Xəzər dənizi geopolitik ucqardan “barıt çəlləyi”nə çevrilir. “Foreign Policy” jurnalının analitiki Coşua Kuçer belə deyir. Müəllifin fikrinə görə, vəziyyəti Xəzərin trilyon dollarlıq neft ehtiyatları gərginləşdirir. Neftdən gələn pullarla başlayan silah yarışı ilk dəfə keçən ilin payızında Rusiya və Qazaxıstanın Xəzərdə keçirdiyi birgə təlimlərdə göründü. Rusiya tərəfi bunu Əfqanıstandan qoşunların çıxarılması zamanı yaranacaq qeyr-stabilliyə qarşı tədbirlər kimi əsaslandırdı.
Ancaq təlimlərdə istifadə olunan F-4, F-5, Su-25 təyyarələri Qazaxıstanın neft yataqlarının mühafizəsini təşkil edir. Təyarələrin modelindən nəticə çıxarsaq, bu vəziyyətdə İran “şərti düşmən” kimi görünürdü.
Dünya İsrailin İrana zərbə ehtimalını hesablayarkən Xəzər sahilindəki postsovet ölkələri hərbi güclərini artırırlar. İranın Azərbaycan və Türkmənistanla dəniz sərhədlərində həll edilməmiş problemləri var. Rusiya və İran hərbi dəniz qüvvələrini möhkəmlədərkən, digər 3 respublika işə sıfırdan başlayıb. Sahilyanı ölkələr Rusiyanın Xəzər hövzəsində hegemonluğundan qorxurlar. İran və Rusiya isə ABŞ-ın regionda iştirakından. Bir-birinə etibar etməyən ölkələr dairəsi potensial münaqişə üçün şərait yaradır.
Müəllif yazır ki, Rusiya transxəzər kəməri çəkildiyi təqdirdə, Azərbaycan və Türkmənistanı hərbi güclə təhdid edir. Azərbaycan ABŞ-dan yardım istəyir. Xəzəryanı ölkələr hövzənin silahsızlaşdırılmasına çağırırlar, ancaq bütün tərəflər “terrorizmlə mübarizə” adı altında sürətlə silahlanırlar. ABŞ İran və Rusiya təhlükəsi qarşısında Xəzər sahilindəki digər ölkələrə yardım etməyə söz verib. Bu isə vəziyyəti daha da gərginləşdirəcək.
azadliq.info


