Ölüm cəzası altında

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Bu söhbətin xeyri oldu. Nəzarətçilər kameranın havasını dəyişmək üçün “kormuşka”nı açıq saxlamağa görə bizdən pul almırdılar. Gəzintiyə gündə iki dəfə çıxırdıq və buna görə pul vermirdik. Həftədə bir dəfə səhər yoxlamasından sonra təhlükəsizlik yoxlamasına 1-2 manat verirdik ki, kameranın altını üstünə çevirməsinlər; adam kimi baxıb getsinlər.
Amma bu qədər güzəşti də nəzakətsiz şəkildə cavabsız qoymaq istəmirdim. Arabir buradakı heyətin hansısa üzvünə 5-10 manat verirdik ki, incik düşməsinlər.
Həbsxanalarda pul hər şeyi həll edir. Bəzən sadəcə, münasibətlər həlledici rol oynayır. Əksər hallarda isə ən isti münasibətlər də heç nəyi həll etmir və əlahəzrət Manat yeganə hakim olur. Bütün bu qaydasızlıqların heç bir standartı yoxdur. Bütün hallarda ətrafa dörd gözlə baxmalı, situasiyanı dəqiq qiymətləndirməlisən. Burada dustağın heç bir hüququ yoxdur. Dustaq inventardır və yalnız ekstremal şərait yarada biləcək dustaq diqqətə layiqdir. Bu ekstremal şərait nədir? Ekstremal şərait odur ki, hansısa dustağın və ya dustaqlar qrupunun hərəkətinin nəticəsi müdiriyyəti yuxarıların qarşısında gözükölgəli edə bilər. Yuxarılar aşağı rəisləri idarəçilik qaydalarının pozulmasına görə ittiham etmirlər ki… Onlardan pul qoparmaq üçün ittiham edirlər. Damarını kəsən bir dustaq etirazlarına görə yox, rüşvət faktı yaratdığına görə diqqəti cəlb edir. Aşağı rəis yuxarı rəisə rüşvət ödəyənə qədər həmin dustağın yarası Vətən yarası qədər əziz və müqəddəs sayılır. Amma rüşvət alındıqdan sonra məzkur dustağın etirazı və naləsi heç kimi zərrə qədər narahat etmir. Bu cür olaylar barədə xırda-xırda, yeri gəldikcə bəhs etmək lazımdır ki, binəsib dustaqların fəryadları kimisə kövrəldib ağlatmasın. Axı, dustaqxanalar da bizim yaşadığımız mühitin bir parçasıdır və oraya düşən insanların bir çoxunun taleyi bizim cəmiyyətdəki nasazlıqların üzündən nasaz olub. Bizim sınıq-salxaq cəmiyyətimizdəki türmələrdə – Bayıl tipli istintaq təcridxanalarında isə üç min nəfərə qədər insan var. Onlar bir müddət burada qalır, sonra zonlara göndərilir, onların yerini yeniləri tutur və bu proses fasiləsiz olaraq davam edir. Ölkə həbsxanalarının mayası sayılan bu üç min nəfərlik kontingent isə heç vaxt azalmır. Bu həbsxanalarda cinayətkar aləmin əlifba dərsi keçilir; cinayətkar aləmlə həbsxana əməkdaşlarının qarşılıqlı münasibətlərinin bazası qurulur: qətiyyən ürəkaçan olmayan, saxtakarlıqdan, rüşvət, həqarət və işgəncələrdən ibarət olan qarşılıqlı münasibətlərin…
Nəzarətçi “kormuşka”nı aralayıb astaca məni çağırdı. Qapıya yaxınlaşdım. “Müəllim, qonşu kameraya ”krıtı”dan bir nəfər “ömürlük” gətiriblər. Hər şeyə ehtiyacı var. Onu diqqətdə saxlaya bilərsinizmi?” – dedi.
Uşaqlara danışdım. Tez babat bir zənbil hazırladılar. Buraya yüngül pal-paltardan tutmuş, çaya-qəndə qədər hər şey qoyduq. Nəzarətçini çağırdım. Zənbili böyür-baş eləyib birtəhər “kormuşka”dan keçirtdik. Nəzarətçi də onu qonşu kameraya ötürdü. Bir saat sonra divar döyüldü. Pəncərənin (“reşka”nın) qarşısındakı çarpayının ikinci mərtəbəsinə çıxdım və uşaqlardan biri divara cavab yumruğu verdi. Qonşu kameranın pəncərəsi, təbii ki, görünə bilməzdi, nəinki pəncərənin arxasındakı adam. Həmin pəncərədən səs gəldi: “Sağ olun! Göndərdiyiniz hər şeyi aldım”.
“Başqa şeyə ehtiyacın varsa, söylə, burada olduğun bütün günlərdə ehtiyacın olan hər şeyi utanıb-çəkinmədən istə!” – dedim.
“Utanmaqdan keçib. Bizim üçün utanmaqla utanmamağın fərqinin harada olduğunu bilmirəm. Ömürlük cəza başqa bir dünyadır. Orada rənglər dəyişir. Adamın da, otun da, ağacın da, divarın da qiyməti dəyişik olur…”, – dedi.
