Silahlı dəstə meşədə vəzifəli şəxsləri atəşə tutub; polisin axtarışları nəticəsiz qalıb
Samux rayonunun “Qarasaqqal” meşə massivində atışma baş verib. Bu barədə “Azadlıq”a məlumat verən etibarlı mənbənin sözlərinə görə, meşənin Kür ilə Gəncə çayının birləşdiyi ərazisində avtomatla silahlanmış atlı dəstə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühiti Mühafiə Idarəsinin Samux rayon şöbəsi rəisinin birinci müavini Qalib Mehdiyevlə Həsən və Nofəl adlı əməkdaşlarına hücum edib. Bəzi məlumatlara görə, hadisə iyun ayının 19-da baş verib.
Atlı dəstə əvvəlcə ETSN əməkdaşlarına “əllərinizi qaldırın” əmri verib. Onlar əmrə tabe olmadıqda isə dəstə onlara xəbərdarlıq atəşi açıb. Bundan sonra ETSN əməkdaşları qaçaraq meşədə gizləniblər və oradan DIN-in 102 xidmətinə müraciət ediblər. Nəticədə Samux polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb. Polis dərhal meşəni mühasirəyə alıb və əməliyyat başlanıb. Lakin maraqlıdır ki, ETSN əməkdaşlarıni meşədə tapan polis dəstəni tapa bilməyib. Axtarışların iki gün davam etdirilməsi də müsbət nəticə verməyib. ETSN əməkdaşları polisə bildiriblər ki, dəstə üzvləri saqqalı olublar. Bu baxımdan bəzi versiyalara görə, onlar vəhhabi təriqətinə mənsub olan yaraqlılar olub. Başqa mülahizələrə görə isə həmin şəxslər PKK-nın silahlı dəstəsi olub. Və onların Samux rayonunda, Kür çayının vadisində kürdlərə məxsus fermer təsərrüfatında gizləndiyi güman edilir. Hesab edilir ki, fermer təsərrüfatında hərbi düşərgə var. Polis hələ ki bu versiyaları araşdırır.
Məlumatla bağlı DIN-lə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə onlarda bu barədə hər hansı məlumat olmadığını bildirdi.
İnformasiya şöbəsi