə danışır və sevgi ilə xatırlayırlar. O cümlədən müharibənin ağır zamanlarında, 1992-93-cü illərdə Qazaxda polis rəisi işlədiyi vaxt onu ədalətli, vicdanlı və məsuliyyətli insan kimi tanıyırdılar. Onu təkcə işçiləri deyil, həmçinin hərbçilər, Qərb rayonlarına dislokasiya olunmuş zabitlər də çox sevir və hörmət edirdilər. Bu hörməti və sevgini özünün işi, davranışı və əlbəttə, uğurlu fəaliyyəti nəticəsində qazanmışdı. O, polis rəisi idi. Ancaq həmişə onu kamuflyajda, şəxsi heyətin üzvləri arasında, qızğın döyüşlərin getdiyi yerlərdə görmək olurdu. Əmin idilər ki, ən çətin anlarda Isaxan Aşurovun başçılığıyla onun şəxsi heyəti əsgərlərin yanında olacaq, ya da köməyə yetişəcəkdi.
Zabit şərəfi
Ağır şərtlərə, müharibə vəziyyətinin olmasına baxmayaraq regionda həmişə stabilliyin hökm sürüməsi bir komandir kimi mənə yalnız döyüş barəsində düşünməyə, bir komandir kimi öz işimi rahat görməyə imkan yaradırdı. Əmin idim ki, arxa cəbhədəki proseslər peşəkarın nəzarətindədi və ehtiyatda, rəislərinin başçılığıyla, polislərdən ibarət peşəkar döyüş dəstəsinin olması rahatlıq yaradırdı. Intensiv döyüşlərin başlanması ərəfəsində regionda bütün məsuliyyət məhz polisin üzərinə düşmüşdü və polisin bütün şəxsi heyəti döyüşə peşəkarcasına hazırlanmışdı. Tez-tez regionun təhlükəsizliyini təmin etmək üçün şəxsi heyət çatışmazlığı problemi yaranırdı. Belə olanda həmişə onlar köməyə gəlirdi. Hətta Isaxan Aşurovun tələbiylə uzun müddət Kəmərli kimi təhlükəli istiqamətlər üzrə postlara polislər paylaşdırılmışdı. Hamı bizim münasibətlərimizin ikimizin də Gürcüstandan olmağımız faktoru ilə əlaqələndirirdi. Amma əslində, xalqımın belə ləyaqətli oğluna hörmətim və sevgim onun həyat prinsiplərindən, rəşadətindən qaynaqlanırdı. Onun üçün çətin iş yoxuydu. O, hər şeyi uğurla etməyi bacarırdı. O, zabit idi və mən daha çox bu amili qiymətləndirirdim. Məhz hərbçi şərəf və ləyaqətini.
Hərbi hissə komandiri yeni polis rəisi ilə tanış olur
Isaxanla tanışlığımız 1992-ci ilin sonlarına, onun Qazaxa polis rəisi təyin olunduğu vaxtlara təsadüf edir. Mən həmin vaxt oradakı hərbi hissənin komandiri idim. Qazaxın icra başçısı, ağır müharibə şəraitində olmasına baxmayaraq regionda faydalı işlər gördüyü üçün mənim də hörmət bəslədiyim rəhmətlik Cavanşir Carçıyev məni yanına çağırmışdı. O, məni rayonun yeni polis rəisi Isaxan Aşurovla tanış olmaq üçün dəvət etmişdi. Kabinetə girərkən hündürboylu, sağlam görünüşlü və polis forması geyinmiş Isaxanı gördüm. Cavanşir onun mənim yerlim olduğunu da vurğuladı. Mən həmin vaxt doğma dilimizdə çətin danışırdım və Isaxan mənim doğma dilimdə danışmağımı gülümsəməklə dinləyirdi. Uzun müddət sovet ordusunda xidmət edənlər üçün adi sayılan senzuradan kənar sözlər işlətməyim onu daha çox təccübləndirmişdi. O, heç vaxt söyüşlə danışmaz, nitqini sakit və olduqca dəqiqliklə söyləyirdi. Elə təəssürat yaranırdı ki, sanki o, sözləri seçərək danışırdı. Lakin sonradan bəlli oldu ki, Isaxan əslində elə belədir.
