Mehdi Məmmədova 2 il iş verildi

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. “Media forum” saytı xəbər verir ki, hökm iyunun 28-də Binəqədi Rayon Məhkəməsində çıxarılıb.

Mehdi Məmmədov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda təqsirli bilinib.

***

27.06.2012

“Məni iki gün qollarım qandallı vəziyyətdə döydülər”

MTN-in “narkotik”lə habs etdiyi Mehdi Məmmədova prokuror 2.6 ay iş istədi

İyunun 27-də Binəqədi Rayon Məhkəməsində “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədovun mühakiməsi davam edib. “İslamazeri.az” saytının məlumatına görə, hal şahidi Kamil Mahmudovun prosesə gəlməməsi müdafiə tərəfinin narazılığına səbəb olub. Hakim hal şahidinin yazılı ifadəsini oxuyub. Müttəhim Mehdi Məmmədov və onun vəkili Zaman Səmədov ifadənin uydurma olduğunu deyiblər.

Mehdi Məmmədovu fevralın 18-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.

27 iyun prosesində sualları cavablandıran Mehdi Məmmədov bildirib ki, 2012-ci il fevralın 17-də Binəqədi Rayon Polis İdarəsindən zəng edib onu polisə çağırıblar: “Mən səhərisi vəkilimlə birgə polis bölməsinə getmişəm. Bölmə rəisi mənimlə söhbət apardı, ictimai-siyasi fəaliyyətimi tənqid edib filan yerə getmə, filan söhbətlər aparma deyə məni fəaliyyətimdən çəkindirmək istədi. Mənə xəbərdarlıq edildi. Bundan sonra oradan çıxdıq.

Bölmənin qarşısında məni gözləyən dostumun maşınına əyləşmək istəyirdik. Vəkilim oturdu, mən qapını açanda iki nəfər yaxınlaşıb özlərini MTN əməkdaşları kimi təqdim etdilər və mənim onlarla getməyimi istədilər. Vəkilim buna etiraz etdi, amma onlar MTN-dən belə göstəriş verildiyini dedilər. Məni “Niva” markalı maşının arxa oturacağında oturtdular. Sağımda və solumda da iki nəfər oturdu. Qollarımı arxadan qandalladılar, başıma torba keçirdilər və başımı dizlərimə sıxdılar. Yolda hara apardıqlarımı görmədim, amma yol boyu hədələyici, təhqiredici ifadələr işlədirdilər. Həmçinin əllərini cibimə saldıqlarını da hiss etdim. Apardıqları yerdə üstümə baxış keçirdilər və yolda cibimə qoyduqları bükülü kağızları çıxarıb protokollaşdırdılar.

Sonra hal şahidlərini gətirdilər. Gah şirin dillə, gah da təzyiq yolu ilə ittihamı boynuma götürməyimi istəyirdilər. Mən isə qəbul etmədim. İki gün ittihamı qəbul etdirmək üçün mənə təzyiqlər edildi. Geyim, su, yemək verilmədi. Həmçinin ayaqyoluna getməyə də imkan vermirdilər. Məni iki gün müntəzəm olaraq qollarım qandallı halda döydülər. Bədənimin başdan aşağı nahiyələrinə zərbə vururdular ki, işgəncə izi bilinməsin”.

Mehdi Məmmədovun vəkili Zaman Səmədov bildirib ki, həmin müddət ərzində hüquqlarını müdafiə etdiyi şəxslə görüşə bilməyib, hətta onun harada saxlanılması barədə məlumat əldə edə bilməyib.

Bundan sonra hakim Mehdi Məmmədovdan götürülmüş analiz əsasında tibbi ekspertizanın rəyini oxuyub. Rəydə bildirilir ki, Mehdi Fəxrəddin oğlu Məmmədov narkotik istifadəçisi deyil.

Hakim son olaraq ittiham və müttəhim tərəflərinə söz verdi. Dövlət ittihamçısı Mehdi Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mehdi Məmmədovun vəkili Zaman Səmədov isə ittihamların tamamilə absurd və əsassız olduğunu diqqətə çatdırıb və Mehdi Məmmədovun dərhal azad edilməsini istəyib.

Hökm iyunun 28-də oxunacaq.

“Medai forum”