Söhbət alınırdı. Adını soruşdum. “Adım Raufdu, Gəncədənəm”, – dedi. Hekayətini soruşdum. Danışmamaq kimi bir problemi olmadı:
– 1991-ci ildə Ukraynadaydım. Biznes qurmaq haqqında düşünürdük. Əməlli-başlı planlarımız vardı. Böyük-böyük planlar idi. Planlar böyük olanda böyük adamlarla oturub-durmalı olursan. Bizim də bəxtimizə bir beləsi düşdü. Kömür mədəninin direktoru idi. Onunla bir para işlər görmək barədə məsləhət-məşvərətimiz vardı. Bu söhbətlərin gedişi ilə aramız yaxşılaşdı, münasibətlərimiz yarandı. Sonra ortaya mübahisəli məsələlər düşdü. Bir il sonra onun kitabını bağlayası olduq. Həm də tək deyildi. Şahid saxlamaq olmazdı. Ailəsi ilə birlikdə bitirdik onun işini. Əlbəttə, düz eləmədik. Onun günahı vardısa, ailəsinə dəxli olan bir günah deyildi. Günahı yoxdusa da, yenə də biz günah etdik. Bu şaxta müdirinin istintaqından yayına bilmədik. Axtarıb tapdılar. Məni tapdılar. Mən də bu işi tək gördüyümü dedim. Əslində elə bir əməliyyat-filan da olmamışdı. Mənim bu işə şərik edə biləcəyim heç kim yox idi. Tutuldum. Güllə verdilər. Sonra da Azərbaycana verildim. Gülləni ömürlüklə əvəz etdilər. 1994-cü ildən içəridəyəm. 14 ildir. Bu yaxınlarda çıxmaq şansım vardı. O da bitdi.
– Niyə bitdi?
… Nəzarətçi hirslə qapını döydü. Mən çevrilib çarpayının üstündə oturdum. “Kormuşka” eyni qəzəblə açıldı və şaqqıltı ilə aşağı tullandı. Nəzarətçinin bozarmış sifəti içəri tuşlandı:
– Kimdi orada danışan?
Mən əhvalımı dəyişmədən, sakitcə:
– Mən idim.
– Müəllim, kiminlə danışırdınız?
– Burda kim var ki?!
– Yox, siz “reşka”dan danışırdız, axı?..
– Təbii. Üzümü pəncərəyə tutub danışırdım.
– Kiminlə danışdığınızı soruşuram.
– Heç kimlə. Kiminləsə danışmaq istəsəm, üzümü kameranın içinə tutub danışardım. Buradakıların hamısı ilə danışıb qurtarmışam. Bunlara deyiləsi sözüm qalmayıb. Ona görə də üzümü bayıra tutub Bayıla gəlməsi gözlənilən adamlarla danışıram.
– Müəllim, siz məni dolayırsınız?
– Əlbəttə, yox. Siz necə başa düşürsünüz ki?!
– Mən elə başa düşürəm ki, siz məni dolayırsınız.
– Nahaq elə başa düşürsünüz. Mənim sizi dolamaq kimi tarixi bir yüküm yoxdur. Əgər qapının bəri tərəfində olsaydınız, bəlkə də ya mən, ya da burada olan hər hansı başqa bir adam sizi dolamaq haqqında düşünərdi. Bizsə başqa-başqa fəzalarda olan adamlarıq və mənim sizi dolamaq kimi niyyətim çox mücərrəd plan olardı. Amma bizim heç birimiz – nə siz, nə də mən – mücərrəd adamlar deyilik. Mən gerçəkdən və konkret olaraq dustağam, siz də gerçəkdən və konkret olaraq həbsxana nəzarətçisi. Burada bizim qarışılıqlı münasibətlərimizdə mücərrəd bir şey baş verə bilər?
– Yox – deyə, nəzarətçi özünü qurutdu.
– O halda, deməli, mən öz-özümlə danışırdım. Bunu sübut etmək lazım idi və teorem isbat olundu…
Bu nəzarətçi səhəri gün gündüz növbəsində idi. Biz hava almaq üçün çıxanda məndən yapışdı:
– Müəllim, mən ölüm, dünənki söhbət nə idi?
– Dedim axı, öz-özümlə danışırdım.
– Yox, onu demirəm. Öz-özünüzlə danışmadığınızı bilirəm. Mənimlə məzələnməyinizi deyirəm. Hələ bu vəziyyətə düşməmişdim.
– Sizə elə gəlir. Sadəcə, mənimlə söhbət zamanı heç nə başa düşmədiyinizi anladığınıza görə qəti olaraq müəyyən etmisiz ki, sizinlə məzələnirəm. Amma kimlərsə dəfələrlə sizinlə məzələniblər, sadəcə, siz boynunuza almamısınız. Düz demirəm?
Nəzarətçi duruxdu:
– Günah məndədir də. Özümü ikinci dəfə boyunduruğun altına soxuram…

Ardı var