Polis rəisi idi, amma…
Müharibə gedirdi və regionda vəziyyət ağır idi. Elə gün olmazdı ki, düşmənlər Qazaxın yaşayış məntəqələrini atəşə tutmasın. Dəvət və çağırış olmasa da polis rəisi həmişə kamuflyaj forması və bütün şəxsi heyəti ilə mənim yanımda olurdu. Tam hazır vəziyyətdə əmrləri yerinə yetirmək üçün gözləyirdi. Bu böyük qüvvə idi və mən həmişə onun dəstəyini hiss etdiyim üçün özümə güvənim yüksək olurdu. O, mənə adımla yox “komandir” deyərək müraciət edirdi. Həmişə deyirdi ki, o və şəxsi heyəti mənim istənilən döyüş tapşırıqlarımı yerinə yetirmək üçün tam hazırdır. Hərbi hissə ilə polis qüvvələri arasında qarşılıqlı anlayış mühiti yaranmışdı. Isaxan Aşurovun istəyi ilə dəfələrlə hərbçilərlə polislərin birgə təlimini keçirir, birlikdə qərar vermə və hərəkət etmə qabiliyyətlərimizi artırırdıq. Polislərin naryada cəlb olunması polisin funksiyasına daxil deyildi. Ancaq o, bölgənin təhlükəsizliyinin təminatının daha mühüm olduğunu gözəl bilirdi.
Aşıq musiqisinə sevgi və sevimli “Yurd yeri”
Isaxan aşıq musiqisini çox sevridi. O, bütün aşıq mahnılarını bilir və fərqləndirməyi bacarırdı. O, tez-tez mənim otağıma gəlir və biz birlikdə döyüş hərəkəti planlarını dəqiqləşdirirdik. Isaxan əsgərlərimdən birinin gözəl saz çaldığını deyirdi. Mən isə aşıq musiqisi və saz barəsində məlumatsız idim. Isaxan tez-tez məndən həmin əsgərin saz çalmasını xahiş edirdi. Mən həmin vaxt sazı balalayka adlandırırdım. Ondan mənim yanıma, yoxsa saz dinləməyə gəldiyini soruşurdum. O, gülərək mənə saz, aşıq musiqisi barədə danışırdı. Və sonradan mən aşıq musiqisi və sazı sevdim. Onun ən çox sevdiyi hava “Yurd yeri” havası idi. O, həmin havanı elə gözəl bilirdi ki, kiçik səhvi belə tutmağı bacarırdı. O, bu havanın əlavəsiz, təmiz və olduğu kimi səslənməsini istəyirdi.
Qiyamçılara qarşı vuruşan yeganə polis rəisi
Tezliklə Isaxan Aşurovun uğurlu fəaliyyəti bütün ölkəyə yayıldı və dəyərləndirildi. 1993-cü ilin fevralında o, Bakıya dəvət olundu. Ona daxili işlər nazirinin müavini vəzifəsi təklif edildi. Sevincimizin həddi-hüdudu yox idi. Bilirdik ki, Isaxan bu vəzifənin də öhdəsindən layiqincə gələcək və əlindəki geniş imkanlarıyla ölkəyə daha çox fayda verəcək. O, iki dəfə məsləhətləşmələrə çağırıldı. Lakin hiss edirdi ki, kimsə açıq-aşkar ona və onun təyinatına qarşı çıxır. Çox təəssüf ki, bu təyinat baş vermədi. Bir daha təkrar edirəm ki, Isaxan həmin dövrdə, ölkənin düşdüyü ağır vəziyyətdə daha çox fayda verə bilərdi. Iyun hadisələri zamanı Isaxan Aşurov qanuni hakimiyyəti və prezidenti qoruyan, silahlı dəstələrə qarşı mübarizə aparan, onlara ağır zərbələr endirən yeganə polis rəisi oldu. O, bölgənin xaosdan yayınması üçün bütün səylərini səfərbər etdi. Məhz bu səylər nəticəsində bölgəni xilas etməyi, xaosun yaranmasını, qərb rayonlarının işğal olunmasını əngəlləyə bildik.
Qanuni hakimiyyəti qoruduğu üçün təqiblərlə üzləşdi
Qanuni hakimiyyətin devrilməsindən sonra Isaxan Aşurov qiyamçıların təqiblərindən yayınmaq üçün vəzifəsindən uzaqlaşaraq Gürcüstana getməyə məcbur oldu. Mən həmin təlatümlü zamanda Gürcüstana getdim, onun geri qayıtmasını istədim və müdafiəsində kömək edəcəyimə söz verdim. Ölkəsi üçün çox şeylər edən birinin, şücaətlə xidmət göstərən polis rəisinin, xalqın təhlükəsizliyi naminə özünü fəda edən zabitin vətəndən ayrı düşməsi məni çox utandırırdı. O, avqustun sonunda geri qayıtdı və biz onu Qırmızı körpüdə qarşılayıb Tovuza yola saldıq.
