Əliyevlərin aqrar sektor sevgisi

Xaliq Bahadır

Əliyevlər ailəsində aqrar sektora 20 ili aşan hakimiyətləri boyunca görünməmiş sevgi görsənməkdədir. Alınan soraqlara görə, son illər onlar Azərbaycanın bütün bölgələrindəki başlıca gəlir qaynaqlarını bir-birinin ardınca ələ keçirməkdədirlər. Onların uzun illər daha çox Bakı ilə bağlı olan monopoliya siyasətləri indi bütün bölgələrə yayılmaqdadır. Nədən? Aydındır: neft gəlirlərinin azalması üzündən!
Neft gəlirlərinin ölkəyə sel kimi axıb gəldiyi çağlarda mən “Azadlıq” başda olmaqla bir sıra qəzetlərdə neft gəlirlərindən yararlanmaqla aqrar sektoru gəlişdirmək gərəyindən yazdım. İllərlə yazdım. Dönə-dönə yazdım. Azərbaycanın gerçək dirçəlişinin, gerçəık yüksəlişinin aqrar sektora bağlı olduğunu yazdım, yazdım, yazdım…
Ölkədə az-çox demokratik hakimiyət olsaydı, illərdən bəri hakimiyət başında duranlarda azacıq Azərbaycan, xalq sevgisi olsaydı, tanınmış jurnalist olaraq mənim yazdıqlarıma sayğıyla yanaşılar, böyük axınla gələn neft pullarından azca yönəltməklə, sözsüz, yeni texnoloji baza üzərində, – çağa uyğun siyasət yürütməklə, – aqrar sektoru ölkənin, xalqın başlıca dirçəliş, yüksəliş qaynağına çevirmək olardı. Azərbayca ölkəsi, Azərbaycan xalqı olaraq bizim başlıca uğursuzluğumuz nədədir? Əliyevlərin lap başlanğıcdan (qabaqca 1969-dan, sonra 1993-dən) belə bir ideyası, belə bir planı olmayıb. Bunu İngiltərə parlamentinə bağlı vergi qurumunun üzə çıxardığı bir faktdan açıq-aydın görmək olar: ata-bala Əliyevlər 1993-2010-cu illər arasında Azərbaycandan tək ofşor zonaya 48 milyard dollar pul çıxarıblar. ABŞ-dan yayılan başqa bir bilgiyə görə, son 10 ildə Azərbaycandan 95 milyard dollar pul çıxarılıb. Bir belə pulu ölkədən kimlərin çıxara biləcəyini soruşmaq artıqdır.

