Rusiyada atəşə tutulan diaspora lideri kimdir?

Dördüncü dəfədir sui-qəsdə məruz qalan Fəyyaz Ələkbərov Kemerevoda “Heydər” adlı təşkilatın rəhbəri imiş

Rusiyanın Kemerovo şəhərinin Sentralnaya küçəsində sui-qəsd edilən Azərbaycan diasporasının rəhbəri Ələkbərov Fəyyaz Heydər oğludur. Bu barədə “Azadlıq”a Moskvada yaşayan həmyerlilərimizdən xəbər daxil olub. Xatırladaq ki, dünən  səhər Rusiyanın Kemerovo şəhərində Azərbaycan diasporunun liderlərindən birinə qarşı sui-qəsd cəhdi olub. Lent.az-ın “Qazeta Kemerovo” qəzetinə istinadən verdiyi xəbərə görə, sui-qəsdçilər həmyerlimizin hərəkət etdiyi avtomobili atəşə tutublar. Güllələrdən biri onun əlinə dəyib.
Kemerovo şəhər polisinin sözçüsü Nadejda Ananevanın qəzetə bildirdiyinə görə, sui-qəsdə məruz qalan azərbaycanlı yerli şərab zavodlarının birin sahibidir və bundan əvvəl də ona iki dəfə hücum olub. Hazırda faktla bağlı axtarış gedir.
Moskvadakı mənbələrdən daxil olan məlumata görə, Fəyyaz Ələkbərov Kemerevoda “Heydər” adlı təşkilatın rəhbəridir. Olduqca imkanlı şəxsdir. Amma Azərbaycan iqtidarının Rusiyada əsas diaspora qurumu olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə ilə qətiyyən yola getmir. Söhbət ondan gedir Ki, Moskva şəhərində olduğu kimi, Kemerevoda da Azərbaycan respublikasının mülkiyyətində olan böyük bir şərab zavodu var. Həmin zavod uğrunda Ələkbərovla, baş nazirin keçmiş müavini Abbas Abbasova yaxın olan Mahir Əliyev adlı şəxs arasında neçə illərdir mübarizə gedir.  Ələkbərov zavoddakı payını əldən vermək istəmir.
Mənbənin dediyinə görə, ona qarşı indiyədək deyildiyi kimi 2 yox, üç dəfə sui-qəsd cəhdi olub. Bundan əvvəlki qəsd zamanı Fəyyaz Ələkbərov 4 güllə yarası alıb, amma sağ qala bilib. Bu dəfə isə Ələkbərov əlindən yaralnıb.
Ələkbərovun Kemerevo şəhəri Svoboda küçəsi ev23B, mənzil 145- də yerləşən ofisi həmişə azərbaycanlılarla dolu olur. ÜAK-ın yerli şöbəsinin işindən yarımayan həmyerlilərimiz əsasən F.Ələkbərova müraciət edirlər.
Ələkbərovun başqa bir böyük şirkəti isə Kemervo şəhəri Kuznetski prospekt 82 ünvanında yerləşir. “Prodservis” adlanan bu şirkət əsasən Azərbaycandan tərəvəz və digər məhsulların idxalı ilə məşğul olur.
Mənbənin dediyinə görə, Ələkbərova atəş açanların kimliyi bu günlərdə bəlli olacaq. Eləcə də sui-qəsdin arxasında duran sifarişçinin.

Informasiya şöbəsi