İlk baxışdan monolit görünən iqtidar daxili intriqaların əsirinə necə çevrilib?
Azərbaycan hakimiyyətində regional qrupların üz-üzə gəldiyi artıq sirr deyil. Dəfələrlə hakimiyyəti təşkil edən xüsusilə iki regional qrupun – “Qərbi Azərbaycan” və “Naxçıvan” klanları arasındakı ziddiyyətlərdən yazılıb. Ilham Əliyevin hakimiyyəti illərində bu sıraya yeni bir regional qrup da qoşulub – “Bakı” klanı. Lakin monolit olduğu iddia edilən hakimiyyətdə ziddiyyətlər yalnız regional qrupların qarşıdurması ilə məhdudlaşmır. Iqtidarda fərdi ziddiyyətlər var. Yəni, eyni klanda təmsil olunan iki məmurun bir-birilə didişməsi barədə faktlar da mövcuddur. Bu yazıda da məqsədimiz hansı məmurların konfliktdə olduğunu və bunun səbəblərini oxucularını diqqətinə çatdırmaqdır. Beləliklə, başlayaq Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdən.
Ramiz Mehdiyev hansı məmurlarla yola getmir?
PA rəhbərinin yola getmədiyi məmurlardan ən əsası təhsil naziri Misir Mərdanovdur. Onların arasındakı ziddiyyətlər sırf regional amillə bağlıdır. Qərbi Azərbaycan klanını nümayəndəsi olan Misir Mərdanovun təhsil sahəsinə rəhbərliyi Ramiz Mehdiyevin ürəyincə deyil. Doğrudur, Misir Mərdanov sabiq səhiyyə naziri Əli Insanovla, prezidentin işlər idarəsinin müdiri Akaf Muradverdiyevin həbsindən sonra zəif duruma düşən Qərbi Azərbaycan klnanının “dilsiz” təmsilçisidir. Amma hər bir halda Ramiz Mehdiyev onun təhsil kimi strateji, eyni zamanda gəlirli bir sahəyə rəhbərlik etməsini dözümlü yanaşa bilmir.
Ramiz Mehdiyevin qarşıdurmada olduğu başqa bir məmur Bakı meri Hacıbala Abutalıbovdur. PA rəhbərinin merə düşmən münasibət bəsləməsinin tarixçəsi barədə “Azadlıq”ın ötən saylalarında yazmışıq. Bir daha oxucuların diqqətinə çatdıraq ki, Ramiz Mehdiyevin Hacıbala Abutalıbova mənfi münasibəti vaxtilə merin PA rəhbərinə yaxın bir şəxsin Fəxri Xiyabanda dəfn olunmasına qarşı çıxması olub. Bu hadisə Heydər Əliyevin dönəmində baş verib.
PA rəhbəri ilə aralarında ziddiyyət olan daha bir məmur fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Hər iki məmurun hakimiyyətdəki “Naxçıvan” klanına daxil olmasına baxmayaraq münasibətləri ürəkaçan deyil. Bəzi məlumatlara görə, ziddiyyətlərin kökündə hakimiyyətdə qeyri-rəsmi ikinci şəxs olmaq iddiası dayanır.
Ramiz Mehdiyev nəqliyyat naziri Ziya Məmmədovdan xoşlanmır. PA rəhbərinin nəzarətində olan rəsmi və hakimiyyətyönlü qəzetlərdə vaxtaşırı nəqliyyat nazirinin tənqid edilməsi də bu faktı təsdiq edir. Ramiz Mehdiyev-Ziya Məmmədov qarşıdurmasının səbəbi isə ikincinin Paşayevlərə sığınması ilə əlaqələndirilir.
Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla PA-nın şöbə müdiri Zeynal Nağdəliyev də Ramiz Mehdiyevin yola getmədiyi məmurlar sırasındadır. Bunun səbəbi hər iki məmurun PA rəhbərinin postuna iddia etməsilə bağlıdır.
Kəmaləddin Heydərovun “qara siyahısı”nda olanlar
Iqtidardakı başqa bir güclü fiqur Kəmaləddin Heydərovun da qarşıdurmada olduğu məmurlar kifayət qədərdir. Onunla Ramiz Mehdiyev arasındakı ziddiyyətlər barədə artıq məlumat verdik.