Nefti bitirənlərin pambıq bitirməkliyi

Neft gəlirlərinin azalması, böyük pul axınına öyrəşmiş Əliyevlər ailəsini yeni böyük gəlir axtarışına yönəldir. Onlar indilikdə üstünlüyü pambıqçılığa verirlər. Azacıq yatırımla böyük gəlir əldə edəcəklərini, bununla neft gəlirlərinin azalmasından yaranan büdcə (ailə büdcəsi!) kəsirinin yerini doldura biləcəklərini düşündükləri üçün. Bol sulu, çoxlu torpaqları olan, bu üzdən də geniş pambıqçılıq üçün əlverişli Saqatlı rayonu Əliyevlərin indiki bölgə seçimində başda duran rayonlardandır. Buna görə İ.Əliyev son illər Saqatlıya ayrıca önəm verməkdədir. Bu önəm özünü başlıca olaraq kənd yollarının asfaltlaşdırılmasında göstərir. Kənd yollarının asfaltlaşdırılması, sözsüz, olduqca yaxşı işdir. Ancaq İ.Əliyevin bu faktı çıxışlarında ayrıca qabartması, bunu xalq üçün etdiyi (“tərəfimizdən göstəriş verilmişdir”) gerçəklik görsənişi deyil; yollar “pambıqçılığın inkişafı üçün”, daha doğrusu, kəndlərə gediş-gəlişi yüngülləşdirmək, daşınmanı asanlaşdırmaq üçündür. Belə olmasaydı yollar illər öncəsi, neft pullarının axınla gəldiyi çağlarda asfaltlaşdırılar, xalqın canı çoxillik yolsuzluq çətinliyindən qurtarardı…
İ.Əliyev bir neçə gün qabaq Saqatlıda oldu, geniş çıxış yapdı. Çıxışın canı pambıqçılıq, pambıqçılığın xalqı varlandıracağı, sosial dirçəlişə gətirəcəyi ilə bağlı söyləmələrdi. Neft kontraktlarının bağlanmasından sonra Əliyevlər Azərbaycan xalqını dünyanın ən varlı xalqına çevirəcəkləri ilə bağlı böyük, gurultulu kampaniya başlamışdılar. Elə o böyük, gurultulu – aldadıcı kampaniya içində də xalqı yoxsullaşdıra-yoxsullaşdıra özləri milyardlara yiyələndilər.
2013-cü ildə (seçki ilində!) İngiltərə hökuməti ilə 40 milyard dollarlıq “Şahdəniz – 2” kontraktı bağlayan İ.Əliyev bu bağlaşmanın tezliklə Azərbaycan xalqını dünyalarca varlandıracağını dedi. Yenə xalq yoxsullaşdı, özləri varlandılar. İndi xalqı pambıqla aldatma dönəmi yaşanmaqdadır: “Azərbaycan gələn il 270 min ton pambıq istehsal edəcək, xalq durmadan varlanacaq”. İ.Əliyev bununla bağlı çox önəmli bir önəridə bulundu: “Biz pambıq yığımı üçün çoxlu texnika – pambıqyığan kombaynlar almışılq, yenə də alacağıq, ancaq… daha çox pul qazanmaq üçün xalq pambığı əllə yığmaq istəyirsə, dəyməyin, qoyun əllə çoxlu pambıq yəğıb, çoxlu da pul qazansınlar – bu bizim sosial proqramımızdır”. Bəh, bəh, bəh! Xalqı varlandıracaq sosial proqram – 21 yüzildə əllə pambıq yığımı! Bir də, çoxillik “ölmə, eşşəyim, yaz gələr, yonca bitər…” İllər keçir, nə yaz gəlir, nə yonca bitir – yaz da, yonca da birilərinin monopoliyasında olduğu üçün!

Dünyaya örnək “idarəçilik”

İ.Əliyev ölkədə, o sıradan, Saqatlıda pambıqçılığı “inkişaf” etdirmək üçün göstərişlər verdiyini bildirir. Onun göstərişi başqa bölgələrdə olduğu kimi, Saqtlıda da artıqlaması ilə yerinə yetirilib: ötən yüziliyin 70-ci illərində necə idisə, indi də elə: az qala həyətlərədək hər yan pambıq əkini üçün şumlanıb – otlaqlar içində olmaqla. Buna görə mal-qaranın sürəkli satışı, kəsimi baş verib. Buna görə Bakıda da, bölgələrdə də ətin qiyməti durmadan qalxmaqdadır. Budur İ.Əliyevin dünyaya örnək göstərdiyi “idarəçilik”!
Saqatlı-Biləsuvar arasında 100 min hektar düzənlik vardı. İndi yoxdur. O düzənlik indi İ.Əliyevin Azərsunla birgə (Azərsun da onundur) əkin yerlərinə çevrilib: xiyar, pomidor, pambıq… Ən isti yay aylarında belə Saqatlının kəndlərində su qıtlığı olmaz, demək olar, kanallar dolu axardı. 100 min hektarlıq əkin faktı ortaya çıxandan rayonda su sorunu yaşanmaqdadır. Nə edirlər? Arazın kəndlərə gələn suyunu kəsib “dövlətin” əkin yerlərinə yönəldir, kanallara İmişli karyerlərinin iylənib-göyərmiş sularını vururlar. Başbilənlərdən soruşmaq gərəkir: bunu tərsinə etmək olmazmı? İndi kəndlər çevrələmə pambıq əkinlərinə bürünüb. Bu işlərin də başında İ.Əliyevin tapşırığına uyğun olaraq, rayon İH başçıları, yerlərdə bələdiyələr durur.
İ.Əliyev fermerlərdən danışdı. Nə fermer? İllərlə aqrar sektora kredit 24-28 faiz arasında verildi (40-60 faiz faktları da var). Bununla da hakimiyətlə ilişkisi olmayanların hamısı bankrot oldu. Torpaqları başlılca olaraq hakimiyətə bağlı işbazlar ələ keçirdi. Çoxillik ANTİXALQ siyasətlərinin yaratdığı yoxsulluq üzündən çoxları pay torpaqlarını dəyər-dəyməzinə satmalı oldu…
Rayonda iki pambıq zavodu var, ikisi də Ailəyə bağlıdır. Üçüncü zavod da var idi (yerli adamın zavodu), pambığı qalan iki zavoddan bir neçə qəpik bahasına götürdüyündən onu bağladılar. Beləliklə, bir yandan əkin monopoliyası yaradılır, başqa bir yandan standart qiymət siyasəti yürüdən zavod monopoliyası – tək bir rayonda yox, bütün ölkədə. İ.Əliyev pambığın qiymətinin 50 qəpiyə qaldırılmasına göstəriş verdiyini deyir. “Aqrolizinq” başda olmqla əkin-biçinin, eləcə də əkinçiyə satışın, əkinçidən alışın monopoliyaya alındığı yerdə 50 qəpik nominasiyası yalnız yalançı xarakter daşıya bilər – belə də olur! 50 qəpik göstərişi pampıqçı (əkinçi) üçün sonda 5-3 qəpiklik qazanc faktına çevrilir. Faktik olaraq pambıqçının (bütövlükdə, əkinçinin) xərci borcunu ödəmir: uzaqbaşı, “ələ-ələ, baş-başa” gerçəyi yaşanır. Buna görə bütün kəndlərdə mağazalar bağlanır, bağlanmayan mağazalarda NİSYƏ dəftərləri şişdikcə şişir. Görünür, bu sayaq faktlardan çıxış edərək İ.Əliyev Saqatlı çıxışında bildirdi: “Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir”.
Saqatlıda uşaq baxçasının açılışını edən İ.Əliyev baxçanı H.Əliyev fondunun tikdirdiyini bildirdi. Bəlli olduğu kimi, H.Əliyev fondu bütün ölkədə uşaq baxçaları, məktəblər tikdirir, təmir etdirir. Fond, üstəlik, Rusiyadan Vatikanadək, dünyanın bir çox yerlərində tikinti, təmir işlərinə milyonlarla, milyardlarla pul ayırır. İ.Əliyev çıxışlarının birində Azərbaycanın bütün rayonlarının dotasiya (dövlət yardımı) ilə yaşadığını söyləyir. Yaranışından varlı, axar-baxarlı bir ölkənin rayonları dotasiya ilə yaşayırkən H.Əliyev fondu milyonları, milyardları haradan, necə əldə edir? Bəlkə, bu bizim anlamadığımız fenomenal yönətim (“idarəçilik”) örnəklərindəndir?!