Qiyamçılar ondan qısas almaq istəyirdi
Mən onun üçün mühafizə ayırsam da bundan imtina etdi. Biz tez-tez görüşürdük. Mən ona olan dostluq münasibətimi açıq büruzə verirdim. Başqa düşüncələr mənə yad idi. Çünki mən çətin günlərdə yanımda olan dostumun yanında olmalı idim. Ondan Gürcüstana getmək istəyərsə, mənə öncədən məlumat verməsini istədim. Bu, onun təhlükəsizliyi baxımından önəmli idi. Bilirdim ki, onun həyatına təhlükə var, onu izləyirlər. Qiyamçılar ondan qisas almağı planlaşdırırdı. O istəməsə də hər dəfə Gürcüstana gedəndə onu müşayiət edirdik. O, doğma yurdu olan Qazaxda, xeyli işlər gördüyü rayonda müdafiəyə ehtiyac duymadığını deyirdi.
Ona xəyanət etdilər
Lakin o, xəyanətlə üzləşdi. Gürcüstandan qayıdarkən OMON-çular Qırmızı körpüdə Isaxanı oğurladılar. Onu heç kimə xəbər vermədən oğurlamışdılar. Mənim tabeliyimdə olanlar onu Gürcüstana yola salmışdılar. Qayıdanda isə mənə xəbər verməli idi və biz onu Tovuza yola salmalıydıq. Lakin o, mühafizə üçün xahiş etməyi özünə sığışdırmadı. Isaxanı qanunsuz olaraq mühakimə etdilər. Həbs olunan gün onun böyük qızı dərman içərək intihar etməyə cəhd göstərdi. Mənə ağır idi və mən onun azadığa çıxması üçün əlimdən gələni etməliydim. Bunun üçün bir neçə dəfə ölkə rəhbərliyi ilə görüşdüm. Lalə Şövkətlə görüşdən sonra o, komandiri olduğum hərbi hissənin əsgərlərinin Isaxanın azadlığa buraxılmasıyla bağlı müraciətinin “Azərbaycan” qəzetində çap olunmasına yardım etdi. Lalə Şövkət Isaxanın azadlığa buraxılması cəhdlərinə də qatıldı. 1993-cü ilin aprel-may aylarında Isaxan azadlığa buraxıldı. Bu yalnız onun ailəsi üçün deyil, bütün qazaxlılar və Isaxanı sevənlər üçün xoş hadisə idi.
Doğma qardaşlar
Son illər biz birlikdəydik və tez-tez Gürcüstana yollanırdıq. Çoxları elə düşünürdü ki, biz doğma qardaşıq. Bizi ayrı görəndə təccüblənirdilər. 2001-ci ildə mənə və ailəmə qarşı çirkin kampaniya başlandı. Isaxan Aşurov özümü və ailəmi bu çirkabdan yayındırmaq üçün ölkədən getməyi təklif etdi. O, 1995-ci ildə OMON olayından dərhal sonra da bu təklifi etmişdi. Tez-tez zəngləşirdik. Səmimi etiraf edim ki, aramızdakı məsafə, bizim ayrılığımız mənə çox pis təsir edirdi. Həmişə hesab edirdim ki, orada, onun yanında olmalıyam. Həmişə onu hadisələrin mərkəzində görmək istəyirdim. Onun imkanlarına və qabiliyyətinə yaxından bələd idim. Hərdən az-az göründüyü üçün narazılığımı bildirirdim. Həmişə onun çox şeylər edəcəyinə inanırdım.
Ağır sınaqlardan üzüağ çıxan zabit xəstəliyə yenildi
Onun xəstəliyinə inanmaq istəmirdim. Inanırdım ki, bu xəstəlik onun iradəsi qarşısında aciz qalacaq və o, xəstəliyə qalib gələcək. O, bütün sınaqlardan üzüağ çıxmışdı. Ancaq Isaxanın xəstəlik qarşısında duruş gətirəcəyinə yanıldım. Xəstəliyin ciddi olduğuna inanmaq istəmirdim. Yanında olmaq üçün yola düşmək istəyirdim. Ancaq məni fikrimdən daşındırdılar. Isaxanın özü də bunu istməməmişdi. Mən indi onun nə üçün belə etdiyini başa düşürəm. O, heç kimin, eləcə də mənim onu ümidsiz vəziyyətdə görməyimizi istəmirdi. Mən dostumu itirdim. Həmişə inandığım insanıitirdim. Onun yoxluğunu qəbul etmək və geri dönməyəcəyini bilmək çox çətindir. Onun itkisi ilə barışmaq çox çətindir. Məhz onun kimi bir dostu – ağır günlərin dostunu – itirmək çox çətindir. Həyatın dadını çıxartmaq və gözəl illərimizdən bəhrələnmək bizlərə nəsib olmadı. Bizə qalan onun yarımçıq qalmış ləyaqət və azadlıq işlərini davam etdirməkdir. Hər kəs adından, bütün keçmiş döyüşçülər adından əvəzsiz və yeri daim görünəcək Isaxan Aşurova dərin hörmətlə…