“Ölkənin hasara alınmasını müşahidə edən, addımbaşı polislə üz-üzə gələn turist növbəti dəfə buraya üz tutarmı?”
Son dönəm Azərbaycana səfər edən turistlərin sayı daha da artıb. Azərbaycana turist axını əsasən, İran, Rusiya, Avropa və körfəz ölkələrindən olur. Rəsmi açıqlamalara görə, bu il aprelin sonuna kimi artıq bütün mehmanxanaların 80-85 faizi dolub. Həmçinin, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayının ötən ilin müvafiq dövrüylə müqayisədə 12 faiz artdığı da bildirilir.
Görəsən, turistləri Azərbaycana cəlb edən əslində, hansı göstəricilərdir? Bizdə bu sektor yenicə inkişafa başlayıb və digər ölkələrlə müqayisədə qiymət və xidmətlərin bahalığı da müzakirə mövzularından biridir.
İqtisadçı-ekspert Nemət Əliyev öncə Statistika Komitəsinin açıqladığı məlumatlara diqqəti çəkir. Komitənin aşıqladığı rəqəmlərdən aydın olur ki, bu ilin yanvar-fevralında istehsal olunan ÜDM-in 267 milyon manatı “turistlərin yerləşdirilməsi və ictimai iaşə” hesabınadır (bazar qiymətləri ilə):
“Əvvəlki ilin yanvar-fevralında bu göstərici 282 mlyon manat olub. Manatla ifadə olunmuş bu iki göstəricinin müqayisəsi deməyə əsas verir ki, 2017-ci ilin yanvar-fevralında 15 milyon manat və ya 5 faizdən çox azalma var. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlər manat deyil, xarici valyuta gətirirlər. Əgər müqayisələri dollara çevirməklə aparsaq, məlum olar ki, bu ilin ilk iki ayında “turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində yaradılan dəyər 30 milyon manat və ya 17 faizdən çox azalıb. Odur ki, turizmin ötən ilə nəzərən inkişaf etməsinə dair söylənən fikirlərin əsası yoxdur. Axı yerli əhali buradakı şəraitsizlik ucbatından dincəlmək üçün qonşu ölkələrə üz tutursa və bu məlumatları asanlıqla öyrənən əcnəbilər nə üçün və hansı səbəbdən buraya üz tutmalıdırlar?!”.
Ekspert deyir ki, turizmi inkişaf etdirmək üçün ilk növbədə ölkədəki yaşayış səviyyəsi yüksəldilməli, heç bir halda şəxsi həyata müdaxilə olmamalıdır. Həmsöhbətimiz maraqlı bir mənzərəni də canlandırır:
“Ölkənin hasara alınmasını müşahidə edən, addımbaşı polislə üz-üzə gələn turust növbəti dəfə buraya üz tutarmı? Əlbəttə, Azərbaycanın turistlər üçün cəlbedici olması vətəndaş kimi hər birimizin arzusudur. Lakin yanlış siyasət, insan hüquq və azadlıqlarının ayaqaltı edilməsi, zindanların vicdan məhbusları ilə doldurulması, məmur özbaşınalığı, insanların şəxsi həyatına müdaxilələr hələlik bu arzuların gerçəkləşməsinə imkan vermir”.
Nigar



