Sahibkarın pulunu aldılar, özünə də cinayət işi açdılar

88 min dolları əlindən alınan sahibkar ölkə prezidentindən kömək istəyir

“Ölkəmizə sahibkarlıq niyyəti ilə pul gətirən, gömrük postunda əlindən pulu alınan və özünə qarşı da cinayət işi açılan vətəndaş Alışov Cabir Sənham oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətini sizə təqdim edirəm”. Bu sözləri özünün Facebook səhifəsində vəkil Elçin Sadıqov yazıb.

“Mən, Alışov Cabir Sənham oğlu Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. 05 yanvar 2017-ci ildə Rusiyadan gəlib Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postundan keçərkən bəyannamə yazacağımı bildirdim. Çünki üzərimdə halal zəhmətlə qazandığım 88 min ABŞ dolları vardı. Üstəlik, bildirdim ki, latın qrafikası ilə yazıb-oxuya bilmirəm. Xahiş etdim ki, sənədləşmədə yardım etsinlər. Oradakı gömrük əməkdaşlarından biri məndən 5 manat pul və pasportumu istədi ki, bəyannaməni yazsın. Bəyannaməni yazdılar orada nə yazıldığını bilmədim. İçəri keçərək gömrük əməkdaşlarına pulumun olduğunu və həmin pulun avtomobilimdə olduğunu dedim. Onlar avtomobilimə yaxınlaşaraq arxa qapını açıb içərisində pul olan gödəkcəmə baxdılar və avtomobili irəli verib saxlamağımı dedilər. Maşını deyilən yerə verib pulu götürdüm, sonra gömrük otağına gətirərək sonradan adını bildiyim gömrük əməkdaşına verdim. Birlikdə pulları saydıq, orada mənə aid 88.000 ABŞ dolları məbləğində pul var idi.
Həmin gömrük əməkdaşı kompüterdə sənəd hazırlayıb mənə imzalamaq üçün verəndə orada 88 min ABŞ dolları əvəzinə 28 min ABŞ dolları yazdığını gördüm və soruşdum ki, niyə belə yazıblar. Həmin gömrük əməkdaşı mənə dedi ki, ölkəyə 50 mindən artıq dollar gətirmək olmaz. Həmin əməkdaş məndən tələb etdi ki, 28 minə imza atım, qalanlarını gedib götürərəm, guya o mənə hörmət edib, mənim 28 min dollarımı mənə verir. Orada olan və adlarını bilmədiyim 4 gömrük əməkdaşı məni zorla həmin sənədə imza etdirməyə çalışırdılar. Mən isə imtina etdim və dedim ki, halal zəhmətimlə 88 min dollar gətirmişəm. İstəyirəm ki, bəyannamədə də 88 min ABŞ dolları yazılsın, mənim qorxacaq və gizlədiləcək bir şeyim yoxdur. Mən bu zaman onların səsini telefonum vasitəsilə yazdım. İmtina etdiyimi görüb məni Xaçmaz Gömrük İdarəsinə apardılar, pulumu və maşınımı da əlimdən aldılar.
Xaçmaz Gömrük İdarəsində dedilər ki, guya mən 88 min ABŞ dolları məbləğində pulu ölkəyə bəyan etmədən keçirmək istəmişəm. Mən gömrükdə baş vermiş hadisəni olduğu kimi danışdım. Xahiş etdim ki, keçid məntəqəsindəki müşahidə kameralarından görüntüləri alıb baxsınlar. Lakin dediklərimi ciddiyə alan olmadı. Mənim Azərbaycan dilində yazıb oxumağı bilməməyimdən istifadə edib məzmununu bilmədiyim sənədlərə imza etdirdilər, daha sonra ağ kağıza nəsə yazdılar və mənə tapşırdılar ki, oradakı hərfləri olduğu kimi rəssamtək başqa kağıza köçürüm.
Mən illərlə qürbətdə min bir əziyyətlə evimdən, ailəmdən uzaq düşüb halal zəhmətlə işləyib pul toplamışam ki, həmin pulu vətənimə gətirib ailəmin ev şəraitini yaxşılaşdırım, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olum, kənd təsərüffatı və pambıqçılıqla məşğul olub vətənimdə yaşayım. Amma vətənə gələr-gəlməz pulumu, maşınımı qanunsuz şəkildə, həm də məni şərləyərək əlimdən aldılar. Üstəlik, barəmdə cinayət işi də başladılar.
Hörmətli prezident!
Mən Sizin çağırışınızla ölkəyə gəlib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişəm. Lakin gömrük əməkdaşları mənə qarşı qanunsuz hərəkətlər ediblər və indi məni 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tək suçum öz halal zəhmətimlə qazandığım pulları ölkəmə gətirib burada da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəməyimdir.
Xahiş edirəm ki, gömrük əməkdaşlarının qanunsuz ələ keçirdiyi pulumun qaytarılmasına və barəmdə aparılan qanunsuz cinayət təqibinə xitam verilməsinə göstəriş verəsiniz”.