Çox maraqlıdır və olduqca əcaib bir təsadüfdür. Hüquq müdafiəçisi, ictimai fəal və qəzet redaktoru Hilal Məmmədov narkotika ittihamı ilə həbs edildiyi gün baş nazirin müavini Əli Həsənov mətbuata açıqlama vermişdi ki, məmur övladları arasında narkoman olanlar daha çoxdur və onların adlarını bilir. Bu, bir mülahizə deyil, Əli Həsənov əvvəllər də söylədiyi həmin fikri narkomaniya ilə mübarizəyə həsr olunmuş “Həyatla oyun” tamaşasının nümayişində doğrudan da söyləmişdi.
Əli Həsənov hətta məmurları hədələmişdi: “Dəvət olunan məmurlar bu tədbirə gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.
Sizə qeyri-ciddi görünə bilər, çünki bizim hakimiyyəti təmsil edənlərdən ciddi nəsə gözləmirsiniz. Amma bu adam baş nazirin müavini, “Qaçqınkom”un sədri olmaqla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. ÿ
Normalda hüquq-mühafizə orqanları bu çıxışdan dərhal sonra Əli Həsənovdan ifadə almalı və doğru bir siyahı varsa, əldə etməli, qanuni tədbirlər görməlidir. Baxmayaraq ki, hər zaman narkomanları cinayətkardan çox xəstə və qurban hesab etmişəm, amma qanunun tələbləri var və bu, məmur övladlarına da şamil edilməlidir.
Belə ciddi məsələni lətifə söyləmək səviyyəsinə endirməsinə baxmayaraq, Əli Həsənovun dediklərinin doğru olduğuna şübhə yoxdur. “Ekstazi işi” adlanan səs-küylü cinayət işi yadınızdadır. Səhv etmirəmsə, 2009-cu ildə o işlə bağlı hökm oxundu və orada ittiham edilənlərin əksəriyyəti məmurların övladları və yaxınları idi. Amma bu, hamısı deyildi. Əli Həsənovun söylədiyi kimi, bizim şanlı hakimiyyəti təmsil edən məmur övladları arasında narkotikaya bağlı olanlar çoxdur.
Məsələ ondadır ki, onların adı rəsmi qurumlara və bu qurumların rəhbərlərinə bəlli olduğu halda, hüquq-mühafizə orqanları başqalarını – ictimai fəalları, arzu etmədiyi insanları narkotika ittihamı ilə həbs etməkdə davam edir. Həm də şərləyərək.
Hilal Məmmədov ciddi ictimai fəaliyyət göstərən, geniş dairələrdə tanınan, çox ciddi imici olan bir insandır. Alimdir. Bu adamın şərləndiyi gün kimi aydındır. Hakimiyyətin hədəfində olduğunu bilən adam cibində narkotika saxlayarmı? Hələ bundan əvvəl Iranın “Səhər” telekanalının müxbiri Anar Bayramlı eyni ittihamla tutdular. Anar polis idarəsinə çağırılmışdı və guya idarədə onun cibindən narkotik vasitə tapılmışdı. Kim cibində narkotik maddə ola-ola polis idarəsinə gedər?
Narkotika ilə şərləmək başqa kəsimdən olan insanlara da “tətbiq edilir”, amma son vaxtlar bunu daha çox dindarlara, Irana bağlı sayıldığı iddia edilən şəxslərə layiq görürlər. Bizim hökumətdəkilər elə bilir ki, adamı Irana bağlasan, ona hər cür ittiham irəli sürmək olar. Yəqin xəlvətə düşəndə qayğı və yanğı ilə deyərlər ki, axı Irana işləyirdi. Əvvəla, bunu məhkəmə sübut etməlidir – kiminsə Irana işləyib-işləmədiyini. Ikincisi, o əməldə cinayətin olması sübut edilməlidir. Üçüncüsü, hətta ən qatı cinayətkara da yalançı ittiham – narkotika ittihamı irəli sürmək özü cinayətdir. Hər kəs elədiyi əmələ görə cəza almalıdır. Kimsə Irana işləməklə cinayət edibsə, uydurma ittihama görə deyil, məhz bu əməlinə görə ədalət məhkəməsində mühakimə edilər bilər.
Nəhayət, narkotikin də buna gülməyi tutar. Hilal Məmmədov hara, narkotika hara. Hilal Məmmədov hara, cinayət hara?

Əli Həsənov: “Açıb deyərəm haa…”
•