İşıqları söndürülən ölkə

Saqatlıda yaşayan birisi İ.Əliyevin rayona gedişi ilə bağlı deyir: “İşıqları kəsib, yolları bağlayıb, rayonda həyatı dondurublar ki, nə var, nə var prezident gəlib. Xalqın ürəyi dolu idi, İlham Əliyevə deyiləsi çoxlu sözümüz vardı, ancaq prezidentə yaxın düşə bilmədik”. Ay yazıqlar, İ.Əliyev də, onun çevrəsi-komandası da çox gözəl bilir: xalqın ürəyi dolu, İlham Əliyevə deyiləsi sözü çoxdur. Dedikcə çox…
Onlar doğal resurslarla dopdolu ölkəni DÖVLƏT SİYASƏTİNƏ DÖNÜŞDÜRDÜKLƏRİ korrupsiya yoluyla necə bir bataqlığa batırdıqlarını gözəl bilirlər, bu üzdən də xalqdan uzaq durmaqla, HƏRBİ POLİS rejiminə, eləcə də AzTV-lərə güc vermək gərəyi yaranır…
Rusiyanın ünlü kimsələrindən biri deyir: “Rusiya saya oturduğundan heç cür yerindən tərpənə bilməyən gəmiyə bənzəyir, onu yalnız böyük XALQ HƏRƏKATI dalğası qaldırıb yoluna yönəldə bilər”.

P.S. Aydın Zülfüqarlı adlı birisi yazır: “Saatlı adı XV əsrin sonunda Arpaçayın aşağı axarında və Araz çayının sağ sahilində yerləşən Çuxur Sədd əyalətindən yaranmışdır.<…> Çuxur Səddə yaşayan tayfanın, yaxud Əmir Səddin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin Saadlı tayfasının etnik adıdır”. Ortaya belə bir araşdırma “örnəyi” çıxarılıb, sonra da bu “örnək” Vikipediyada yaşamaq hüququ qazanıb. Məncə, bu, bütünlüklə yanlış yanaşmadır. Böyük Azərbaycan coğrafiyasında yayılmış “Saatlı” adı SAK/SAQ Türk etnoniminin dəyişmiş biçimidir.