Kəmaləddin Heydərovun yola getmədiyi başqa bir məmur kənd təsərrüfatı naziri Ismət Abbasovdur. Əksər dövlət qurumlarını nəzarətinə alan “fövqəlnazir” Kənd Təsərrüfatı Nazirliyinə də göz qoyub. Bəzi məlumatlara görə, Kəməladdin Heydərov həmin posta deputat Eldar Ibrahimovu təyin etdirmək istəyir. Bu iddia Ismət Abbasovla onun münasibətlərində gərginlik yaradıb. Hətta bu barədə “WikiLeaks”ın yaydığı məxfi sənədlərdə də bəhs edilirdi.
“Fövqəlnazir”in daxili işlər naziri Ramil Usubovla da münasibətləri yaxşı deyil. Səbəb Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla daxili işlər nazirinin cangüdəni Kandaurov arasında bir neçə il əvvəl baş vermiş silahlı insidentdir. Hər iki nazir hələ də həmin hadisəni unuda bilmirlər.
Bəzi məlumatlara görə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov da Kəmaləddin Heydərovun “qara siyahı”sında olan şəxslərdəndir. Hətta iddia edilir ki, bir neçə il əvvəl Bəylər Əyyubov Kəmaləddin Heydərovun üzərinə silah çəkib.
Ziya Məmmədovun düşmənləri kimdir?
Nəqliyyat naziri Ziya Məmmədov konfliktdən qaçan insan kimi xarakterizə edilsə də, onun da vuruşduğu məmurlar var. Bu sırada ilk olaraq Kəmaləddin Heydərovun adını çəkmək olar. Onların savaşının kökündə iqtisadi maraqların toqquşması dayanır.
Müdafiə naziri Səfər Əbiyev də Ziya Məmmədovun qarşıdurmada olduğu məmurlardan biridir. Səbəb çox sadədir. Səfər Əbiyev nəqliyyat nazirinin qudası, keçmiş baş hərbi komissar Əliağa Hüseynovun “vurulmasında” mühüm rol oynayıb.
Ziya Məmmədovla Ramiz Mehdiyev arasında konflikt barədə yuxarıda məlumat verdik.
Eldar Mahmudov kimlərlə intriqa aparır?
Milli təhlükəsizlik naziri Eldar Mahmudov da hakimiyyətdaxili intriqalardan kənarda deyil. Onun əzəli rəqibi daxili işlər naziri Ramil Usubovdur. Səbəbini izah edək. Eldar Mahmudov vaxtilə DIN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb. Sonradan Ramil Usubovun əmrilə sərəncama götürülüb. Milli təhlükəsizlik naziri olana qədər sərəncamda qalıb. 2004-cü ildə MTN-nin rəhbərliyinə gətirilib. Fəaliyyətində Ramil Usubovdan qisas almağa da yer ayırıb. Və ən daxili işlər nazirinə ən böyük zərbəni “Qara Kəmər” əməliyyatı ilə vurub. Hacı Məmmədovun həbsi Ramil Usubovla Eldar Mahmudovun münasibətlərini daha kəskinləşdirib. Bəzən qarşıdurma açıq müstəviyə keçib.
Bəzi məlumatlara görə, Eldar Mahmudovun ədliyyə naziri Fikrət Məmmədovla münasibətləri ürəkaçan deyil. Bunun kökündə isə MTN-nin həbsxanalara nəzarəti dayanır. Eldar Mahmudov bu səlahiyyətindən istifadə edərək Fikrət Məmmədovun işinə müdaxilələr edir, bu isə ədliyyə nazirinin narazılığına səbəb olur.
Ramil Usubovla Bəylər Əyyubovun qan davası
Daxili işlər naziri Ramil Usubovun Kəmaləddin Heydərov və Eldar Mahmudovdan başqa daha bir güclü rəqibi Bəylər Əyyubovdur. Onların münasibəti düşmənçilik səviyyəsindədir və aralarında “qan davası var” demək daha doğru olar. Bir neçə il əvvəl Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla Ramil Usubovun kürəkəni Kamran Xankişiyev silahlı insident baş verib. Robert Əyyubov Kamran Xankişiyevə atəş açaraq onu ağır yaralayıb. Hadisə Yasamal ərazisində fəaliyyət göstərən və “Opera” adlanan kafedə baş verib. Məhz bu hadisə iki generalı qatı düşmənə çevirib.
Hələlik bu qədər…
Analitik informasiya şöbəsi