Ölkə başçısı PA rəhbərinin əzəli rəqibləri Əli Əsədovla Zeynal Nağdəliyevə orden verdi
Ilham Əliyevin sərəncamı ilə bir sıra dövlət qulluqçuları təltif edilib. Onların sırasında prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev də var.
Ilham Əliyev adıçəkilən məmurları 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Məlumatlara görə, təltif edilənlər sırasında Əli Əsədovla Zeynal Nağdəliyevin olması PA rəhbəri Ramiz Mehdiyevin ürəyincə olmayıb. Bunun da səbəbləri var. Məsələ burasındadır ki, PA rəhbərinin Əli Əsədov və Zeynal Nağdəliyevlə münasibətləri yaxşı deyil. Ziddiyyətlərin kökündə adıçəkilən məmurların Ramiz Mehdiyevin postuna iddialı olmaları ilə bağlıdır. Dəfələrlə mətbuatda da bu şəxslərin PA rəhbəri təyin oluna biləcəyi barədə məlumat yer alıb. Bu baxımdan Ramiz Mehdiyevin Əli Əsədov və Zeynal Nağdəliyevlə arası yoxdur. Yer gəlmişkən, məşhur “MurAy qalmaqalı”nda Zeynal Nağdəliyevin bacanağı Qalib Məmmədbəylinin həbsi də bu ziddiyyətlərin təzahürü kimi dəyərləndirilir. Yada salaq ki, “MurAy qalmaqalı” ilə bağlı cinayət işinin istintaqını DIN aparır. Bu qurumun Ramiz Mehdiyevin nəzarətində olması isə sirr deyil. Istintaq zamanı “MurAy”ın rəhbərliyindən Zeynal Nağdəliyevin əleyhinə ifadə alınmasına cəhd də Ramiz Mehdiyevin ayağına yazılır. “MurAy işi”ndə Zeynal Nağdəliyevin əleyhinə ifadə alınmasına cəhd faktını şirkətin rəhbərliyi açıqlayıb.
Informasiya şöbəsi