Şahin Həsənli 2 aprel məhbuslarının hamısını buraxıldığı barədə iddiaları əsassız sayır
Vicdan məhbusu, AXCP rəyasət heyətinin üzvü Şahin Həsənli “Azadlıq” qəzetinə narahatlıq dolu məktub yollayıb. O, əsasən müxalifətin auditoriyasına xitab edən “Yeni Müsavat” kimi qəzetdə vicdan məhbuslarının tam azad olunması səpkisində yazı və müsahibələrin getməsinə, onların (özünün və Vidadi Isgəndərlinin) fotosunun qəzetin səhifəsindən yığışdırılmasınıa etiraz edir.
Şahin Həsənli yazır: “Mən ”Yeni Müsavat”dakı dostlarımdan soruşmaq istəyirəm ki, görəsən mənim dövlət işində işləyən qohumlarımı niyə işdən çıxarıblar?
Ictimai Palatanın 2 aprel ərəfəsində ADP-nin qərargahında keçirdiyi böyük müşavirədə Vidadi Isgənərlinin kəskin və radikal çıxışı, hamını mitinqə səsləməsi sonradan 2 apreldə onun həbs edilərək 10 sutka inzibati həbs cəzasına məhkum edilməsinə səbəb olmadımı? Sonradan 17 aprel mitinqi günü mitinqə bir neçə saat qalmış saxlanılaraq mitinqdə iştirakına görə qanunsuz olaraq 15 sutka inzibati həbs cəzasına məhkum edilməsi onun mitinq iştirakçısı və təşkilatçılarından biri olması ilə bağlı deyildimi? 15 sutkanın yekununda saxta ittihamlarla tələm-tələsik 7 ay öncə seçki saxtakarlığını sübut etdiyinə görə ona qarşı qaldırılmış və sübut olmadığı üçün xitam edilmiş cinayət işinin yenidən bərpa edilməsi 2 aprel və 17 aprel mitinqinə görə deyilmi? Arif Hacılı ölkə başçısına müraciətində mitinqin təşkilatçısı olduğunu bildirir. AXCP-dən mitinqin keçirilməsinə məsul şəxslərdən birinin mən olduğumu hamı bilir. “Yeni Müsavat”dakı dostlarımız bilməsə də…”.
Ramin DEKO